ÜRFAN MƏMMƏDLİ

Rusiyanın sözü və özü -2-

Rusiyanın sözü və özü -2-

ÜRFAN MƏMMƏDLİ
SSRİ dağılandan sonra nüvə dövlətlərinin sayı 3 vahid artdı. SSRİ-dən miras qalmış nüvə silahları Rusiya, Ukrayna, Belarus və Qazaxıstan ərazilərinə yerləşdiyindən bunların hər biri bir anda nüvə dövlətinə çevrildi. Lakin bu qorxunc silahların istifadəsi üçün lazım olan kod yalnız Moskvanın əlində idi. Buna görə də dünyanın hegemon dövlətləri, daha doğrusu, ABŞ və Böyük Britaniya Rusiya ilə birlikdə yeni nüvə dövlətlərinin əlində olan nüvə silahlarını zərərsizləşdirməyin yollarını axtarmağa başladılar.
Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra Ukrayna dünyanın ən böyük 3-cü nüvə dölətinə çevrilmişdi. Ona görə də hegemon dövlətlər Ukraynaya daha böyük diqqət ayırırdılar. Bu dövlətlər Ukraynanı nüvə silahından imtina müqabilində çox şey qazanacağına inandırmaq üçün dəridən-qabıqdan çıxırdılar. Özü də imtina olunacaq silahların Rusiyanın arsenalına keçməsi nəzərdə tutulurdu. Buna görə Rusiya daha çox canfəşanlıq edirdi.
Və nəhayət, 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayana liderləri Memorandum imzaladlar. Ukraynadakı nüvə silahları Rusiyaya təhvil verildi. Ukraynanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulması ilə əlaqədar Təhlükəsizlik Zəmanətləri haqqında Memorandum (Budapeşt Memorandumu) adlanan bu beynəlxalq sənəd iştirakçı dövlətlərin, o cümlədən Rusiyanın Ukraynaya verdiyi təhlükəsizlik zəmanəti idi.
Həmin Memoranduma görə Rusiya Federasiyası:

1. Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyini bir daha təsdiqləyir.
2. Ukraynanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək hədəsindən və ya istifadəsindən çəkinmək öhdəliyini bir daha təsdiqləyir.
3. Öz maraqlarına tabe olmağa yönəlmiş iqtisadi məcburiyyətdən çəkinmək öhdəliyini bir daha təsdiqləyir.
4. BMT Təhlükəsizlik Şurasının Ukraynaya nüvə silahı olmayan dövlət kimi yardım göstərmək üçün təcili tədbirlər görməyə sadiq olduğunu bir daha təsdiqləyir.
5. Nüvə silahı olmayan dövlətə qarşı nüvə silahından istifadə etməmək öhdəliyini təsdiqləyir.


Memorandumun bu bəndləri Rusiyanın Ukraynaya (və beynəlxalq aləmə) verdiyi sözüdür. Özü də ümumi deyilmiş sözlər deyil, məhz Ukraynaya verilmiş təhlükəsizlik zəmanətidir.
Budapeşt Memorandumunu Rusiyanın o vaxtkı Prezidenti Boris Yeltsin imzalayıb. Memorandum bu gün də qüvvədədir. Amma...  Rusiya Prezidenti Vladimir Putinin əmri ilə:

 - 18 mart 2014-cü ildə Ukrayna torpağı olan Kırım Rusiya tərəfindən ilhaq edilib.
 - 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.
Bunlar da Rusiyanın əməlləridir. Bu iki əməli Memorandumun istədiyiniz bəndinin qarşısına qoyun. Rusiyanın əməli onun özüdür.
Tarixə nəzər salsaq, Rusiyanın sözünün əməlinə uymadığı çoxlu faktlara rast gələrik.  Amma, zənnimcə, tarixin tozlu arxivlərində eşələnməyə ehtiyac yoxdur. SSRİ dağılandan sonra Rusiyanın yeritdiyi siyasəti öz gözlərimizlə müşahidə etmişik.
Rusiyanın sözünün başqa, özünün başqa olduğunu kimdənsə eşitməmişik, görmüşük.
Bir neçə cümlə də Rusiya “sülhməramlılarının” fəaliyyəti barədə.
“Sülhməramlıların” işi düşmənçilik mövqeyində dayanan ermənilərlə azərbaycanlıları barışdırmaq olmalıdır. Barışıq olmaq üçün öncə regiondan qanunsuz silahlar yığışdırılmalıdır ki, onlar hər hansı təsadüf üzündən açılmasın. Diqqət edin, “sülhməramlıların” nəzarət etdiyi ərazidə Azərbaycanın hətta qanuni silahları belə yoxdur, əvəzində Rusiyanın sözdə ölkə kimi tanımadığı bir separatçı quruma tabe olan silahlılar açıq fəaliyyət göstərir, “sülhməramlılar” isə bunu kənardan sakitcə müşahidə edir.
Rus “sülhməramlıları” Qarabağda mövcud olduğu 28 ayda regionda sülh yaranması üçün nə edib?
Mən bir dənə də olsun fakt göstərə bilmirəm. “Sülhməramlılar” bu müddət ərzində bu iki millətin arasına girmiş paz kimi onların yaxınlaşmasının qarşısını almaqdan başqa heç bir fəaliyyət göstərməyiblər.
“Sülhməramlılar” bizim ərazimizdə mövcudluqlarının ilk 15-20 günündə Ermənistandan Xankəndiyə erməni daşımaqla məşğul oldular. İndi isə daşıyıb Xankəndiyə yığdıqları separatçılara silah daşıyan avtomobil kalonlarının təhlükəsizliyini təmin edirlər.
Bəyannamədə rusların bu regionda 5 il qalacaqları göstərilib. Amma bunlar sözdür. Orada nə yazılmasından asılı olmayaraq, Rusiya öz əməlini davam etdirəcək.
Əlimdə tutarlı faktlar olmasa da, son zamanlar Ermənistanla Azərbaycan arasında törədilən təxribatların Rusiya tərəfindən idarə edilməsindən şübhələnirəm. Ehtimal edirəm ki, bəyannamədə nəzərdə tutulan 5 illik müddət sona yaxınlaşdıqca  bu təxribatların intensivliyi daha da artacaq. Çünki, bu, Rusiyanın regionda qalmasını təmin edəcək yeganə vasitədir.
Danışıqlarda Rusiyanın aparıcı rol oynayacağı müddətdə Ermənistanla Azərbaycan arasında sülh müqaviəsinin imzalanacağı inandırıcı görünmür.
Sülh Rusiyanın regiondan çəkilməsi deməkdir.
Rusiya sözdə sülhdən danışır, əməli isə regionda qalmağa istiqamətlənib.
Sülh Rusiyanın alternatividir. Sülh varsa Rusiya yoxdur, Rusiya varsa sülh yoxdur.
Münaqişə Rusiyanın sinonimidir. Harada Rusiya varsa, orada münaqişə var.
Rusiyanın sözü sülh, özü isə münaqişədir!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top