ÜRFAN MƏMMƏDLİ

Peyvənd

Peyvənd

ÜRFAN MƏMMƏDLİ
İki ilə yaxındır ki, koronavirus dünyanı cənginə alıb. Dünya iqtisadiyyatı çətin günlərini yaşayır. Hər yerdə belədir. Bizdə də. Amma bizdə əvvəlki məhdudiyyətlər yoxdur. Əksinə, yoluxmaların 2-3 rəqəmli olduğu vaxtlarda “Evdə qal” kampaniyası var idi, məktəblər, ticarət mərkəzləri, şadlıq evləri bağlanmışdı. İndi gündəlik yoluxmalar dördrəqəmli ədədlərlə ifadə olunsa da, o vaxtkı vahimə yoxdur. 
Lap əvvəldən insanların bir hissəsi koronavirusa şübhə ilə yanaşırlar. Dünya və bizim Operativ Qərargah (OQ) nə qədər güclü təbliğat aparsa da, adamları koronavirusa inandıra bilmədi. Şübhələr hələ də davam edir. Bunda təbliğatın və xəstəliyə qarşı mübarizənin düzgün aparılmamasının rolu böyükdür.
Zənnimcə, Operativ Qərargah koronavirusla mübarizədə lap əvvəldən xeyli yanlışlıqlara yol verib. Götürək sonuncu peyvənd məsələsini. 
Peyvənd vurdurmaq könüllüdür. Amma... 
Könüllülük elə bir prinsipdir ki, ona qarşı cəza tədbiri olmur. Məsələn, ölkədə orta təhsilin 9 ili məcburi, digər hissəsi isə könüllüdür. Ali təhsil almaq da könüllüdür. 10-11-ci sinfi oxumayanlara heç bir cəza tətbiq edilmir. Ali təhsil almayana da heç kim “gözün üstə qaşın var” deyə bilməz. Tam orta təhsili və ali təhsili olmayan adamlar üçün heç bir məhdudiyyət yoxdur. Onlar istədikləri yerə gedə, istədikləri işlə məşğul ola bilərlər.
Peyvənd olunmayan adamlar isə məhdudiyyətlərlə qarşılaşır. Daha doğrusu, peyvənd olunmayanlara qarşı sanksiyalar tətbiq edilməsi nəzərdə tutulur.
OQ-nin qərarına görə, peyvənd olmayan adamlar sentyabrın 1-dən ticarət obyektlərinə buraxılmayacaqlar. Bəs deyirsiniz peyvənd könüllüdür?
OQ-nin qərarına görə, peyvənd olmayan adam təyyarəyə buraxılmayacaq. Bəs deyirsiniz peyvənd könüllüdür?
OQ-nin qərarına görə, peyvənd olmayan adam toyda iştirak edə bilməz. Edərsə, cərimələnəcək. Bəs deyirsiniz peyvənd könüllüdür?
OQ-nin qərarına görə, müəssisələrdə işləyən işçilərin ən azı 80 faizi peyvənd olunmalıdır. Bu norma yerinə yetirilməsə, müəssisə ya maddi cəzalandırılacaq, ya da onun fəaliyyəti, ümumiyyətlə, dayandırılacaq. Bəs deyirsiniz peyvənd könüllüdür?
Bu cür misalları çox göstərmək olar. Hesab edirəm ki, fikrimi izah etmək üçün bu da kifayətdir.  
Deməli, bu maneələrlə qarşılaşmamaq üçün, başqa sözlə desək, sanksiyalarla qarşılaşmamaq üçün peyvənd vurdurmağa məcburuq.
Operativ Qərargah vətəndaşların saxta “kovid-19 pasportu” almasından narahatdır. Niyə? Vətəndaşı bu pasportu almağa nə məcbur edir? 
“Kovid-19 pasportu”nun rüşvət və korrupsiya vasitəsinə çevriməsində kim daha çox günahkardır - vətəndaş, həkim, yoxsa Operativ Qərargah? 
Kimsə məni qınaya bilər ki, bəs OQ nə etməli idi, virusu taleyin ümidinə buraxmalı idi? 
Yox, buraxmamalı idi, mübarizə yolunu düzgün seçməli idi ki, vətəndaşların hamısı eyni vəziyyətdə olsunlar. İndiki halda peyvənd olunanlarla olunmayanlar arasında fərq qoyulur, birinə üstünlük verilir, digəri ikinci sort vətəndaş mövqeyinə düşür. Bu vəziyyətə düşməmək üçün OQ peyvəndin məcburi olması barədə qərar qəbul edə bilərdi. Onda digər məhdudiyyətlərə ehtiyac qalmazdı. 
Əgər peyvəndin vurulmasının könüllülük prinsipindən başqa yolu yoxdursa, onda məhdudiyyət yalnız xəstəxanalarda tətbiq edilə bilərdi: Xəstəxanalar dolarsa, xəstə qəbulunda öncə peyvənd olunanlara üstünlük vermək. 
Sonda zəruri bir fikir: İnsanlar koronavirusa niyə şübhə ilə yanaşırlar? Bəlkə adını könüllü qoyub vətəndaşların dolayı yolla peyvəndə məcbur edilməsi kimi tədbirlərə görə? 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top