ƏLİ ÇƏRKƏZOĞLU

Şeyxi söyənlərə və öyənlərə

Şeyxi söyənlərə və öyənlərə

ƏLİ ÇƏRKƏZOĞLU
Ölkə gündəminin əsas mövzularından biri şeyxülislam Allahşükür Paşazadənin açıqlamasıdır. Məlumdur ki, bayram namazında məscidə gələnlərə moizə oxuyan şeyx söhbətin istiqamətini bir qədər dəyişərək beynəlxalq məsələlərə girib və deyib ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasında İranın dini lideri Xamaneyi həzrətlərinin də böyük xidməti olub. Şeyxin dediyinə görə, Xamaneyinin "Qarabağ İslam torpağıdır" deməsi qələbəmizin carçısı olub. Sonunda da qonşu ölkənin dini liderinə hamımızın adından təşəkkür edən Paşazadənin bu açıqlaması ölkə gündəminə bomba kimi düşdü. Xəbər saytları, sosial şəbəkə istifadəçiləri şeyxin ünvanına təhqirə varan rəylər, mətnlər yayınladılar. Xüsusilə də Paşazadənin əldə etdiyimiz bu zəfərdə İranın rolunu Türkiyənin dəstəyi ilə birlikdə dilə gətirməsi bir çoxlarının əsəb sistemini tamamilə alt-üst elədi və belə halda olanlar da  həddi aşıb dilə nə gəldisə... Çoxluq şeyxin bu açıqlamasını ədalətsiz hesab edir. Şeyxin açıqlamasını və Xamaneiyə təşəkkürünü ən azı ona görə məntiqsiz hesab etmək olar ki, bu məsələdə bizə İrandan qat-qat artıq dəstək vermiş Pakistanın adını çəkmədi, Əfqanıstanı yada salmadı. Hər kəs bilir ki, bu haqlı müharibəmizdə Pakistan bizə hər cür dəstək verməyə hazır olduğunu dəfələrlə açıqladı. Pakistan yeganə dövlətdir ki, Qarabağı işğal etdiyinə görə Ermənistanı bir dövlət olaraq tanımadı və bu gün də tanımır. Rayonlarımızı, kəndlərimizi gəzin, çox yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını yanaşı görəcəksiniz. Maşınlarımızın arxasında bu üç bayrağın kompozisiyasından hazırlanmış qartal şəkli var. Xalqın gözü tərəzidir və kimin kim olduğunu yaxşı görür. Əfqanıstan da bizə daha çox dəstək verdi, yaxınlıq göstərdi, nəinki İran. İndi xeyir ola, təşəkkür etməli olanda Pakistan, Əfqanıstan yada düşmür, İran adı Türkiyə ilə yanaşı çəkilir?! Bunun adına ədalət demək olarmı? Hirsli başla ard-arda açıqlamalar verən şeyx bir az da batır. Görəsən "Mən heç vaxt heç kimin qucağında olmamışam" deməklə şeyx hansı anlamda bəraət qazanmaq istəyir.
Əgər sənin Ocaq Necatdan bir umduğun varsa, öz aranızda həll edin, ona və ağasına da öz adından istədiyin qədər təşəkkür, təzim elə, daha sənin dediklərinlə razılaşmayan insanların adından niyə çıxış edirsən? İran ərazisindən Ermənistana gedən tır karvanları, on illər boyu Qarabağda, eləcə də Ermənistanda fəaliyyət göstərən çox sayda İran şirkətləri yalan deyil ki? Doğrudur, çox şey bilsək də, söyləmirik, amma siyasətin də öz yeri var da. Heç olmasa məsciddə, Allah evində söhbət edəndə gərək siyasət pərdəsindən sıyrılıb səmimiyyət pərdəsinə bürünək ki, məscid sahibinin qəzəbinə tuş gəlməyək.  Bir də axı görəsən bu ağayi-Xamanei niyə "Qarabağ Azərbaycan torpağıdır" demək istəmir, "İslam torpağıdır" deyir? 
Şeyxin bircə dediyi ilə az-çox razılaşmaq olar ki, hər həqiqəti hər zaman demək doğru deyil, amma bunu bilirsənsə, niyə həqiqətin tərs üzünü də bu qədər qabardırsan axı? Fərqli düşünənlər var və bilirsən ki, qarşılıq verəcəklər, onda niyə dediyin sözün hansı nəticələr doğuracağını düşünmədən danışırsan? 
