ÜRFAN MƏMMƏDLİ

Rusiyanın sözü və özü

Rusiyanın sözü və özü

ÜRFAN MƏMMƏDLİ
Bu yazı 2020-ci ilin oktyabrın 21-də - ikinci Qarabağ müharibəsinin 24-cü günündə yazılıb. O vaxt ordumuzun uğurlu əməliyyatlarına mane ola biləcəyini əsas gətirən redaksiya heyəti yazının tirajlanmasını məqsədəuyğun saymayıb. Hazırda Qarabağda baş verən hadisələr həmin əsasın aktuallığını itirdiyini ortaya qoyur. Bu yazı isə, əksinə, aktuallığını hələ də saxlayır. Ona görə də yazını tirajlamağa qərar verdik.
Bir aya yaxındır ki, Azərbaycan öz ərazisini işğaldan təmizləmək üçün uğurlu əmaliyyatlar aparır. Döyüşlərin başladığı ilk gündən vətəndaşlarımızı bir sual narahat edir: Ərazilərimizin işğaldan tamamilə təmizlənməsinə Rusiya imkan verəcəkmi?
Aktual sualdır.
Hər kəsə məlum olan, amma rəsmilərin və diplomatların dilə gətirmədiyi bir həqiqət var: Münaqişəni bu nöqtəyə Rusiya gətirib, Qarabağı Rusiya ordusu işğal edib.
Dünya dəyişir, Rusiya isə dəyişməz siyasətini davam etdirir. Bu siyasətin məğzi nədir?
Təbii ki, dünyada söz sahibi olmaq üçün tərəfdarların olmalıdır. Rusiya da ətrafına “dostlar” toplamaq istəyir. Amma onun siyasətinin əsas prinsipi “dostlarını” özünə tabe etməkdən ibarətdir.
Niyə Rusiyanın yaxın qonşuları xoşbəxtliyini Qərbdə axtarır? Axı belə bir böyük və saysız təbii sərvətlərə malik dövlətlə qonşu olmaq, məntiqlə xoşbəxtliyin ən azı ilk pilləsi olmalıdır. Amma hamı ondan qaçır.
Keçmiş SSRİ-nin üzvü olan Baltikyanı respublikalar Rusiyanı özünə dost saymır.
Dini dinindən, dili dilindən olan Ukrayna Rusiya ilə düşmənçilik mövqeyində dayanıb.
Moldova Rusiyanın sayəsində Dnestryanı problemlə qarşı-qarşıya qalıb. 
Gürcüstan Abxaziya və Cənubi Osetiya məsələsinə görə çoxdan Rusiyadan üz döndərib.
Azərbaycan müstəqilliyinin ilk illərindəcə ərazisindən rus qoşunlarını çıxarıb.
Hələlik keçmiş SSRİ-nin yalnız Asiyadakı respublikları Rusiyanın “dostuluğunu” qəbul edirlər.
SSRİ-nin dağılmasından sonra təkcə Ermənistan Rusiya ilə könüllü dost olub ki, ona da Rusiya bel bağlamır.
Paşinyanın hakimiyyətə gəlməsi ilə bu “dostluğun” da möhkəmliyi göründü.
Əslində, Ermənistan da heç vaxt Rusiyanı özünə dost bilməyib, Azərbaycandan torpaq qoparmaq üçün ondan bir vasitə kimi istifadə etməyə çalışıb. 30 ilə yaxın Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarında oturan Ermənistan artıq bu məsələnin dönməz xarakter aldığını zənn edib, “dostuna” arxa çevirmək yolu tutdu və Qərbə tərəf meyillənməyə başladı.
Bu da Rusiyanı qıcıqlandırmaya bilməzdi.
Bir qığılcıma bənd olan münaqişə (ya vəlvələdən, ya zəlzələdən) alovlandı və indi Rusiya özünü neytral kimi göstərməyə çalışır.
Rusiyanın bu günə qədər hadisələrə müdaxilə etməməsinin əsas səbəbi “zorən dostların” ondan ayrılmasının mümkünsüzlüyünü göstərməkdir. Rusiya hadisələrin nəzarətdən çıxacağından ehtiyat etdiyi üçün dalbadal Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Moskvaya çağırır, guya münaqişənin həll olunmasına çalışır. Əslində isə Rusiyaya Qarabağ kimi daim qan verən bir yara lazımdır.
Biz bəzən düşünürük ki, Rusiya Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə edir. Amma bu, ilk baxışda belə görünür. Rusiya öz marağı naminə Qarabağ münaqişəsində gah Azərbaycanın, gah da Ermənistanın mövqeyindən çıxış edir.
