NAZİM MUSTAFAYEV

Yükləri yolda qarşılamaq...

Yükləri yolda qarşılamaq...

NAZİM MUSTAFAYEV

Bu yazıda Həzrət Peyğəmbərimizin (s.ə.s) ticari həyatla bağlı söylədiyi yüzlərcə hədisdən biri haqqında danışmaq istəyirəm. Həzrət Peyğəmbərimiz (s.ə.s) Mədinə şəhər dövlətinin rəhbəri olaraq cəmiyyətin bütün işləri ilə maraqlanırdı. İnsanların həyatında mühüm yeri olan iqtisadi və ticari həyatın gedişatı ilə bağlı Allah Rəsulunun (s.ə.s) buyurduğu kəlamlar var. Bir çox rəvayətlərdən anlamaq olar ki, Mədinə bazarı və orada cərəyan edən hadisələr Allah Rəsulunun (s.ə.s) nəzərindən uzaqda deyildi.

Günümüzdə olduğu kimi o dövrdə də kənddən şəhərə ya da kənar yaşayış yerlərindən Mədinə bazarına mallar gətirilirdi. O dövrdə həm ərzaq tipli mallar, həm də insanların ehtiyac duyduğu digər ticarət əşyaları əsl alıcıya, ehtiyac sahibi insanlara ərz edilmədən, yolda qarşılanaraq dəllallar tərəfindən alınma halları var idi. Bu da bazarda malın normal qiymətinin formalaşmasına imkan vermir və süni bahalaşmaya gətirib çıxarırdı.

Həm malı gətirən satıcı, həm də əsl alıcılar bundan zərər görür, alıcı kütlə olan insanlar gündəlik tələbat mallarını daha baha qiymətə almalı olurdular. Ortada qazananlar isə alıcı ya da kəndli deyil, kəndlinin bazara girişini əngəlləyən və inhisarçılıq yaradan bir qrup insan olurdu. Bu səbəblə Həzrət Peyğəmbərimizin (s.ə.s) bir hədisində əkib-becərdiyi malı, istehsal etdiyi məhsulu heyvanına yükləyərək şəhərə, bazara gətirən kəndçini yolda qarşılamaq qadağan edimişdir. Alıcıların və mal sahibi kəndlinin zərərinə işləyən və yasaqlanmış olan bu əmələ hədis terminologiyasında “tələqqeir-rukban” adlanır.

Bu ifadənin ərəb dilindən tərcümədə lüğət mənası “yüklərin qarşılanması” deməkdir. Bu ifadə İslam ticarət hüququnda termin olaraq isə bazara mal satmağa gələn kəndçini şəhərə ya da bazara daxil olmadan yolda qarşılamaq, qiymətləri öyrənməyə imkan vermədən kəndçinin mallarını dəyər dəyməzə almaqdır. Sərbəst rəqabətin qarşısını alan və qiymətlərin normaldan çox yuxarı artmasına yol açan səbəblərdən biri də məhz bazara bu cür müdaxilələrin edilməsidir.
Hədisdə belə buyurulub: (Ticarət malı gətirən) karvan bazara gəlib çatanadək, onu (şəhər kənarında) qarşılamayın” (Buxari, Buyu, 71). Bu hədis bizə bir çox mətləblərdən xəbər verir...

Həzrət peyğəmbərimizin (s.ə.s) yüklərin bazara çatmadan yolda qarşılanmasını qadağan etməsinin iki səbəbi var idi. 1. Şəhərə mal gətirən karvanın yolda qarşılanaraq bütün malın satın alınması bazarda malın tək əldə yığılmasına, süni qıtlığa və süni bahalaşmağa səbəb olur. 2. Bazardakı qiymətlərdən xəbəri olmayan mal sahibləri, ya da karvan əhli gətirdikləri məhsulu normadan çox aşağı qiymətə satmaları və zərərlə üzləşirlər. Bunlardan birincisində şəhər əhli zərər görür, ikinci vəziyyətdə isə mal gətirənlər qiymətləri bilmədikləri üçün aldatılmış olurlar. Bütün bu səbəblərə görə bu əməl Allah Rəsulu (s.ə.s) tərəfindən yasaq edilmişdir. Ancaq sadalanan bu kimi mənfi hallar yoxdursa, həm kəndli, həm alıcı kütlə bundan zərər görmürsə kəndli öz malını əsas müştəriyə deyil, topdan satış mərkəzlərinə gətirib sata bilər.

Bir sözlə malları bazara gəlmədən qarşılamağın bazar qiymətlətinə və xalqa zərərinin olub olmadığına baxmaq lazımdır. Əgər karvanı yolda qarşılamaq bazarda bahalaşmaya və xalqın zərərinə işləyirsə bu əməl məhz hədisdə qadağan edilmiş əməldir. Əgər bu işi edənlər kəndlini aldatmaq, bazarda inhisarçılıq yaratmaq kimi niyyət və əməlləri yoxdursa hədisin qadağan daiəsinə daxil deyillər.

Uca dinimiz İslam bu cür məsələlərdə insanların xeyrini ön plana çıxarır. Bir şəxsin haqq və hüquqlarını qoruduğu kimi ümum xalqın, cəmiyyətin hüquqlarını da qoruyur. Malını bazara çıxaran şəxs özü satdığı təqdirdə arada başqa vasitəçilər olmadığı üçün şəhər əhalisi bu malı daha ucuza alacaq. Bu vəziyyət ümum insanların mənfəətinə uyğun olduğu kimi mal sahibi kəndlinin də aldatılmadan və sərbəst satış etməsinə zəmin yaradır. Bu halda aradakı vasitəçilərə haqsızlıq edilmiş sayılmır. Sadəcə inhisarçılığın önü kəsilmiş olur.

Günümüzdə müxtəlif məhsulların yığılan kimi dərhal kəndlidən satın alınaraq depolarda saxlanması, daha sonra da qiymət artışları ilə məhsuldan alınan ən böyük karın kəndliyə deyil, az sayıda şəxs ya da qurumlara qalması hədisdə keçən “tələqqeir-rukban” bazara gəlmədən yüklərin qarşılanması hadisəsini yada salır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top