NAZİM MUSTAFAYEV

Gəncə ağrılarını yaşamaq və ya "CNN Türk"ün canlı yayımı

Gəncə ağrılarını yaşamaq və ya "CNN Türk"ün canlı yayımı

NAZİM MUSTAFAYEV
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə, yəni müharibə bölgəsindən uzaq bir yerdəki yaşayış məntəqəsinə raket atılma xəbərini, oradakı insan tələfatı və dağıntıları Türkiyə mediasından, xüsusilə “CNN Türk” kanalında gedən 5 saatlıq canlı yayımdan izləmişdim. Demək olar ki, müharibənin bütün şiddətini nəinki cəbhə bölgəsindəki hərbçilər, əsgər və komandirlər, hətta mülki əhali belə öz evində başına raket düşərək, evi dağılaraq hiss edir, iliklərinə qədər yaşayırdı.
Əlbəttə, elə o günlərdə də belə suallar səslənirdi ki, nə üçün cəbhə bölgəsindən, qaynar nöqtələrdən, elə məhz mülki əhalinin hədəf alındığı Gəncə, Tərtər və digər şəhərlərdən yerli kanallarımız canlı yayıma qoşula bilmir, daha çevik və operativ hərəkət edə bilmirlər? Bu o dövrdə, həmçinin elə indinin özündə səslənən suallardır. Ancaq mən bu yazıda həmin dövrlə əlaqəli başqa məqamlardan danışmaq istəyirəm.
Gecə boyu demək olar ki xəbərləri, Gəncədən gələn məlumatları digər xarici media orqanları ilə yanaşı həm də "CNN Türk"ün canlı yayımından izləyə bildik. Əlbəttə, heç bir şey normal deyildi, ekranda görünənlər, hadisə yerində insanların halı, dağıntı və tələfat normal  hadisə ola bilməzdi. Ancaq bütün bunlarla yanaşı Gəncədə raket düşən məhəllədən canlı yayım edən "CNN Türk" komandası və aparıcı Fulya Öztürkün davranışları, hadisəni dünyaya çatdırması da normal bir aparıcının təqdimatına bənzəmirdi. Sanki orada xarici bir mətbuat orqanının aparıcısı deyil, məhəllədə öz yaxınlarını itirmiş bir sakinin çığlıqları duyulurdu. Hadisələr ağıl, məntiq və təmkin çizgisindən çıxmasa da, həm də öz övladını itirmiş bir ananın, ya da raket hücumundan sağ çıxmış bir insanın hiss və duyğuları ilə dünyaya çatdırılırdı.
Həmin günlərdə müharibə bütün şiddəti ilə cəbhə bölgəsində davam etsə də digər tərəfdə də normal iş həyatı davam edirdi. Bəli, səfərbərlik var idi, səfərbərlik davam edirdi. Yaxınlardan, dost-tanışdan artıq cəbhədə vuruşan onlarca insan var idi. O vaxt ölkə gündəmindəki bu tarixi anları izləməklə yanaşı, həm də redaksiyada "Fraza" jurnalının növbəti sayında çıxacaq empatiya ilə bağlı bir yazı üzərində çalışırdım. Bu haqda bir çox orijinal yazını, elmi müdafiə işlərini və s. toplamış və bir-bir təhlil edərək oxuyurdum. Bu zaman empatiya qura bilmənin nə qədər əhəmiyyətli və vacib məsələ olduğunu elə özüm də daha yaxşı anlamağa başlamışdım.
Düzdür empatiya qurmaqla bağlı misallar, həyatın içindən nümunələr var idi. Hətta bununla bağlı çoxsaylı geniş misalları oxuduğum qaynaqlarda da görmək olardı. Ancaq elə bu dövrdə qonşu Türkiyədən Azərbaycana gəlmiş hərbi jurnalist Fulya Öztürkü ekranlarda, xüsusilə Gəncə şəhərinə ermənilərin raketlə hücum etdiyi dəqiqələrdə canlı yayımda görəndə öz-özümə: “Bu xanım işini empatiya ilə yerinə yetirir” demişdim. Sanki nəzəri olaraq oxuduğum empatiya mövzusuna dair canlı misalları ekranlarda Fulya Öztürkün ogünkü canlı yayımında görürdüm.
Empatiya bir şəxsin özünü qarşısındakı şəxsin yerinə qoyaraq, hadisələrə onun baxış bucağı və onun gözü ilə baxması, o şəxsin duyğu və düşüncələrini doğru bir şəkildə başa düşməsidir. Empatiya qurarkən əsas məsələ qarşıdakı şəxsin duyğu və düşüncələrini anlamağa çalışmaqdır, qarşıdakı şəxsi anlamaqdır. Bu zaman empatiya quran şəxs nə bir şey itirmiş, nə də bir şey əskiltmiş olar. Bəli, bu mənada jurnalist Fulya xanım Öztürk həm o gecəki canlı yayımdakı hiss və duyğuları, həm də 44 günlük müharibə dövründə bütün cəbhə boyu apardığı jurnalist fəaliyyəti ilə bütün Azərbaycanın sevgisini qazandı.
Əslində empatiya qurmaq yalnız bir peşə mənsublarının işi deyil, müəllim-şagird, xəstə-həkim, valideyn-övlad arasında, bütün peşə sahələrində və bütün insani münasibətlərdə keçərli  xüsusiyyətdir. Sosial həyatda, insanlar arasında baş verən münaqişələrin kökündə empatiya bacarığının yoxluğu və ya əskikliyi durur. Empatiya duyğusu əsas alınanda isə bir çox problemlərin qısa zamanda öz həllini tapdığını görürük. Empatiya qurmaq həm də ona görə lazımdır ki, biz bu bacarığımızla digər insanları düzgün anlaya və tələb olunan köməyi göstərə bilək.
Tezliklə adı Fulya, özü isə Azərbaycanın haqq səsi olan sənədli filmi izləmək diləyi ilə...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top