Xocalı faciəsinin canlı şahidi: "Ermənilər bizim meyitlərdən körpü düzəltmişdilər”


Xocalı soyqırımından 27 il ötür. Erməni vəhşiliklərindən canını güclə qurtaran ailələrdən biri də Usubovlar ailəsidir. Hazırda onlar Mingəçevir  şəhərində məskunlaşıblar. Bu ailə də, digər xocalılar kimi fevralın 26-da öz yaxınlarını və doğmalarını itiriblər. 
Qanlı faciənin canlı şahidi Zahir Usubov o günləri xatırlamağın ağır olduğunu, həmin faciəni sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir: "27 ildir bu qəribçiliyin, həsrətin içində ürək ağrısı ilə yaşayırıq. Həsrətlə geri - torpaqlarımıza qayıdacağımız günü gözləyirik. Həmin vaxtı 7 minlik Xocalı şəhərində 3 min əhali var idi, onun da 1200 nəfəri qırıldı. Ermənilər Xocalıdan Daş bulağa qədər 9 km məsafəyə bir metrdən bir meyit düzüb üstü ilə yeriyiblər.
Orada Qərbi Azərbaycandan gələn ailələr ailəliklə itib, onları itirib-axtaran yoxdur. Məshəti türklərindən ailəliklə itənlər var. Onların bir qohum-qardaşı qalmayıb deyə itirib axtaran yoxdur. “Şah İsmayıl” könüllülər tikinti təşkilatının könüllüləri arasında çoxlu itkilər oldu və onların da taleyi məlum olmadı.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil oldu. Mən deyərdim ki, bu faciə bizim xalqa qarşı qurulmuş bir ssenari idi. Ona görə ki, bizə qədər gözümüzün qabağında Malıbəyli, Quşçular, Meşəli, Cəmilli, Kərgicahan çox yerlər qırılmışdı. Hamı da yaxşı bilirdi ki, bunların arxasınca da növbə bizimdir. Yenə ümidimizi kəsmirdik. 5 ay idi yollarımız bağlanmışdı. Əsgəran qalası hörülmüşdü, yollar bağlanmışdı. Biz də vertalyotla işləyirdik. 4 bir tərəfimiz erməni idi. Yol da bizdən keçirdi, aeraportda, dəmir yolu da. Qarabağın ən böyük kəndi Xocalı idi. Ermənilər lazım olan aeraportu götürmək üçün birinci Xocalını qırmalı idi. Dağlıq Qarabağın, Azərbaycanın ən strateji mövqeyi, ən qədim xalq və ən qədim tarixi abidələri olan yurd olduğuna görə ermənilər Xocalını məhv etdilər.
Çəkiliş zamanı Cingiz Mustafayevin bələdçisi mən idim. Bizdən əvvəl Seydağa Mövsüm çəkmişdi. Ayın 28 də rəhmətlik Şirin Mirzəyevlə Dadaş Rzayev bizə vertalyot təşkil etdilər  biz də çəkdik. Mən həmin an meşəni tərk edəndə ölənləri görmüşəm. BTR və tanklarla camaatımızı kütləvi qırmışdılar. Daha sonra meyitləri yığanda onlara verilən işgəncələr hələ də gözümün önündədir. Bizim qohumlar da meyitlərin yığılmasında kömək edirdilər. İnandırım sizi, 5 adamıydıq hərəmiz 10-15 meyid sürüyürdük. Baxdım ki, hərə öz qohumunun, anasının, bacısının üstünə qaçır. Həmin vaxt mən bu dəhşətli səhnəni görüb stres keçirdim. Ermənilər meyitlərimizi tam təhqir etmişdilər. Başlarını, qulaqlarını kəsmişdilər, xaç şəkilində güllələmişdilər, oraqnlarını kəsmişdilər”.
Bizə keçmiş sovetlər birliyində idelogiya aşılıyırdılar ki, bütün xalqlar bərabərdir - sözləri ilə söhbətini davam etdirən müsahibimiz deyir ki, indi biz bunun ağrı-acısını çəkirik: “70 il sovet rejiminə xidmət etdik, axırda da komunist rejimi, sovet əsgəri gəldi, bizi qırdı. Bu yara bizim qəlbimizdədir. Biz Xocalılar bu dəhşətləri unutmayacağıq. İndi biz öz torpaqlarımızın azad olunacağı günü gözləyirik. Biz öz ordumuzu yaratdıq. Düzdür, qanımızı tam ala bilməsək də təbliğat aparırıq. O dövrün başsız başçıları bizi qırdırdı, hakimiyyət çəkişməsinin qurbanı olduq. Amma indi silahlı baş komandamız var, iqtisadiyyatımız var. Mübarizlər yetişdi, vətənimiz gücləndi. İnanırıq ki, sülh yolu ilə də alınmasa, müharibə yolu ilə biz öz torpaqlarımıza qovuşacağıq. Düşünülməmiş addım atdıq, köçkün düşdük, indi düşünülmüş addım atıb torpaqlarımızı qaytaracağıq”. 
Xocalıda ən ağır əziyyət çəkənlərindən biri də mənəm deyən Zahir Usubov bu gün aldığı cüzi pensiyası ilə dolana bilmədiyini də bildirdi: “Aldığım pensiyanı da bankda kreditim olduğuna görə bankların sələmini ödəyirəm. Amma yenə də dövranımdan, qurluşumdan, dövlətimdən narazı deyiləm. Mən fəxr edirəm  ki, Heydər Əliyev əsgəriyəm".
 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top