Flora Kərimova: "Vəziyyətim KİV-in yazdığı qədər də pis deyil"


Azərbaycanın xalq artisti Flora Kərimovanın övladları Azərbaycan KİV-lərində analarının səhhəti ilə bağlı yazılan məlumatları oxuyub şoka düşüblər.

Yeniavaz.com xəbər verir ki, Sputnik Azərbaycan-a açıqlamasında müğənni deyib ki, bir neçə gündür qripdən əziyyət çəkir və bu səbəbdən də özünü pis hiss etdiyini deyərək jurnalistlərə müsahibə verməkdən imtina edir. Amma onun heç ağlına da gəlməyib ki, bununla doğma və yaxınlarının narahıtlığına səbəb olacaq.

"Mən də hamı kimi qripə yoluxmuşam. Burada nə var ki? Vəziyyətim KİV-in yazdığı qədər də pis deyil. Dünəndən başlayaraq hamı mənə zəng edir. Qızım ağlaya-ağlaya zəng elədi, sonra oğlum. Mənə özümü naza qoymağa da imkan vermirlər. Mən hamıya demişəm ki, hər şey qaydasındadır. Bu zənglər sayəsində mən növbəti dəfə nə qədər çox sevildiyimi gördüm. Narahat olduqları üçün hamıya təşəkkür edirəm" - deyə Kərimova bildirib.

Xatırladaq ki, fevralın 25-də KİV-də xalq artistinin səhhətinin ağırlaşdığı barədə məlumatlar yayılıb.

Flora Kərimova 60-cı illərin əvvəllərindən Azərbaycanda estradasında parlamağa başlayıb. O, ilk dəfə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında səhnəyə çıxıb. Onun repertuarını əsasən lirik mahnılar təşkil edir. Amma o, hərdən ritmik kompozisiyalar da ifa edib. Müğənni Azərbaycanın görkəmli bəstəkarları - Elza İbrahimova, Ramiz Mirişli, Tofiq Quliyev, Oqtay Kazımov, Şəfiqə Axundova, Aygün Səmədzadə, Eldar Mansurov və digərlərinin mahnılarını oxuyub. Öz karyerası boyunca müğənni 20-dən çox albom yazdırıb və bir neçə kinofilmə çəkilib. Kərimova bu yaxınlarda çəkilən "Qaynana" filminin ikinci hissəsində baş rolu oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top