NAZİM MUSTAFAYEV

Bir Peyğəmbərin fəryadı... -2-

Bir Peyğəmbərin fəryadı... -2-

NAZİM MUSTAFAYEV

Görəsən, Həzrət Lutun (ə.s.) evinə gələn bu yaraşıqlı gənclər surətindəki mələklərin onlara verilməsini istəyən kütlənin hansı "haqlı" səbəbləri ola bilərdi? Bu insanlar insan surətindəki mələklərin onlara verilməsini istəyərkən ehtimal ki, bu məntiqlə hərəkət edirdilər:
"Həzrət Lut (ə.s.) bizi əməllərimizdən vaz keçirməyə, etdiyimiz işlərin doğru və gözəl işlər olmadığını söyləyərək həyat tərzimizi dəyişdirməyə cəhd etdi. İçimizdən onun söylədiklərinin doğru olduğuna inanma mərhələsinə gələnlər oldu. Buna görə də, biz onun insanlarla ünsiyyət qurmasını, evinə qonaq qəbul etməsini yasaqladıq. O bundan xəbərdar idi. Ancaq o bütün bunlara baxmayaraq evinə qonaq qəbul etmişsə, biz "haqlı" olaraq qonaqlarını bizə təslim etməsini tələb edə bilərik!"
Bir insanın, bir Peyğəmbərin başqa insanlarla görüşməsindən, hətta evinə qonaq qəbul etməsindən narahat olmaq, işin daha da ağır halı həmin qonaqları pis əməllərinə alət etmək üçün qapıya gəlmək, bu qonaqların onlara verilməsini tələb etmək ən yüngül ifadə ilə sözün bitdiyi yer ola bilərdi.
Burada bir az haşiyə çıxaraq yenidən mövzuya qayıtmaq istəyirəm... Günümüzdə yaşayış yerlərini sel daşqınlarından qorumaq üçün bəndlər inşa edilir, bəzən dəniz kənarında və sahil boyu salınmış şəhərlərdə ehtiyaca görə dənizin içərisində dalğaqıran təpəciklər qurulur. Şəhərin bir səhraya çevrilməməsi üçün yaşıllıqlar salınır, ağaclar əkilir. Bütün bunlar şəhərin səhralaşmasının qarşısını almaq, yaşayış yerlərini dənizdən, ya da başqa yerlərdən gələcək təhlükələrdən qorumaq üçün edilir. Bütün bunlarla yanaşı insanların ruhlarının, mənəviyyatının səhralaşması var ki, Həzrət Lut (ə.s.) həm də bununla mübarizə aparırdı. Quran qissələri bizə həm də onu deyir ki, səhralaşma, eroziyaya məruz qalma məhz insanların, cəmiyyətlərin ruhunda başlayır. Sonra da bu eroziya digər sahələrə, şəhərlərə, çaylara, meşələrə əks edir.
Həzrət Lutun (ə.s.): "Məgər aranızda ağlı başında bir adam yoxdurmu?" (Hud, 11/87) sualını bu mənada anlamaq olar. Həzrət Lut (ə.s.) fəlakətə doğru gedən, hətta fəlakəti yaşayan xalqa tədbirlər paketi, həll yolları təklif edirdi. Ancaq bir peyğəmbər qövmü içərisində yalnız qalır və qəriblik yaşayırdı.
Bu qissə bizə həm də onu göstərir ki, əgər bir cəmiyyətdə yayılan əxlaqsızlığa qarşı dura biləcək ağlı başında olan insanlar yoxdursa, o cəmiyyət məhvə məhkumdur. Əxlaqsızlıq selinin qarşısında dayanacaq sağlam düşüncəli insanlar yetişdirmək, əxlaqsızlıq selinin önünü kəsmək bütün təhsil sisteminin, cəmiyyətin aparıcı kütləsinin, həmçinin cəmiyyətdə aparıcı yeri olan kütləvi informasiya vasitələrinin üzərinə düşən bir vəzifə və borcdur. Əks halda, axan sel bütün cəmiyyəti məhv edəcək.
Bu qissə bizə yoxluğun, quraqlığın, insan qıtlığının hansı dərəcələrdə ola biləcəyini göstərir. Bir tərəfdə peyğəmbər ailəsinin, peyğəmbər evinin ətrafına toplaşan, iyrənc əxlaqsızlığı işləmək üçün evə gələn qonağın onlara verilməsini tələb edən bir kütləni görürük. Digər tərəfdə, tarixin başqa bir anında Məkkədə yaşayan və hələ Allah Rəsulunun (s.ə.s.) peyğəmbər olaraq göndərilməsindən (bisətdən) beş il əvvəl vəfat edən Zeyd ibn Amrı görürük. O, İslamdan əvvəlki cahiliyyə cəmiyyətində haqqın, doğrunun axtarışına çıxmış, Allaha (c.c.) Onun istədiyi formada ibadət etmək həsrətinə düşmüş və bu həsrətlə də dünyasını dəyişmişdi. Rəvayətə görə, Zeyd ibn Amr belə deyirdi: "Allahım! Kaş, sənə necə ibadət edəcəyimi biləydim, sənə o cür ibadət edərdim". Budur, tarix bir tərəfdə yaxınlıq korluğu yaşayan Həzrət Lutun (ə.s.) qövmünə, digər tərəfdə isə Zeyd ibn Amrın timsalında hələ ona gəlib çatmamış ilahi mesajları ruhunda duyan insanların varlığına şahidlik edir.
Həzrət Lutun (ə.s.) qövmünə söylədiyi: "Məgər aranızda ağlı başında bir adam yoxdurmu?" (Hud, 11/87) ifadələrini o qövm içərisində bir dənə belə olsun, ağlı başında insanın olmadığı mənasında anlamaq, bəlkə də, doğru olmaz. Həzrət Lutun (ə.s.) Quranın ifadəsi ilə qövmünə söylədiyi həmin sözləri: "Ey, bu xalqın içərisindəki ağlı başında olan insanlar, haradasınız, yaşananları niyə görmürsünüz, niyə bu iyrənc hərəkətlərə səsinizi çıxarmırsınız, yaşananlar qarşısında nə üçün lal, kar və kor davranırsınız?" mənasında da anlamaq lazımdır. Necə ki, rəvayətlərə görə Lut (ə.s.) peyğəmbərin qövmü içərisində hər kəs o çirkin əməli işləmirdi. Sadəcə olaraq, hər kəs bu çirkin əməl qarşısında susurdu. Bu da gələcək fəlakətlərə qarşı dalğaqıran rolunu oynayan bəndlərin aradan qalxması demək idi.

Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top