RAHİB ALPANLI

Zəhmətin ətri, yoxsa “kişi qoxusu”?

Zəhmətin ətri, yoxsa “kişi qoxusu”?

RAHİB ALPANLI
Saysız-hesabsız qoxu və onları duymaq üçün qabiliyyətimiz Allahın bizlərə bəxş etdiyi lütflərdən biridir. Hər kəsin özünün sevdiyi qoxunun olması da bir ayrı özəllikdir. Daşdan belə pul çıxarmağı bacaran insan qoxu, ətir alış-verişinə də biganə deyil. Rəqabət üzərində qurulmuş və sərhəd tanımayan biznes növlərindən biri də elə bu incə işlə çörək qazanır. Sürətlə qloballaşan dünyamızda reklam olmadan biznesin uğur qazanmasının mümkün olmadığını da bilirik. Əslində reklamçılıq özü də öndə gedən biznes növlərindən biridir. Bütün sahələrdə olduğu kimi burada da tez-tez əndazəni aşmaq, gəlir naminə öz milli-mədəni, mənəvi dəyərlərimizə xələl gətirəcək hallarla üzləşirik.  
***
Nə müddətdir ekranlarımızda “old spice” ətirinin “kişi qoxusu” kimi reklam olunması əsəblərimlə oynayır. Əsrlər boyunca öz müşkü, ənbəri ilə məşhur şərqə bu və ya digər adlar altında müəyyən ətir növlərini sırımaq Avropaya inteqrasiya nümunəsi kimi də görünə bilər. Lakin onu milli-mənəvi dəyərlərimizə yaraşmayan formada təbliğ etmək bizə qətiyyən yaraşmır. Demək olar ki, bütün dünyanın bizə qarşı olduğu bir zamanda öz ərazi bütövlüyümüzü bərpa edib, mənfur düşməni həddini bilməyə məcbur edən Azərbaycan vətəndaşından bundan sonra “old spice” deyil, barıt qoxusu gəlməli, yuxumuzun dərinliyi, ruhumuzun sərinliyi bu qoxuya köklənməlidir.
Bütün dünyaya öz şücaəti və vətənpərvərliyi ilə nümunə göstərən şanlı Azərbaycan əsgərinin anası, həyat yoldaşı, gəlini, qızı niyə əcnəbi bir “adam”ın çılpaq bədənini görməlidir? Hansı birimiz bu formada öz yaxınlarımıza görünə bilərik? Bunun harası abır-həya normalarına uyğun gəlir? Gözlərində bu mənzərənin adiləşdirənlər bəlkə də mənə irad tuta bilərlər ki, bunun nəyi pisdir ki, adamlar gözəl bir qoxunu reklam edirlər. Sağlam düşüncə ilə məsələyə hansı bucaqdan baxsan da, bu eybəcər mənzərəni milliləşdirmək mümkün deyil. Müsbət və ya mənfi hər bir böyük iş bir addımdan başlanır. Adiləşən dəyərlərimiz bizim milli kimliyimizə kölgə salır. Milli telekanallarımız həm də gənc nəslin dünyaya baxış pəncərəsidir. Uyğun olmayan hər hansı bir kadr gənc şəxsiyyətin şüurunda öz yerini möhkəmlədir.  
Uzunçuluq olsa da, bu əhvalatı oxucularla bölüşməkdə fayda olacağına inanıram:
Keçmişdə ədalətli bir hökmdar ölkəsini gəzməyə çıxır. Dağlıq, ucqar bir əraziyə çatanda aşpaz hökmdarın hüzuruna gəlib bir çimdik belə duz qalmadığını deyir. Hökmdar ona yaxınlıqdakı kəndlərdən birinə gedib duz almağı, ancaq duzun qiyməti nə qədərdirsə həmin qiymətə almağı tapşırır. Aşpaz heyrətlə: - Sultanım, bu qədər xəzinənizin müqabilində duza bir-iki quruş artıq versəniz, nə olar ki? 
Hökmdar aşpaza mənalı-mənalı baxıb deyir: ─ Bilirsən, bu gün dünyada hamının şikayətləndiyi haqsızlıq da əvvəlcə “bir çimdik” olub. İnsanlar “bir çimdik”dən heç nə olmaz deyə-deyə onu bu qədər böyüdüblər, dözülməz hala salıblar. Əsl insan haqsızlığın “bir çimdiyinə” də dözməməlidir. İndi get, duzun haqqı nədirsə, al gətir.
Əxlaq da belədir. Pas dəmiri illər uzunu yeyib aşındırdığı kimi, əxlaq və milli-mədəni dəyərlərimiz də nöqtə-nöqtə kirlənir. Biz ətirin, gözəl qoxunun əleyhinə deyilik, onun reklamının təqdimatının uyğun olmadığına diqqəti cəlb etmək istəyirik. Kişidən, əslində halal zəhmət qoxusu gələr. Böyüklərimiz yalnız bərbərə gedib gələndə o dövrün məşhur “Traynoy” odekolon qoxusunu gətirərdilər ev-eşiyimizə. Kişi qoxusu alın təri deməkdir. O, həm də şəfa mənbəyidir. İşləyib kürəkləri duz bağlayan kişilər 80-90 yaşında da fəal həyat tərzi keçirirdilər. Yüz illik ömrünün çox hissəsini çoban olmuş, yaylaq-qışlaq yollarında qocalmış atamın dediklərindən:
─ İllərin birində yaylaq yolunu tutub gedirdik. Əsl tərəkəmə ili idi. Hər tərəf yamyaşıl olduğundan sürünü yubadır, keçdiyimiz yolüstü kəndlərdə gecələyirdik. Dünya dərəsi-düzü, gülü-çiçəyi ilə coşduğu bir zamanda dərdim məni yerdən-yerə batırır, üzümün təbəssümünü, ürəyimin sevincini silib-süpürür, zorla bu gözəl dünyadan küsdürürdü. Kəndlərdən birində bir yaşlı kişi ilə həmsöhbət oldum. Şirindil adam idi. Kəskin baxışları ilə əhvalımı seyr edib soruşdu: - Qardaşoğlu, bu boyda xəzinənin içində sənin durumun heç xoşuma gəlmədi. Bu nə bəniz, bu nə haldır belə, sirr deyilsə əlbəttə?
─  Dayıcan, görünən kəndə nə bələdçi. Başqa heç bir şeydən cəkdiyim yoxdur. Yaxşı ailəm, uşaqlarım, dostlarım, hər şeyim var, sağlığınıza. Bir canımla bacarmıram, nə müddətdir. Tez-tez burnumdan qan açılır. Burnuma az qala milçək belə qonsa, qan fışqırır. Dərmanı tapılmır.
Yaşlı adam məni diqqətlə dinləyib gülümsədi. Elə bildim ki, dediklərimə inanmadı:
─ Ay səni Allah saxlasın, burnunun dərmanı elə sənin başındadır ki.
─ Necə yəni başımdadır, ay dayı, başıma nə isə olub?
─ Yox, yox... Başındakı papağı deyirəm. Qırx gün hər səhər ac qarına papağını dərindən on dəfə qoxlayıb, nəfəsini kənara buraxsan, sənin burnundan bir daha qan açılmayacaq. Əmin ola bilərsən, bala.
─ On dəfə nədir ay dayı, yüz dəfə qoxlayaram papağımı, təki şəfam olsun.
Yaşlı adam ürəkdən gülüb dedi: ─ Yüz dəfə lazım deyil, ancaq aramsız olsun, yaxşımı?
O gün dünya üzümə güldü. Hər səhər yuxudan duran kimi ac qarına papağımın tər qoxusunu o ki var ciyərlərimə doldurur, verdiyim nəfəslə kənara buraxırdım. Çox keçmədən özümə gəldim, səhhətimə qovuşdum. Allah o kişiyə rəhmət eləsin!
Xoş qoxudan yuxu dərmanı kimi də istifadə edilir. Aromaterapeya adlı bu müalicə üsulu qədim tarixə malikdir.
“Old spice” kimi ətirlər insanları vaxtsız qocaldır. Bəzi alimlərin tədqiqatlarına görə, süni qoxular insan həyatı üçün təhlükəli ola bilər. Kanada həkimləri sübut ediblər ki, astma tutmalarının yarıdan çoxuna kəskin kimyəvi qoxular səbəb olur. Həmin qoxular nəinki ondan istifadə edənlərə, ətrafdakılara da narahatlıq verə bilir. Alimlərin təklifinə görə, xəstələrin vəziyyətini ağırlaşdırdığı üçün belə qoxulardan xəstəxanalarda istifadə olunmamalıdır. (https://breakingnewsenglish.com/)

