ANAR QARAXANÇALLI

Məmurlar niyə təqaüdə çıxmaq istəmirlər?

Məmurlar niyə təqaüdə çıxmaq istəmirlər?

ANAR QARAXANÇALLI

Alışdığımız xəbərlər: “filan məmur vəzifə başında həyatını itirdi”, “məmur kresloda keçindi”. 72 yaş, 79 yaş, hətta 80-dən yuxarı olanlar belə var. Normal ölkələrdə 10 ildə bir baş verəcək hadisə. Bizdə isə bir neçə ayda bir. Niyə məmurlar təqaüdə çıxmaq istəmirlər? Ya da niyə çıxa bilmirlər? Niyə həyatlarının son dövrlərini ailələri ilə, nəvə-nəticələri ilə deyil, kreslodan yapışmış vəziyyətdə keçirirlər?
Keçən gün sosial şəbəkələrdə dövlət televiziyasından bir görüntü gözümə ilişdi. Təxminən 500 nəfərlik salonda əyləşənlərin yaş ortalaması 55-60 olardı. Ön sıralardakıların yaşı 70-80 arası olardı.
 Həyat insana bir dəfə verilir. İnancından, rəngindən, irqindən asılı olmayaraq, hər kəs bu dünyadan köçüb gedir. Ən azından, indiyə kimi belə olub. Bu dünyadan gedənlər də yanlarında mal-mülk, pul apara bilmirlər. Yəni, hamı, həyatlarını yalanla, ciblərini rüşvətlə dolduranlar, təmiz yaşayanlar, yığdıqlarını qoyub gedirlər. O zaman bizimkilər niyə təqaüdə çıxmırlar? Ümumiyyətlə, təqaüd yaşı kimlərə tətbiq olunur?
Hər iqtidar hakimiyyətini qorumaq üçün keyfiyyətli, bacarıqlı insanlara möhtacdı. Hökumətlər yolun başında bu qaydanı tətbiq edirlər. Zamanla dəyişikliklər azalmağa başlayır. Yavaş-yavaş bu qayda pozulur. Müvəqqəti qoltuqlar daimi mülkiyyətə çevrilir. Oturan qalxmaq istəmir. Vətəndaşa xidmət üçün gəldiyini unudub vətəndaşı əzməyə başlayır. Kölə kimi görür başqalarını. İdarə etdiyi qurumu da şəxsi obyekti kimi gördüyü üçün yaxın, tanış, dostu doldurur yanına. Eyni zamanda ona ağıllı məsləhət verə biləcəklərin yerinə əmrlərinə şərtsiz itaət edənləri gətirir. Keyfiyyətli insanların yerini keyfiyyətsiz, qabiliyyətsiz, sadəcə baş üstə deyən yaltaqlar alır. Artıq hökm edənlər əşyanın təbiəti ilə üzləşmək məcburiyyətində qalırlar. Bu qarşılaşmada əgər ağıl qalib gəlsə, güc sahibləri dəyişikliyə razılaşırlar. Amma tarixboyu belə anlarda iqtidarlar daha çox zorbalığa müraciət edərək dəyişikliyə qarşı dirənirlər. Nəticədə, dəyişiklik olur, amma ağır fəsadlar törədir.
Məmurlar müəyyən qanunlar çərçivəsində vətəndaşlara xidmət etməlidirlər. Amma qurumlar mülkiyyətə çevriləndə məmurların öhdəlikləri də dəyişir. Onlar mövcud qanunvericilik, nizamnamə və s. kimi yazılı mətnləri deyil, müəyyən maraqları təmsil etməyə başlayırlar. Məmurun adı, şəxsiyyəti, əlaqələri qurumun ağırlığını müəyyən edir. Ən önəmsiz qurum arxalı məmurla önəm qazanır. Nəticədə, məmurluq cəbhədə mövqeyə çevrilir. Cəbhəni tərk etmək ancaq ya icazə ilə, ya da “güllə” yarası ilə olur.
Nə etməli? Ən birincisi, anlayış dəyişməlidir. Baxış dəyişməlidir. Anlamalıyıq ki, qurumlar ələ keçirib, güc, imkan, var-dövlət yığmaq üçün bir obyekt deyil. Qurumlar, məmurluq xalqa xidmət üçün olmalıdır. İmkanların ədalətli paylaşıldığı, vətəndaşların mənfəətini ön planda tutduğu bir məkan. Belə olmayacağı təqdirdə, problemlər artaraq davam edəcək. Hamımız bunun zərərləri ilə üzləşməyə davam edəcəyik.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top