1992-ci ildə Rusiyadan üz çevirən Əbülfəz Elçibəyi devirmək üçün öz ordusunu işə salıb silahsız Azərbaycanı cəzalandıran rəsmi Moskva indi hadisələrə müdaxilə etməməklə Paşinyanı devirmək planını işə salıb. Hələlik Rusiyanın bu planı reallaşmayıb.
Əlbəəttə, indi Azərbaycan o Azərbaycan deyil. Torpaqlarımızı işğaldan təmizləməyə gücü olan ordumuz var. Rusiya öz planını həyata keçirincəyə qədər (Paşinyanı devirənə qədər) biz də torpaqlarımızın işğaldan təmizlənməsini başa çatdırmalıyıq.
Qarabağ münaqişəsinin Ermənistanın və ya Azərbaycanın xeyrinə birdəfəlik həll olunması Rusiyanın maraqlarına ziddir. Rusiya hazırda bütün gücü ilə öz ordusunun sülhməramlı qüvvələr kimi Qarabağda yerləşdirilməsinə nail olmağa çalışır. Yalnız bundan sonra bu münaqişənin nisbi həllinə razı ola bilər.
Münaqişənin 30 ildir davam etməsinin əsas səbəbi Rusiya sülhməramlılarının regiona de-yure yerləşməsinə Azərbaycanın razılıq verməməsidir. (De-fakto Ermənistan ərazisindən bunu istədiyi vaxt edə bilər, bəlkə də edir). Bişkek protokolunda regiona MDB (oxu: Rusiya) sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulsa da, həmin sənəd tərəflərin üzərinə hüquqi öhdəliklər qoymadığına görə bu, mümkün olmayıb. Lakin Rusiya israrla buna nail olmaq istəyir və bu günlərdə Lavrovun çağırışları da bu istiqamətdədir.
Azərbaycan sülhməramlılar məsələsinə son mərhələdə baxmağın mümkün olmasını bildirsə də, bu Rusiyanı qane etmir. Onlar regiona məhz Rusiya sülhməramlılarının yerləşdiriləcəyinin dəqiqləşdirilməsini istəyirlər. Bu dəqiqləşmədikcə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü, imkanları düşdükcə şübhə altına almaq mövqeyi tutur. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən BMT Baş Assablleyasının 14 mart 2008-ci il tarixli qətnaməsinin əleyhinə səs verən 7 ölkədən biri Rusiyadır. (Yeri gəlmişkən qeyd edək ki,  ATƏT-in Minsk qrupunun digər üzvləri ABŞ və Fransa da həmin sənədin əleyhinə səs veriblər. Doğrudur, ABŞ nümayəndəsi həmin iclasda bildirib ki, sənəd birtərəfli hazırlandığına görə əleyhinə səs veriblər, lakin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağın müstəqilliyini tanımırlar. Rusiya və Fransa isə bu barədə susmağa üstünlük verib).
Rusiya sözdə bu münaqişənin bitməsini istəyir. Əməldə isə bunun əksini görürük. Döyüşlərin davam etdiyi ilk 24 gündə Ermənistan tərəfinin 280 tankı, saysız-hesabsız döyüş texnikası ya məhv edilib ya da ələ keçirilib. Bunların hamısı Rusiya istehsalı olan texnikalardır. Bundan Rusiya rəhbərlərinin xəbəri yoxdurmu? Məgər tank cib telefonudur ki, gömrükdən keçirmək üçün qutusunu çıxarıb atasan?!
Gələn məlumatlara görə, indi də Ermənistana Rusiyadan mülki İl-76 təyyarəsi ilə silah daşınır. Bunu Rusiya rəsmi dairələrinin xəbəri olmadan həyata keçirmək olarmı? Mülki təyyarəni Rusiyanın hərbi aerodromuna kim buraxır?
Bütün bunlar Azərbaycanın qəti qələbəsinə mane olmaq üçün Rusiya tərəfindən edilir.
Təbii ki, bütün müharibələrin sonunda danışıqlar masası olur. O danışıqlarda vasitəçilər israrla regiona sülhməramlı qüvvələr yerləşdirməyi tələb edəcəklər. Biz o vaxt Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinə razılıq versək, əsgərlərimizin bütün zəhməti boşa gedəcək. Rusiya sülhməramlılarının missiyasının nə oduğunu biz Abxaziya və Cənubi Osetiya təcrübələrində görmüşük.
Axı Rusiyanın sözü başqa, özü isə başqadır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top