***

İşimizin uğuru, qazancımız nə olur-olsun, milii-mənəvi sağlamlığımızı unutmamalıyıq, fiziki sağlamılğımız da öz yerində, həmkəndlimiz Teyyub kişinin qoz sındırmaq dərsində olduğu kimi:
Yaxın keçmişdə Teyyub kişi Bakıda “Təzə Bazar”da mer-meyvə, qoz satırmış. Teyyub kişi malını reklam eləmək üçün bir neçə qozu qırıb kisənin ağzına qoyubmuş. Bir nəfər cavan yanaşır, qoza baxıb soruşur:
─ Dayı, bu qozların hamısı bu cür safdır?
─ Bəli, bacıoğlu.
Alıcı iki ədəd qozu götürüb, ovcunda sıxıb sındırmağa çalışsa da, bacarmır. Özünü sındırmamaq üçün deyir:
─ Dayı, bəs deyirdin hamısı eynidir. Yaşlı adamsan, yalan danışmaqdan qorxmursan?
Teyyub kişi də səbrini basıb, dönüb getmək istəyən cavana deyir:
─ A bala, zəhmət olmasa, o qozlardan istədiklərindən götür ver dayıya.
Cavan satıcının inadkarlığına təslim olub, iki ədəd qoz götürüb verir. Teyyub kişi bir həmlədə qozları sındırıb qoyur cavanın ovcuna:
─  A bala, o qədər Teksun, Sana yemisən ki, qolunda hey qalmayıb. Mənim malımı günahlandırma, özünə bax, süd iç, bal, qatıq, qaymaq, nehrə yağı ye.
Satıcı qozu deyil, sanki cavanın sümüklərinı qırmışdı barmaqlarının arasında.
Alıcı çarəsiz qalıb:
─ Allah sənin ölənlərinə rəhmət eləsin, dayı. Düz sözə nə deyəsən, ─  deyir və utana-utana uzaqlaşır.
Mənəvi sağlamlığımız da belədir. Ağlım kəsəndən bəri mən öz yaxınlarıma maykada belə görünməmişəm. “Old spice” kimlərə nə qədər qazanc gətirsə də, mənəviyyatımıza vurduğu zərəri ödəməyəcək. Ağıllı adamların dediyi kimi, bu dünya bir aynadır, ona necə baxsaq, özümüzü o cür görəcəyik. Təki yarıçılpaq görünməyək!

Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top