NAZİM MUSTAFAYEV

Qurana görə üstün olanlar kimlərdir, zəif olanlar kimlər?!

Qurana görə üstün olanlar kimlərdir, zəif olanlar kimlər?!

NAZİM MUSTAFAYEV
Qurana görə hər hansı bir şəhərdə yaşayan insanları təbəqələrə bölmək, misal üçün birilərinə "bu şəhərə sonradan gəlmələr", digərinə “bu şəhərin əsl yerliləri" demək təfriqə çıxarmaq və münafiqlik əlamətidir.
Quranda məhz bu mövzudan bəhs edən ayələr var. Maraqlıdır ki, aşağıda bəhs etməyə çalışacağım həmin ayələr "Munafiqun", (yəni münafiqlər) surəsində keçir və bu əməl sahibləri də qəlblərindəki bütün kin-küdurəti gizli saxlayan, inanmadıqları halda mömin kimi görünməyə çalışan münafiqlərin əməllərindən biri olaraq göstərilir.

Münafiqlərin söz və niyyətlərindən, həmçinin onlara verilən cavabdan bəhs edən ayədə belə buyurulub:
“Əgər biz Mədinəyə qayıtsaq, üstün olanlar zəif olanları mütləq oradan çıxardacaqdır”, - deyirlər. Halbuki əsl üstünlük Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər” (Munafiqun, 63/8).
Münafiqlər özlərini güclü və şərəfli, müsəlmanları isə aciz və zəif görürdülər. Onlar bu ifadələrlə Bəni-Müstəliq səfərindən qayıtdıqdan sonra müsəlmanları Mədinədən çıxardacaqlarını deyirdilər:
“Mədinəyə gedib çataq, onları şəhərdən çıxarıb atacağıq. Üstün, izzətli və şərəfli olan bizlər, Peyğəmbəri və müsəlmanları oradan çıxarıb qovacağıq”.

Təfsirlərdə bu ayəyə izah gətirilərkən bu ifadələrə yer verilir:
“Əslində bu münafiqlərdə zərrə qədər şərəf və ləyaqət yoxdu idi. Əgər onlarda zərrə qədər ləyaqət olsaydı, onların münafiq olmasına ehtiyac qalmazdı. Onların min bir yalanın arxasında gizlənib biz də müsəlmanıq demələrinə ehtiyac qalmazdı. Yəni bu adamlar riyakarlığa boyun əyməz, inanmırıq deyə açıq-aşkar münasibət göstərərdilər. Ancaq namussuz və vicdansız olduqları üçün yalan danışaraq kafir olduqları halda müsəlmanıq deyirdilər. Bu necə bir izzət, şərəf və ləyaqətdir?”
Məkkə müşriklərinin müttəfiqi olan Bəni-Müstəliq qəbiləsinə qarşı bir döyüş təşkil edilmişdi. Bu döyüşün mahiyyəti Mədinəyə hücum planları olan düşmənin başını elə yerində əzməkdən ibarət idi. Xəndək savaşından (Hicri 5/ Miladi 627) əvvəl baş verən Bəni-Müstəliq qəbiləsi ilə bu müharibə müsəlmanların qələbəsi ilə başa çatmışdı. Hər zaman müsəlmanlar arasında fitnə çıxarmağa çalışan məşhur münafiq Abdullah ibn Ubey ibn Səlul bu qələbəni həzm edə bilmir və fitnə atəşi yandıracaq bir səbəb axtarırdı. Bu şəxs bir quyu başında su növbəsi üzərində iki müsəlman arasındakı mübahisədən istifadə etməkdən çəkinmədi. Sonra da Mədinəli olan tərəfdarlarını üstün, izzət və şərəf sahibi şəxslər, Məkkədən hicrət edənləri də zəlil, həqir və alçaq şəxslər adlandırdı.
