Nazirlik daha bir rayonda vətəndaşa xəstə inək verib? - FOTO + VİDEO


Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində kənd yerlərində yaşayan şəxslərə heyvanlar verilir.
Yeniavaz.com xəbər verir ki, bir müddət əvvəl Füzüli rayon Böyük Bəhmənli kəndində yaşayan Cəfərov Zaur Muxtar oğluna da bu proqram çərçivəsində 2 ədəd inək verilib. Lakin, inəklər veriləndən qısa müddət sonra onlardan biri xəstəlik səbəbindən ölüb.
Zaur Cəfərov yeniavaz.com-a verdiyi məlumatda bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona verilən inəklər xəstədir: "5200 manatlıq biznes plan təqdim etmişəm. Bu plana görə mənə 2 inək verdilər. Onlardan biri öldü. İndi deyirlər ki, ölən inəyin əvəzinə yenisini verəcəyik. Amma, verilən inəklərin əksəryyəti xəstə olur".
Kənd sakini deyir ki, Böyük Bəhmənli kənd sakinlərinə verilən inəklərin əksəriyyəti xəstədir: "Bu inəkləri bizə verməkdə məqsəd odur ki, bu heyvanların südün satıb qazanc əldə edək. Amma, inəklərin bəziləri süd vermir. Bəzi inəklərin südü isə heç onların balalarına bəs etmir".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mürciət etdik. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov şikayətçi Zaur Cəfərovun kənd sakinləri adından danışmasının doğru olmadığını bildirdi.
Fazil Talıbov daha sonra bildirdi ki, Zaur Cəfərovun şikayəti araşdırılıb: "Araşdırma zamanı məlum oldu ki, vətəndaşa verilən inək təxminən bir aydan sonra ölüb. Bunu nəzərə alaraq podratçı şirkət vətəndaşı yaylağa dəvət edib ki, gəlib malı özü seçsin. Lakin, bu vaxtadək vətəndaş bu dəvəti qəbul etməyib. Buna baxmayaraq yenə də Zaur Cəfərovla əlaqə saxlanılacaq və malın təhvil verilməsi üçün iş görüləcək".


 
 

DİGƏR XƏBƏRLƏR

Top