NAZİM MUSTAFAYEV

Qaçış...

Qaçış...

NAZİM MUSTAFAYEV

Axşamçağı tozlu yolları aşaraq Haramı düzünə gəlib çatmışdıq. Ətrafdakı dağları, təpələri yolları əlimizin içi kimi tanımağa hələ çox var idi. Bəlkə də əsgərlik müddəti buna imkan verməyəcəkdi. Ancaq o vaxta qədər ki təlimlər artıq burada xidmət keçməyə imkan verirdi. Sabahısı gündən ya da ən geci bir həftə sonra burada düşməni müşahidə məntəqələrində, postlarda xidmət keçməyə başlayacaqdıq.

Təzə gəlmiş gənc əsgərlərin ruh halına yaxşı bələd olan təcrübəli komandir o günü bəzi məsləhətlər vermişdi... Bəlkə kiməsə təəccüblü görünsə də bu məsləhətlər içərisində qaçış yolunu göstərmək də var idi. Kimsə buradan qaçmağı fikirləşsə komandir hansı yolla, hansı dərə və təpədən gedərək qaça biləcəyini göstərmişdi. Komandirin bəhs etdiyi bu yoldan heç kim istifadə etməsə də o gün və o məqamda deyilməsi gərəkən sözlər idi: "Əgər belə etsəniz sizi daha tez taparıq. Əks halda minaya düşə, düşmən əlinə keçə, əsir götürülə bilərsiniz. Bu zaman sizi geri gətirmək çətinləşəcək". Bu sözlər uşaq aldatmaq üçün deyilmirdi. Elə həqiqətin özü idi.

Bu yazıda əslində başqa bir qaçış yolundan bəhs etmək istəyirəm. İnsan fitrət etibarilə verilən məsuliyyətdən, mükəlləfiyyətlərdən yayınmağa, boyun qaçırmağa uyğun yaradılıb. Sadəcə olaraq insandakı vicdan və iradə kimi faktorlar, iman duyğusu bu yayınmaları, boyun qaçırmaları əngəlləyir. Zənnimcə insanlar arasında ən yayğın olan boyun qaçırma Cənab Allaha (c.c) qarşı olanıdır. Cənab Allah (c.c) belə bir yayınma, belə bir boyun qaçırma arzusundakı insanlara Quran ayəsində bir qaçış yolu təklif edir.

Bu zaman sual ortaya çıxır ki, görəsən həqiqətən insan məsuliyyətdən, haqq-hesabdan, etdikləri əməllərin sorğu-sualından qaça bilərmi? Bu qaçış yolu nədir? İnsana ölümsüzlük şərbəti içirəcək bu yol nədən ibarətdir? Yoxsa bu “qaçış yolu” sadəcə olaraq bunun mümkünsüzlüyünü izah etmək üçün verilən bir misaldır?

Ayədə belə buyurulur: “…Sizinlə (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik). ...Ey cin və insan tayfası! Ölümdən və Allahın əzabından qurtulmaq üçün göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq Allahın sizə bəxş etdiyi elmin gücü ilə bunu edə bilərsiniz!” (Rəhman, 55/31, 33). Ayələrdə əslində bir “qaçış yolu” göstərilsə də bunun insana kömək etməyəcəyi vurğulanır. Çünki kainatda hər bir yer Cənab Allahın (c.c) mülkü və hökmranlığı altındadır.

Burada əsas mövzu olaraq Uca Yaradanın (c.c) hökm və səltənətindən kənara çıxmanın mümkünsüzlüyü anladılır. Ayələrin ümumi ardıcıllığı bizə bunu deməyə əsas verir. Ancaq eyni ayələr başqa məqamlara da təmas edir. İnsanların fəzanın dərinliklərinə nüfuz edə biləcəyi anladılır. Ayədəki: Siz ancaq Allahın sizə bəxş etdiyi elmin gücü ilə göylərin və yerin ətrafından kənara çıxa bilərsiniz!” (Rəhman, 55/33) buyuruğu bu mənanı ifadə edir.

Düzdür bu ayələrdə bir qapı bağlanaraq Allaha (c.c) veriləcək haqq-hesabdan qaçış yolunun olmadığı deyilsə də, başqa bir qapının varlığından, kosmosun fəthinin mümkünlüyündən bəhs edilir.
Bu ayədə fəzanın dərinliklərinə nüfuz edə bilmənin mümkünlüyünü göstərilir. Fəzaya çıxmanı, oraya getməyi imkan daxilində görən Quran bunun üçün bəzi şərtlərin varlığını da qeyd edir. Göylərə yüksəlmək üçün səbəblərə yapışmağın vacibliyi vurğulanır. Bu səbəblər isə elmin gücü və elmi nailiyyətlərdir. Ayədəki “illə bi sultan” (ancaq bir güc ilə) sözü bu mənaya gəlir.

Kainatı daha yaxşı tanımaq istəyi, yerin dərinliklərinə və fəzanın ən uzaq nöqtələrinə nüfuz edə bilmək arzusu yadırğanılacaq bir məsələ deyil. Bunlar həm də Quran ayələrinin insanlara tövsiyyəsidir. Bu ayədən sonra “Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” (Rəhman, 55/34) ayəsinin gəlməsi həm yerin dərinliklərində, həm də fəzada, insanlar üçün böyük nemətlərin olduğuna bir işarədir.

Hədisin ifadəsi ilə desək sanki o gün gəlib çatıb... Quran bir vadidə, biz isə başqa bir vadidə qalmışıq. Quran nədən bəhs edir, biz isə gündəlik həyatda nələrdən bəhs edirik? Fəzanın fəthi hara, gündəlik bizim danışdığımız problemlər hara?..
Nəticə olaraq deyək ki, İslam inancına görə bəşər övladı elmin gücü ilə, yerin dərinliklərinə, ya da fəzanın ən uzaq nöqtələrinə nüfuz edə bilər. Ancaq unudulmaması gərəkən bir məqam var ki, insanların ayaq basacağı hər bir yer yenə də Cənab Allahın (c.c) mülkü olacaq. Onun mülkündən və onun sorğu-sualından qaçış isə mümkün deyil.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top