Qonşusunu öldürən 19 yaşlı gənc: “Bezmişdim....”


Bakıda tanışını öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A.İsmayılov özünü təqsirli bilib.

O deyib ki, Musa Babayevlə qonşu olub: "Məni  söyürdü, təhqir edirdi. Artıq onun təhqirlərindən bezmişdim. Sonra Musa məni görüşə çağırdı. Evdən bıçaq götürüb getdim. Onu bıçaqla qorxutmaq istəyirdim. Lakin həmin zaman məni yenə təhqir edib döydü. Mən də hadisə zamanı özümdə olmadım, bıçağı necə vurduğum da yadımda deyil. Evə gəldim, bacıma dedim. Bacım da atama dedi. Məni aparıb polisə təhvil verdilər. Həmin bıçağı da polisə təqdim etdim".

Proses  martın 6-da davam edəcək.

Qeyd edək ki, qətl ötən il Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlanaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Məlumata görə, gənclər arasında dava şit zarafat üstündə olub. Belə ki, A.İsmayılov avtobusda sürücü köməkçisi işləyən zaman qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub.

A.İsmayılovun sözlərinə görə, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top