ÜRFAN MƏMMƏDLİ

"Qarabağ"ın hesabına Azərbaycan futbolu

"Qarabağ"ın hesabına Azərbaycan futbolu

ÜRFAN MƏMMƏDLİ

"Qarabağ" Çempionlar Liqasında çıxışına başa vurdu. BATE - "Qarabağ" oyununun son dəqiqəsinə qədər, komandamız hətta azlıqda qalsa da, qələbəyə inanırdıq. Hakimin final fiti bütün ümidlərimizi dəfn etdi. 1:1 hesabı, əslində, qonaqları qane edən nəticədir. Amma Bakıdakı gözləmədiyimiz məğlubiyyət rəqibin qarşısında yaşıl işıq yandırdı.

BATE keçiləsi rəqib idi. Əgər onun qarşısına ötənilki, ondan əvvəlki illərin "Qarabağ"ı çıxsaydı, çox güman ki, indi başqa əhval-ruhiyyədə olardıq. Amma rəqabətsiz keçən bir çempionatın sonunda Çempionlar Liqasına qazanılmış vəsiqə ilə təsnifat mərhələsinin son oyunana qədər irəliləmək özü belə qəhramanlıqdır.

Etiraf edim ki, oyun qurtaran ana qədər komandamızın mərhələni adlamasını çox arzulayırdım. Oyundan sonra nəticə üçün çox məyus olmuşdum. Hazırda əhval-ruhiyyəm dəyişib. İndi "Qarabağ"ın uduzmasına sevinirəm" deyib, yazıya nöqtə qoysam, yəqin ki, futbol azarkeşləri məni vətən xaini adlandırarlar. Amma yazını davam etdirirəm və elə buna görə də "sevinirəm" deməsəm də, "məyus deyiləm" deyirəm. Səbəbini aşağıda izah etməyə çalışacam.

Ötənilki səviyyəsi ilə "Qarabağ" Çempionlar Liqasının qrupunda az qala "qapazaltı" olmuşdu. Nə yaxşı ki, tarixdə "Qarabağ"ın Çempionlar Liqasından sıxışdırıb Avroliqaya "dürtdüyü" və sonradan oranın qalibi olan "Atletiko" ilə oyunların nəticələri qalıb. Elə bu nəticələrə görə bu gün də biz "Qarabağ"a minnətdar olmalıyaq. Bu gedişlə (futbola münasibət dəyişməsə), yaxın 10 ildə çətin ki, hansısa komanda "Qarabağ"ın keçən ilki uğurunu təkrar etsin.

Bu il səviyyə o qədər enib ki, bu səviyyə ilə Çempionlar Liqasının qrup mərhələsində oynamaq bizə yalnız üzüqaralıq gətirə bilərdi. "Qarabağ"ın bugünkü heyəti Azərbaycan çempionatında hegemonluq etmək üçün kifayət qədər güclüdür. İndi əksəriyyət "Qarabağ"ın uğursuzluğunu Rəşad Sadıqovun səhvi ilə bağlayır. Amma unutnmamaq lazımdır ki, Rəşad (və ya bir başqası) belə səhvi Azərbaycan çempionatında edəndə faciə baş vermir. Çünki Azərbaycan çempionatı o səviyyədə deyil ki, müdafiəçinin meydançanın mərkəzində etdiyi səhvi rəqib qola çevirə bilsin. Belə səhvlər Azərbaycan çempionatında adi haldır.

Bu il Birinci Divizion da ləğv olundu. (Adının qalmağı sizi aldatmasın, artıq Birinci Divizion yoxdur, Premyer Liqa komandalarının əvəzedici heyətləri var və futbolumuzun küçədə qalan bir neçə "ögey balası"nı da onlara yamaq eləyib, çempionat yox, turnir keçirirlər). Ölkədə keçirilən yeganə peşəkar çempionatda komandalar öz heyətlərini xarici ölkələrdən gətirilmiş səviyyəli legionerlərlə deyil, digər komandaları zəiflətməklə gücləndirirlər. Məsələn, "Neftçi" Dabonu almaqla bir güllə ilə iki dovşan vurub. Həm özü güclənib, həm də çempionluq uğrunda rəqibi olan "Qəbələ"ni hücumçusuz qoyub. Azərbaycan çempionatında bir dəstə futbolçu var ki, onlar komanda-komanda gəzirlər. Bəzən adama elə gəlir ki, məsələn, bugünkü "İnter" dünənki "Neftçi"dir, bugünkü "Sabah" dünənki "Xəzər"dir və s. Premyer Liqada buna oxşar hallar az deyil. Bu üsulla futbolu inkişaf etdirmək mümkün deyil. Biz sadəcə futbolu imitasiya etməyə başlamışıq.

Bəs niyə "Qarabağ"ın BATE səddində ilişməsinə məyus deyiləm? Gələk bunun izahına. Ötən ilə qədər ölkədə iki müstəqil klub var idi: "Qarabağ" və "Qəbələ". Bu mövsüm "Qəbələ" müstəqilliyini itirməsə də, maddi sıxıntılar məngənəsində qaldığından "Qarabağ"la rəqabət aparmaq iqtidarında olmayacaq. (Dövlətin maddi himayəsində olan "Neftçi" də gücünü daxili çempionata hesabladığından rəqabəti artırmaq qabiliyyətində deyil. Daxili çempionatda yəqin ki, "Neftçi" iddialı olacaq, amma onun üçün ikinci yer də uğur sayılacaq). Qalır tək "Qarabağ". Bəs bu "Qarabağ" öz gücünü necə mühafizə etməlidir, formasını necə saxlamalıdır? Yuxarıda qeyd etdim ki, Çempionlar Liqasının qrupu "Qarabağ" üçün "qapazaltı" olmaq deməkdir. Orada formanı necə saxlamaq bir yana dursun, məğlubiyyətin vərdiş halına çevirilməsi mümkündür. Ona görə də "Qarabağ"ın Çempionlar Liqasında çıxışını dayandırmasına məyus deyiləm. Amma qarşıda Avroliqa yolu var. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə düşsə, orada ozü səviyyəsində və özündən səviyyəli komandalarla ən azı daha 6 oyun keçirmək imkanı qazanacaq. Bu, komandanın səviyyəsini mühafizə etmək üçün kifayət etməsə də, hər halda Azərbaycan çempionatında bir mövsümdə keçirilən oyunların 50 faizinə bərabər olacaq (6 oyun təsnifat mərhələsi + 2 oyun pley-of + 6 oyun qrup = 14). Avropa liqası "Qarabağ"ı formada saxlamaq üçün ən faydalı vasitədir. Ümid edirəm ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcək. Qazansa, "Qarabağ"ın hesabına hələ "Azərbaycan futbolu var" deyə biləcəyik.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top