Tarixə qısa ekskurs etməli olsaq, o qədər gerçəkləri ortaya tökərik ki, deməyə söz tapa bilməzsiniz, amma şeyxin dediyi kimi, hər bildiyimizi şöyləməsək yaxşıdır, amma hələlik... Tarix demişkən, ötən əsrin son illərində əlahiddə molla qvardiyasının "Azərbaycan" nəşriyyatına bir neçə basqınının şahidi olmuşdum. Hər dəfə də məlum olmuşdu ki, hansısa qəzet şeyxin, ya da Qafqaz Müsəlmanları İdarəsinin əleyhinə döşəyib, bunlar da gəliblər o qəzetin rəhbərliyindən hesab soruşmağa. Hər dəfə də nəşriyyatın qapısında dayanan polislər güc-bəla ilə məsələni yatızdırır, problemi danışıqlar yolu ilə yoluna qoymağa çalışırdılar. 
Əslində 40 ildən artıq bir ölkənin dini lideri statusunda oturmuş bir şəxsin sosial şəbəkələrdə o cür təhqirlərə layiq görülməsi heç də qəbul ediləcək hal deyil, ancaq 40 ildən artıq dini lider məqamında oturan şəxs də gərək açıqlamasında ədalətdən uzaq düşməsin ki, başına belə işlər gəlsin. 
İndi ölkə ictimaiyyətində məsələyə münasibətdə ikili münasibət diqqəti çəkməkdədir. Çox demirəm, şeyxin Həcc ziyarətinə pulsuz göndərdiyi məşhurlar ayağa qalxsalar, böyük bir ordu alınar. Dini komitənin sədri Mübariz Qurbanlı mərhum Prezident Heydər Əliyevin şeyx haqqında xoş sözlərindən yapışaraq şeyxin müdafiəsinə qalxır ki, söymək fikrinə düşənlər bir qədər ehtiyatlı davransınlar. Neyləsin axı, sussa bir qəbahət, susmasa bir qəbahət, amma nəsə deməlidir ki, sabah şeyxin yanında üzü olsun. Hacı Şahin də sükutu pozaraq şeyxə dəstək verdi. Əslinə qalanda heç mən də məsələnin bu qədər şişirdilməsinə tərəfdar deyiləm, onsuz da hər kəs kimin dost, kimin düşmən olduğunu çox gözəl bilir, sadəcə şeyx mübarək gündə mübarək yerdə həqiqəti deyil, siyasəti danışdı, o günün, o yerin sahibi də onu yüngülcə silkələdi, bu qədər. Bir də ki bu şeyx sosial təminat naziri Sahil Babayev deyil ki, balalarınıza uşaq pulu verməsin, pensiyalarınızı kəssin, ya təhsil naziri Emin Əmrullayev deyil ki, gic-gic suallarla imtahan keçirib sizin işə düzəlməyinizi əngəlləsin, ya gömrük sədri Səfər Mehdiyev deyil ki, "rastamoşka"nı ikiqat bahasına eləsin, ya səhiyyə naziri deyil ki, getdiyiniz xəstəxanalarda kadrları sizi soyub soğana çevirsinlər... Sözümün canı odur ki, bu məmləkətdə o qədər söyməli adam varkən onları buraxıb daraşmısınız bu şeyxin canına. Bu şeyx uzaq başı küsüb sizin üçün Allaha dua eləməyəcək, siz də ondan küsüb nəzir qutularına pul atmayaqsınız. Noolacaq axı... Bu şeyx bu məmləkətdə çoxunun yanında toya getməlidir. Elə bu yerdə şeyxin özü ilə bağlı bir lətifə yadıma düşdü. Təxminən bir 20 il əvvəl şeyxin yaxşı imkanı vardı, ürəyinə yatanı pulsuz Həccə göndərirdi. Bir dəfə də birisinə deyir ki, gəl səni göndərim, get ziyarət elə. Adam da içində az-çox Allah xofu olan birisiymiş ki, etiraz eləyir və deyir ki, mən ora getməyə layiq deyiləm, pis əməllərim var... Şeyx də deyir ki, səndən betərlərini göndərmişəm gedib-gəliblər, sən niyə qorxursan axı? 
Vəssalam.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top