ANAR QARAXANÇALLI

Rəsulzadə: xalq qəhrəmanı yoxsa xalq düşməni

Rəsulzadə: xalq qəhrəmanı yoxsa xalq düşməni

ANAR QARAXANÇALLI

Tarix bir xalqın pasportudur, varlığının sübutudur, eyni zamanda, gələcəyidir. Tarixi şəxsiyyətlər də bir mənada, oradakı möhürlərdir. Tarixi inkar etmək, və ya tarixi şəxsiyyətləri günlük siyasi hesablara qurban vermək doğru deyil. Belə strategiya o tarixi şəxsiyyətləri kölgələməz. Əksinə, onları ittiham edənləri alçaldar.

Hər xalqın öz tarixini qəhrəmanlıq dastanları ilə ifadə etməsi alışılmış bir tendensiyadır. Təbii ki, bu doğru deyil. Çünki bütün ölkələr öz tarixlərini zəfərlərlə dolu təqdim etməsi haqlı bir sualı ortaya çıxarır; o zaman məğlub tərəfdə kim var?!

Azərbaycanın tarixi çox qədimdir. Tarixi qəhrəmanlarımız var, tarixdə iz qoyan şəxsiyyətlərimiz var. Bu insanlar artıq tarix olublar. Hazırda onları tənqid, hətta təhqir etməyin heç bir mənası yoxdur. Onları tədqiq etmək lazımdır. Əgər səhv işləri varsa, dərs çıxarıb təkrarlamamaq lazımdır. Qəhrəmanlar insandan-insana dəyişə bilər. Mənə görə, yaxşı biri, başqa birinə görə pis ola bilər. Amma bu heç kimə tarixi şəxsiyyətləri saxtalaşdırmaq hüququ verməz.

Cümhuriyyətin qurulmasının 100-cü ilini qeyd edirik. Araşdırmalar aparılır, müəyyən tədbirlər keçirilir. Amma təəssüflər olsun ki, Cümhuriyyətin liderlərinə qarşı lazımi ehtiram göstərilmir. Elə təqdimatlar verilir ki, sanki Xalq Cümhuriyyəti 1918-ci ildə öz-özünə qurulub. Heç kimin rolu olmayıb. Bu bizim üçün çox böyük ayıbdır. Həm deyirik ki, Şərqdə ilk Cümhuriyyət, həm də qurucusunun adını çəkməmək üçün hər yola gedirik. Mən hələ 3 il əvvəl Gəncədə Rəsulzadənin heykəlinin başına torba keçirilməsini demirəm.

Cümhuriyyətin ən böyük miraslarından biri Bakı Dövlət Universitetidir. Məmməd Əmin Rəsulzadə adına olan universitet indi adsızdır. Universitetin qarşısındakı büst də mərhələ-mərhələ götürüldü. Əvvəlcə həyətdən foyeyə, oradan da naməlum istiqamətə.

İqtidar müxalifətin Rəsulzadəni öz rəhbərləri kimi təqdim etmələrindən narahatdır. Soyuqluğun bəlkə də ən əsas səbəbi budur. Əslində, bunun da çarəsi var. Azərbaycanın tarixində önəmli simaları, ortaq, milli dəyərləri siyasətə alət etməmək lazımdır. Belə qanun qəbul edilə bilər. Belə qanun olsa, nə iqtidar, nə də müxalifət tarixi şəxsiyyətləri günlük siyasi maraqların qurbanına çevirməzlər.

Tarixçi deyiləm, amma bildiyim, oxuduğum qədərilə M. Ə. Rəsulzadənin bu xalq üçün yaxşılıqdan başqa bir amalı olmayıb. Əgər bilmədiyimiz başqa bir xəyanətləri, cinayətləri varsa, desinlər, biz də bilək, biz də daşlayaq.

Amma hazırki vəziyyət həqiqətən gülüncdür. Təsəvvür edin, İstanbulun fəthi ilə əlaqəli bir kitab oxuyursunuz, və ya bir kinoya baxırsınız. Kitabda ya da kinoda İstanbulun fəthinin nə qədər önəmli bir hadisə olduğu bildirilir. Tarixin gedişatını dəyişdirdiyi vurğulanır. Ölkə tarixinin ən parlaq səhifəsi kimi təqdim olunur. Amma sən demə, İstanbul öz-özünə fəth edilibmiş. Fateh deyə bilinən Sultan Mehmet çox pis adam olubmuş. Əslində Fateh deyilmiş.

Bəzi ağıllılar deyirlər ki, Rəsulzadə niyə ölkəni o zaman tərk edib? Rəsulzadə qəbirdən çıxıb bizə desə, "Ey özlərini Azərbaycan vətəndaşı sayan ...lar, ...lər! Siz torpaqların 20 faizi işğal altında ikən necə belə rahat yaşayırsınız? Medianız çal-çağırla dolu. Bir də, mənə söz atırsınız.." Nə cavab verərik?!

İkiüzlülük etməmək lazımdır. Ya deyək ki, Xalq Cümhuriyyətini qəbul etmirik. Ya da M. Ə. Rəsulzadəni qəbul edək. Əmin olun, Rəsulzadəni qəbul etmək, ona lazımi ehtiramı göstərmək bizə hörmət gətirəcək, ona deyil. Yoxsa gələcək nəsillər bizi xeyirlə yad etməyəcək. (yazının ilkin variantı may, 2015-də yazılıb)

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top