Həmçinin Mədinəyə qayıdanda bu həqir və zəlil insanları öz yurdlarından qovacaqlarını açıq şəkildə söyləməkdən çəkinmədi. Şübhəsiz ki, çox çirkin olan bu ifadələr kin və düşmənçiliyin açıq bir dəlili idi. Bu hadisə Mədinə münafiqlərinin İslama qarşı sərt mövqe tutduqlarını və əllərinə keçən ilk fürsətdə nələr edə biləcəklərini göstərirdi.
Ancaq münafiqlərin bilmədiyi bir həqiqət var idi…
Həqiqi izzət və üstünlük Allaha (c.c), Onun Peyğəmbərinə (s.ə.s) və möminlərə məxsusdur. Çünki haqq incələ bilər, ancaq əsla qopmaz. Haqq və həqiqətin bir xüsusiyyəti var ki, aram addımlarla və yavaş tempdə hərəkət edər. Küfr və nifaq isə daha cəld və sürətlidir, ancaq ömrü azdır. Nifaq və ikiüzlülük sürətlə yayıla bilər, ancaq məqsədinə çatmamış məğlub olar.
Mədinəyə qayıtdıqdan dərhal sonra münafiqlər tamamilə alt-üst oldular. Müsəlmanlar isə xoşbəxtlik və əbədiyyət vəd edən yolda inamla addımlamağa davam etdilər. Müşriklərin və münafiqlərin gözləri Ərəbistan yarımadasını işıqlandıran İslam günəşi qarşısında kor qaldı. Mədinə o ikiüzlü şəxslərin deyil, həqiqi möminlərin yurdu oldu.
Kimiləri bəlkə də məsələyə bu cür yanaşmanı, yəni bir mənada "yerlibazlıq" etməyi bir "münafiqlik əlaməti" və insanlar arasında bilərək və ya bilməyərək təfriqə çıxarmaq cəhdi kimi qiymətləndirməyi bir az ağır yanaşma olaraq görə bilər. Ancaq məsələyə Quran tərəzisi, Quran perspektivi və Quranın sosial barışa verdiyi əhəmiyyət çərçivəsindən baxanda bu belədir.
Yerlibazlıq jarqonlarla, deyim, mimika və jestlərlə, fısıldayaraq, uca səslə dəyərək və s. hansı formada ifadə edilməsindən asılı olmadan şüurlu şəkildə edilirsə, deməli işin içində gizli bir kin, düşmənçilik, təfriqə çıxarmaq və bir münafiqlik əlaməti vardır. Əgər işin ciddiyyətinin, nə dediyinin fərqində olmadan "oralı", "buralı", "gəlmələr", "yerlilər" ifadələri işlədilirsə, bu ən xəfif ifadə ilə boşboğazlığın və təlxəkliyin əlaməti ola bilər.
Yuxarıdakı ayənin təfsir əsərlərindəki izah və şərhinə baxdığımız zaman bu əməlinə görə qınanan, yəni insanları hansısa şəhərə sonradan gələnlər və həmin şəhərin əsl sakinləri olaraq ikiyə ayırmağa çalışan şəxsin bir münafiq olduğunu görürük.
Məşhur münafiq Abdullah ibn Ubey ibn Səlul Peyğəmbərimiz (s.ə.s) Mədinə şəhərinə hicrət etmədən əvvəl başına qoyacağı tacı belə sifariş edilmiş bir şəxs idi. O qədər populyar və nüfuzlu şəxs idi ki, onu Mədinə xalqı bir ara başlarına bir rəhbər belə seçmək istəyiblərmiş.
Ancaq çox kövrək olan İslam fidanı Mədinə şəhərində yavaş-yavaş kök atmağa başlamış, tarixi köç məhz Məkkə şəhərindən buraya, yəni Mədinə şəhərinə edilmişdi. Sanki Məkkədə torpağa atılan toxumlar Mədinədə cücərməyə başlamışdı. Şəhərlərinin İslama beşiklik etməsi mədinəli müsəlmanlar üçün nə böyük şərəf idi.
