NAZİM MUSTAFAYEV

Bir Peyğəmbərin fəryadı... -1-

Bir Peyğəmbərin fəryadı... -1-

NAZİM MUSTAFAYEV

"Google Earth" xəritə sistemində məkanlara 3D formatında baxa bilmək, həmin məkanda "gəzmək" və 360 dərəcədə oranı müşahidə etmək xüsusiyyəti var. Bu xüsusiyyət əvvəlcədən orada maşına quraşdırılan, ya da əllə tutulan 360 dərəcəli kameralarla çəkilən görüntülər vasitəsilə mümkün olur. Texnoloji inkişaf hər gün yeni-yeni formatlar qarşımıza çıxarır. Kim bilir, bəlkə də, gələcəkdə tarixi məkanları, təbiət mənzərələrini 3D formatında, ya da əvvəlcədən çəkilmiş 360 dərəcəli kamera görüntülərinə ehtiyac olmadan, peyklər vasitəsilə oturduğumuz yerdən canlı olaraq da izləmək mümkün olacaq.
Əslində, bu yazı xəritə sistemləri, ya da "Google Earth" haqqında deyil. Aşağıda danışacağım bir məsələyə görə sadəcə olaraq belə bir girişlə başlamaq istədim...
Quranın bütün surə və ayələrini "Google Earth" sistemindəki kimi böyük bir dünya xəritəsinə bənzədə bilərik. Bu zaman qarşımıza bir sual çıxacaq... Görəsən, Quranda anladılan hər hansı hökm və mövzuya, istənilən ayəyə kağızdan bir xəritə olaraq deyil, 3D fotmatında, ya da 360 dərəcəli kamera görüntüsü hökmündə səyahət edə bilərikmi? Buna ehtiyac varmı? Ya da əvvəla bu mümkündürmü?
Bunun qismən mümkün olduğunu söyləyə bilərik... "Qismən" ona görə ki, burada insan amili də var. Əgər insan istəsə, xüsusilə də bilgi əldə etməyin bu qədər asanlaşdığı internet əsrində istənilən Quran ayəsinə bu formatda baxmaq olar...
Gəlin, belə bir baxış bucağı atında Həzrət Lut peyğəmbərin (ə.s.) fəryadını, qövmünə dediyi: "Məgər aranızda ağlı başında bir adam yoxdurmu?" (Hud, 11/87) ayələrinə nəzər yetirək... Görəsən, bu ayə bizim üçün hansı mənaları ifadə edir? Bu sözlər nə zaman deyilib? Ayədə buyurulan və bir peyğəmbərin qövmünə bu məzəmməti nə mənaya gəlir? Bizlər bu ayənin içərisində, ümumiyyətlə, harasında yer alırıq? Düzdür, Həzrət Lut (ə.s.) daha əvvəlki millətlərə göndərilən bir peyğəmbər idi. Ancaq Quran ayələrində onun bu sözlərinə yer verildiyinə görə, deməli, burada bizim üçün də, Həzrət Muhamməd (s.ə.s.) ümməti üçün də ibrətlər, almalı olduğumuz dərslər var.
Mələklər hər biri yaraşıqlı bir gənc görkəmində Həzrət Lutun (ə.s.) yaşadığı şəhərə, onun evinə qonaq gəlmişdilər. Həzrət Lut (ə.s.) bu şəxsləri tanımır və mələk olduqlarını da bilmirdi. Həzrət Lut (ə.s.) əgər xəbər tutsalar, kişi düşkünü olan qövmünün bu gözəl üzlü gənclərlə, qonaqlarla bağlı iyrənc niyyətlərinin ola biləcəyini bilirdi. Əxlaqsızlıq sanki bu ölkənin insanlarının ruhunu bürümüşdü. Şəhərlərinə qonaq gələn insanlar onların bu çirkin əməlindən xilas ola bilmirdi. Həzrət Lut (ə.s.), qonaqlarını bu azğınlaşmış qövmdən necə qoruyacağını düşünürdü. Əslində, Həzrət Lutun (ə.s.) belə bir qorxu yaşamasının, təşvişə düşməsinin boş yerə olmadığı anlaşılacaqdı. Çox keçmədən şəhərə və Həzrət Lutun (ə.s.) evinə gənclərin gəldiyini eşidən azğın kütlə Həzrət Lutun (ə.s.) evinin ətrafına toplaşdılar.
Bu qəbilə azğınlıqda o qədər irəli getmişdi ki, şəhərə gələn yad insanlara, yaraşıqlı görkəmə sahib gənclərə meyil salırdılar. Onların arasında bu əxlaqsızlığa qarşı çıxan da yox idi. Bu əməlləri onlar üçün elə bir adi hala gəlmişdi ki, istəklərini Həzrət Luta (ə.s.) deyə bilirdilər. Bu əxlaqsızlığı açıq-aşkar etməkdən çəkinməmələri, normal bir insanın ağlına və təsəvvürünə gəlməyəcək əxlaqi bir çöküş idi. Təfsir alimlərindən Seyyid Qütb bu haqda belə deyir: "Əgər belə bir mənəvi çöküş baş verməsəydi, insan təxəyyülü belə bir vəziyyətin ola biləcəyini heç vaxt düşünməzdi".
Evinin ətrafına toplaşan azğın kütlənin iyrənc istəklərindən əl çəkməməsi Həzrət Lutu (ə.s.) çox narahat etdi. Həzrət Lutun (ə.s.) bu çətin andakı iztirab dolu çətin vəziyyətinə o ana qədər evdəki qonaqlar müdaxilə etməmiş, məsələyə qarışmamışdılar. Ancaq gələn qonaqlar çox keçmədən Allah (c.c.) tərəfindən bu qövmü həlak etmək üçün göndərilən mələklər olduqlarını, kütlənin onlara zərər verə biməyəcəklərini və tezliklə şəhəri tərk etmək lazım olduğunu Həzrət Luta (ə.s.) söylədilər. Bu xəbər artıq həlakın çox yaxın olduğu mənasına gəlirdi.
Əlbəttə, Cənab Allah (c.c.) hər şeyi, elə Həzrət Lutun (ə.s.) qövmünün düşdüyü vəziyyəti də görür və bilirdi. Bununla yanaşı sanki mələklər cəmiyyətin bu vəziyyətini yerində görmək və hadisəyə yerində şahidlik etmək üçün göndərilmişdilər.
Qeyd edək ki, bəzi tarixçi və coğrafiyaçılara görə Həzrət Lutun (ə.s.) qövmünün yaşadığı şəhər günümüzdə dəniz səviyyəsindən 790 metr aşağıda olan və 1015 km2 ərazini əhatə edən Ölü dənizin yerləşdiyi məkandır. Təbii fəlakət nəticəsində şəhər batmış və yerində indiki göl yaranmışdır.
Bu və buna bənzər fövqəladə hadisələr haqqında onu demək olar ki, Cənab Allah Həzrət Lutun (ə.s.) əxlaqən çökmüş qövmünü vulkan püskürməsi nəticəsində həlak etmişdir. Vulkanın dəhşətli bir şəkildə püskürərək bişmiş bərk daşların bu qövmün başına yağması zahirən təbiət hadisəsi və şəhərin başına gəlmiş böyük bir fəlakət olaraq görünsə də, bu, həm də Cənab Allahın (c.c.) cəzası və iyrənc əməllərinə görə qövmün həlak edilməsi idi. Kainatda baş verən hər bir hadisə Onun (c.c.) hərtərəfli iradəsi və nəzarəti altında olduğu üçün bu azğın qövmü həlak etmək o qədər də çətin məsələ deyildi.

Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top