ÜRFAN MƏMMƏDLİ

Hakimin qərarı və yozumu

Hakimin qərarı və yozumu

ÜRFAN MƏMMƏDLİ
Dünən keçirilən “Qarabağ”-“Sumqayıt” oyunun 15-ci dəqiqəsində baş vermiş qayda pozuntusuna hakim Əliyar Ağayevin verdiyi qərar sosial şəbəkədə böyük müzakirəyə səbəb olub. Rəy bildirənlərin əksəriyyəti hakimin səhv qərar verdiyini iddia edib. Deyilənə görə, Əliyar Ağayev hətta VAR otağından gələn siqnalı da nəzərə almayıb və qayda pozuntusu törətmiş Ozobiçi meydandan qovmaq əvəzinə, onu sarı kartla cəzalandırmaqla kifayətlənib. Maraqlıdır ki, bu iddiada olan müzakirə iştirakçılarının heç biri hakimin qərarını qaydalarla əsaslandırmayıb, öz baxışları ilə qiymətləndiriblər.
Bəs epizod necə qiymətləndirilməlidir? Həmin epizodda hakim səhv edibmi?
Biz hazırkı vəziyyətdə hakimin qərarının düzgün olub-olmadığını iddia etmirik. Qərarın verilmə proseduruna diqqət çəkmək istəyirik. Məsələ burasındadır ki, futbol qaydalarında cərimə zərbəsinə səbəb olan cəmi 10 qüsurlu hərəkət kateqoriyası var. Onlardan 7-də (bəzi mənbələrdə 6-da) qayda pozuntusunun səviyyəsini müəyyən etmək hakimin ixtiyarına verilir.
Qaydalarda yozuma ehtiyacı olan qayda pozuntusu 7 cür təsnif olunur:
  1. Oyunçu rəqibi ayaqla vurur və ya buna cəhd edir,
  2. Oyunçu rəqibə badalaq qoyur və ya buna cəhd edir,
  3. Oyunçu rəqibinin üzərinə sıçrayır,
  4. Oyunçu rəqibinə həmlə (hücüm) edir,
  5. Oyunçu rəqibi əllə vurur və ya buna cəhd edir
  6. Oyunçu rəqibi itələyir
  7. Oyunçu sürüşmə fəndini düzgün yerinə yetirmir
Gəlin ilk bəndə nəzər salaq: oyunçu rəqibi ayaqla vurur və ya buna cəhd edir.
Göründüyü kimi, bu, bir neçə kəlmə ilə ifadə olunmuş qaydadır.  Ayaqla rəqibi 1000 cür vurmaq olar: Ayaqla ayağa da, qarına da, başa da zərbə vurmaq olar. Bu da son deyil. Ayağın pəncəsinə, dabanına, baldırına, şitlə qorunan hissəsinə, qorunmayan hissəsinə ayağın pəncəsi ilə, altı (ayaqqabının şipi) ilə və s. zərbə vurula bilər.
Bu cür zərbələrin endirilmə səvviyyəsi  və məqsədi var.  Bunları müəyyən etmək üçün qaydalar qayda pozuntularının səviyyəsini 3 qismə bölür:
  1. Ehtiyatsız hərəkət,
  2. Düşüncəsiz hərəkət,
  3. Həddən artıq güc tətbiq etmək. 
Qaydanın hansı qismdə pozulmasını müəyyən etmək isə hakimin ixtiyarına buraxılır. Hakim qayda pozuntusunun səviyyəsini  öz qənaətinə görə müəyyən edir, bu müəyyənetmənin kriteriyaları heç bir kitabda yazılmayıb. Hakim ani vaxtda qayda pozuntusunun qaydalarda yazılan 3 qismdən hansına aid olduğunu qətiləşdirib qərar verir.
Qaydalarda isə cəza növləri qəti göstərilib:
  1. Ehtiyatsız hərəkətlə qaydanı pozmaq yalnız cərimə zərbəsi ilə cəzalandırılır.
  2. Düşüncəsiz hərəkətlə qayda pozmaq cərimə zərbəsi və sarı kartla cəzalandırılır.
  3. Həddindən artıq güc tətbiq etməklə qayda pozmaq isə cərimə zərbəsi və qırmızı kartla cəzalandırılır.
Eyni bir epizodu dünyanın ən yaxşı 2 hakimi müxtəlif cür yoza bilər. Bu yozumlara görə o hakimlərin heç birinə "pis hakimdir" demək olmaz. Çünki onlar qaydaların onlara verdiyi  müstəsna yozum hüququndan istifadə edərək qərar verirlər. Məhz bu yozum qabiliyyətinə görə hakimin səviyyəsi müəyyən olunur. Qaydalarda yazılan bəndləri biz hamımız əzbərləyə bilərik. Amma həmin o əzbərlədiklərimizi meydançada necə tətbiq etmək məsələsi var ki, onu biz hamımız bacara bilmirik. Ona görə də hamımız hakim ola bilmirik.
Bəzi qayda pozuntuları var ki, orada yozuma yer yoxdur. Məsələn, futbolçu rəqibə tüpürübsə, bu halda hakimin yozmuna ehtiyac qalmır. Bu birmənalı şəkildə qırmızı vərəqədir. Bunu qaydalar diqtə edir.
Qayıdaq haqqında söhbət gedən epizoda. Həmin epizodda Ozobiç ayaqla rəqibə zərbə endirir. Qaydanı pozur. Deməli, cərimə zərbəsi təyin olunmalıdır. Hakim Əliyar Ağayev də bunu edir. Bura qədər fikir ayrılığımız yoxdur.
İndi keçirik qayda pozuntusunun səviyyəsinə. Birmənalı olaraq, ehtiyatsız hərəkət deyil. Deməli, təkcə cərimə zərbəsi təyin etməklə kifayətlənmək olmaz. İntizam sanksiyasına (kart göstərməyə) ehtiyac var. Bəs hansı intizam sanksiyası tətbiq edilməlidir. Bu artıq hakimin yozum qabiliyyətidir. Əliyar Ağayev bu epizodu düşüncəsiz hərəkət kimi yozaraq qaydanı pozan oyunçuya sarı kart göstərib.
Səhv edibmi?
Bu suala birmənalı cavab vermək bizim işimiz deyil.
Hansısa hakim bu epizodu 3-cü qism kimi yozub oyunçunu meydançadan qova da bilərdi. Onun da qərarının birmənalı olaraq düzgün və ya səhv olduğunu iddia etmək jurnalist və ya sosial şəbəkə istifadəçilərinin işi deyil.
Ən düzgün cavabı ən yüksək səviyyəli mütəxəssislər verə bilərlər.
Bizim qənaətimiz: Bu epizod üçün hakimin verdiyi qərar qaydalara tam uyğundur.  
Bəs hakimin yozumu?
Yozum hakimin şəxsi mülahizəsidir. Yozumu qiymətləndirmək bizim işimiz deyil. Dünya ölkələrinin federasiyalarının heç birində hakimi yozuma görə cəzalandırmırlar.

Cempion.az

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top