Vəhyin gəlişindən 13 il sonra bir müsəlman cəmiyyətinin formalaşması məhz Mədinə şəhərində baş tutmuşdu. Dünya ilə ciddi əlaqələri olmayan, heç bir marağın insanları cəlb etmədiyi bu torpaqlara, bu şəhərə artıq dövrün böyük dövlətlərinin elçiləri gəlib-getməyə başlamış, burada nələr yaşandığını bilmək istəyirdilər. İslam mədəniyyətinin təməlləri, ilk nüvəsi məhz bu şəhərdə atılırdı.
Belə bir tarixi şərait içərisində suyu bulandırmaq istəyənlər əlbəttə var idi. Mədinə şəhərində İslam günəşinin parlamağa başlaması ilə öz liderlik arzuları suya düşən Abdullah ibn Ubey ibn Səlul Peyğəmbərimiz (s.ə.s) hələ həyatda ikən və Peyğəmbərimizin də (s.ə.s) iştirak etdiyi Bəni-Müstəliq səfərindən qayıdışda "mədinəlilər" və "mədinəyə sonradan gələnlər" söhbətini ortaya atmışdı. Bu şəxs və onun dəstəsi Mədinəyə çatdıqda "izzətli" olanların yəni özlərinin, yəni yerli Mədinə xalqının "zəlil" olanları yəni müsəlmanları, xüsusilə Mədinəyə sonradan gəlmiş mühacirləri (Peyğəmbərimiz də (s.ə.s) daxil Məkkədən Mədinəyə köç edən müsəlmanları) buradan çıxaracaqlarını demişdilər. Bu elə həssas məsələ idi ki, artıq səfərdən Mədinəyə qayıdışda bir fitnə atəşinin yanmasına səbəb olmuşdu. Ənsar və mühacir qardaşlığı (mədinəli və məkkəli müsəlmanların qardaşlığı) bir anda böyük zərbə ala bilərdi. Hətta o gün Həzrət Ömər (r.a) Allah Rəslunundan (s.ə.s) icazə alaraq münafiqlərin başı olan Abdullah ibn Ubey ibn Səlulu öldürmək istəmişdi. Ancaq Peyğəmbərimiz (s.ə.s) buna icazə vermədi.
Həmin gün Həzrət Peyğəmbərimiz (s.ə.s) İslam ordusuna axşama qədər, axşamdan da səhərə qədər dayanmadan yol getməyi əmr etdi. Növbəti gün günəş şüaları atrıq isinməyə başlayanda Peyğəmbərimiz (s.ə.s) İslam ordusunun dincəlməsinə icazə verdi. Hardasa bir gün dincəlmədən yol gedən camaat yerə oturan kimi yuxuya getdi. Allah Rəsulu (s.ə.s) Abdullah ibn Ubey ibn Səlulun ortaya atdığı fitnə atəşi ilə heç kimin məşğul olmaması üçün bu cür etmişdi.
Hadisəyə bu cür müdaxiləsi Peyğəmbərimizin (s.ə.s) güclü uzaqgörənliyə malik olduğunu göstərirdi. Bir komandir olaraq orduda cərəyan edən hadisələri təhlil etmiş və vaxtından əvvəl yola düşmək əmrini vermişdi. Onlar yorulub taqətdən düşənə qədər də yola davam eləmişdi.
Yaşanan bütün bu fitnə və oyunların Abdullah ibn Ubey ibn Səlulun əlinin altından çıxdığı məlum olandan sonra artıq bu şəxsin adı hansı hadisədə hallansa, əksəriyyəti müsəlman olmuş öz qohumları tərəfindən danlanır, qınaq obyekti halına gətirilirdi.
Bəni-Müstəliq savaşından qayıdan İslam ordusu yavaş-yavaş Mədinəyə daxil olmağa başlamışdı. Yol boyu yaşanan xoşa gəlməz hadisələrin səbəbkarı Abdullah ibn Ubey ibn Səlulun müsəlman olan oğlu Abdullah Mədinənin girişinin qarşısında dayanıb qılıncını qınından çıxarmış vəziyyətdə gözləyirdi. Hamı yanından keçirdi. Atası Abdullah ibn Ubey ibn Səlul gəldikdə:
“Geri qayıt!” dedi. Atası dedi: “Sənə nə olub, ayıb olsun”.
