NAZİM MUSTAFAYEV

Bəlqisin imana gəlməsi -2-

Bəlqisin imana gəlməsi -2-

NAZİM MUSTAFAYEV

Peyğəmbərləri Cənab Allahın vəzifəli məmurları hesab etmək olar. Belə uca məqamdakı peyğəmbərlərin bu vəzifə qarşılığında insanlardan nə isə ummaları əlbəttə mümkün deyildi. Həmçinin onların vəzifəsi insanlarla savaşaraq qənimət əldə etmək ya da savaş təhdidi ilə hədiyyə almaq ola bilməzdi... Bu minvalla Bəlqisin elçiləri apardıqları hədiyyələrlə birlikdə geri gəlmişdilər. Bu hadisədən sonra Bəlqis tam yəqinliklə Həzrət Süleymanın sadəcə bir hökmdar deyil, həm də bir peyğəmbər olduğunu anlamışdı.

Elçilərdən sonra növbə Bəlqisdə idi. O çox dəyərli taxtını arxada qoyacaq və Həzrət Süleymanın hüzuruna gələcəkdi. Bir peyğəmbər məktubu onu müsəlman etmişdi. Bəlqisin iman etməyə qərar verməsi elə də asan məsələ deyildi. İndiyə qədər görüb-eşitdiyi, mənimsədiyi kültür və mədəniyyətin yanlışlarını bir anda kənara atmaq, hələ xüsulisə taxt-tacı, krallığı arxada buraxaraq bir peyğəmbərə iman etmək ilk başda nəfsə çox ağır gələ bilərdi.

Həzrət Süleyman əmri altındakılara belə deyir: “Bəlqis yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?” (Nəml, 27/38). Həzrət Süleyman hələ Bəlqis gəlmədən sahib olduğu müstəsna güc və qüvvətini ona göstərmək istəyirdi. Əsas niyyət də onun qəlbindəki şəkk-şübhəyə yer qalmadan Allaha və peyğəmbərinə iman etməsi idi.

Həzrət Süleymanın yanındakı Allahın kitabından bir qədər elmi olan şəxs: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Nəml, 27/40) deyir. Həzrət Süleyman da elə o anda taxtı yanında hazır durmuş şəkildə görür (Nəml, 27/40).

Quranı sadəcə din kitabı hesab etsək bu hadisəni anlamaqda çətinlik çəkərik. Bu hadisəni ayədəki bir sıra ifadələrdən yola çıxaraq möcüzə və kəramətlə əlaqələndirmək olmaz. Bir peyğəmbər və ya bir bəndə: “mən möcüzə göstərəcəm”, “mən kəramət göstərəcəm” deyərək bir iddia sahibi olmur. Bir sözlə möcüzə və kəramətdə bir iddia deyil, Allahın ikramı mövcuddur. Ancaq taxtın gətirilmə hadisəsində isə bir iddianın olduğunu görürük.

Bu ayələr gələcəkdə əşyanın saniyələr içərisində bir yerdən başqa bir yerə nəql edilməsi barədə bir ipucu verir, insanları bu mövzuda araşdırma etməyə sövq edir. Həmçinin bu taxtın günümüz elmi üçün müəmmalı və qeyri-adi görünən bir şəkildə gətirilməsi Bəlqisin hökmdarlığının əlindən alınmış olduğuna da bir işarə idi.

Həzrət Süleyman bu hadisənin ardınca da: “Bəlqəsin taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!” (Nəml, 27/41) deyir. Bəlqis nəhayət gəlib Həzrət Süleymanın hüzuruna çatır. Nə qəribədir ki arxada buraxdığı o dəyərli taxtına çox bənzəyən bir taxtla burada qarşılaşır. Hətta ona verilən: "Sənin taxtın da belə idi?" (Nəml, 27/42) sualı onu daha da təəccübləndirir.

Sanki sınağa çəkilmə növbəsi indi Bəlqisdə idi. O hədiyyələr göndərərək Həzrət Süleymanı sınağa çəkmiş, indi də Bəlqisin ağıl və zəkası bu şəkildə sınağa çəkilirdi. O bu sual qarşısında ən doğru kəlimələri seçərək bir cavab verəcəkdi.
Bəlqis: “Bəli bu mənim taxtımdır” deyə bilməzdi. Çünki bu zaman gəldiyi o qədər yol necə olacaqdı? Onun məmləkəti Yəmən ilə Həzrət Süleymanın diyarı Qüds arasında ən az iki aylıq məsafə var idi. Həmçinin Həzrət Süleyman onun belə bir taxta sahib olduğunu hardan bilirdi? Bilsə belə bu qədər uzun məsafədən onu bura necə gətirmişdi?

İkinci ehtimalda o: “Bu mənim taxtım deyil” deyə bilərdi. Ancaq bu da mümkün deyildi. Axı bu taxt hardasa özününkü ilə eyni şəkil və ölçüyə sahib idi. Sanki bu öz taxtının qismən dəyişdirilmiş halı idi. Bəlqis bu suallar qarşısında bir ehtimal payı buraxaraq “Sanki odur!” (Nəml, 27/42) cavabını verir.

Həzrət Süleyman bu qadın hökmdara başqa bir süpriz də hazırlamışdı. Ona: “Saraya daxil ol!” (Nəml, 27/44) deyilir. Həzrət Süleymanın bu sarayı büllurdan tikilmiş və altına su buraxıldığı üçün Bəlqis sarayı gördükdə onu dərin bir gölməçə hesab etmişdi. Paltarı islanmasın deyə də ətəyini qaldırmışdı. Ancaq bu dəfə də o Həzrət Süleymanın səltənətinin gücünə bir daha şahid olmuşdu. Bəlqis bu hadisədən sonra qəlbən təsdiq etdiyi həqiqəti dil ilə də iqrar etmiş və: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml, 27/44) demişdi.

Nəticə olaraq deyək ki, bu ayələrin nazil olduğu ilk dövrlərdə Qureyş qəbiləsinin əyan-əşrafına peyğəmbərin imana dəvət çağırışı ağır gəlir, bu dəvəti nəfslərinə yedirə bilmirdilər. Eyni bu hadisə günümüz üçün də keçərlidir. Bu məqamda Cənab Allah (c.c) tarixdə yaşayan bir qadın hökmdarı misal vermiş, onun həm fikri və zehni, həm də fiziki mənada iman yolculuğu bir nümunə kimi bizə təqdim edilmişdir.

Burada bizim də sorğulamamız gərəkən bəzi məqamlar var… Bəs biz Bəlqis qədər olmasa da iman nemətini əldə etmək üçün nələri qurban vermiş və nələrdən keçmişik? Müsəlmanlığımızı hansı çətin badirələri aşaraq əldə etmişik? Bəlqis yollara düşərək Həzrət Süleymanın hüzuruna gəlmədən əvvəl zehnində, fikir aləmində kim bilir hansı uzun yolları aşmış, hansı badirələrdən keçmişdi. Bəs biz iman və islam limanına yanaşmadan əvvəl hansı dalğalara sinə gərmiş, hansı şübhə rüzgarlarından sağ salamat çıxa bilmişik? Yoxsa biz bu iman və İslam nemətini heç bir sorğusuz, sualsız sadəcə olaraq dünyaya gələrkən evimizdə hazır tapmışıq və onu əldə etmək üçün heç bir əziyyət çəkməmişik!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top