Oğlu:
"Allaha and olsun ki, Allahın Rəsulu (s.ə.s) icazə vermədikcə buradan keçə bilməzsən. Çünki o, şərəflidir, sən isə alçaqsan”.
Peyğəmbərimiz (s.ə.s) karvanın ən arxasında gəlirdi. Atası oğlu Abdullahdan Rəsulullaha (s.ə.s) şikayət etdi. Bu zaman oğlu dedi:
“Ey Allahın Rəsulu, sən ona icazə vermədikcə bu qapıdan girə bilməz”.
Peyğəmbərimiz (s.ə.s) onun içəri girməsinə icazə verdi. Bunun üzərinə Abdullah atasına dedi:
“Allahın Rəsulu (s.ə.s) sənə icazə verdiyinə görə indi şəhərə girə bilərsən”.
Bu hadisə nə qədər çox şey anladır bizə… Bu necə bir Peyğəmbərə bağlılıqdır, bu necə bir Peyğəmbərə sevgidir, Peyğəmbər sevgisini necə arı-duru yaşamaqdır. Qarşısında öz atası olsa da, oğul atadansa, Peyğəmbərin yanında durur, həmin münafiq şəxsə həm orada, həm də tarix qarşısında əsl üstün olanın kim olduğunu göstərir. Mədinəyə çatanda Peyğəmbəri və müsəlmanları bu şəhərdən çıxardacağıq deyən şəxs, çox keçmədən Peyğəmbərin icazəsi ilə həmin şəhərə daxil ola bilir.
Münafiq Abdullah ibn Ubey ibn Səlulun oğlu sahabə Abdullahın Mədinənin giriş qapısında qılıncla duraraq atasını şəhərə buraxmaması insanı dərindən sarsıdan bir mənzərədir. Gəlin bu səhnə qarşısında bir az düşünək… Abdullah bu hərəkəti ilə sanki:
“…Üstün və şərəfli olanlar zəif və alçaq olanları mütləq oradan çıxardacaqdır…” (Munafiqun, 63/8) sözlərini təsdiqləyirmiş kimi münafiqlərin başı olan atası Abdullah ibn Ubey ibn Səlulu şəhərə buraxmır. Bu, həmin münafiqə Allahın elçisinin möhtərəm, izzətli, üstün və şərəfli, onun isə alçaq və həqir olduğunun göstərilməsi idi. O Allah Rəsulu (s.ə.s) gələnə qədər atasını şəhərin girişində saxlayır və Peyğəmbərin (s.ə.s) icazəsi ilə şəhərə daxil olur. Beləliklə, hadisə hələ isti-isti kimin şərəfli, kimin rəzil olduğu əməli surətdə öz təsdiqini tapır.
Gəlin bu hadisədən özümüzü kənarda görmədən dərslər və ibrətlər götürməyə çalışaq…
Bəni-Müstəliq səfərindən qayıdışda söylənən sözlər qəsdən seçilib söylənmişdi. Bu xoşa gəlməz mənzərənin ortaya çıxmasına səbəb olanlar əlbəttə məsum ola bilməzdilər. Məsələ o qədər ciddi idi ki, Cənab Allah (c.c) həm o dövr üçün, həm də bütün dövrlərdə eyni söz-söhbəti qapamaq üçün ayə nazil etmişdi. Əgər kimsə, yada kimlərsə bu mövzuları deşməyə, üstün, izzətli və şərəf sahibi olmağı bir məkana vəya bir şəhərə bağlı olmaqda görürsə, bu mövzudan yenə əsrlər sonra özünə hansısa "mənfəət" və ya bir "xal" qazanmaq arzusuna düşünürsə, deməli Cənab Allahın (c.c) qapadığı mövzunu yenidən açmağa çalışır. Bu zaman da həmin şəxs, kimliyindən asılı olmadan Abdullah ibn Ubey ibn Səlulun əməlini işləmiş, əsrlər sonra onun yolunun yolçusu olmuş olur.
Vəssəlam…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top