ÜRFAN MƏMMƏDLİ

Ermənilər revanşizmə "yox" dedilər

Ermənilər revanşizmə "yox" dedilər

ÜRFAN MƏMMƏDLİ
30 ildən çoxdur ki, Ermənistanda hakimiyyət məsələsini Qarabağ faktoru həll edirdi. Ermənistanın müstəqilliyi dövründə keçirilən 8 seçkidən 6-da Qarabağ şüarları dövlətçilik şüarlarını üstələyib. Məhz Qarabağ şüarları ilə hakimiyyətə gələn qüvvələr dövlətçilik prinsipini ikinci dərəcəli işlər sırasına qoymaqla ölkəni uçurumun kənarına aparıblar. (Yalnız bir dəfə - 1996-ci ildə Prezident Levon Ter-Petrosyan güzəştli mövqe nümayiş etdirərək ATƏT Minsk Qrupunun həll planını qəbul etməklə dövlətçilik prinsipini önə keçirmək istədi, onda da onu hakimiyyətdən qovdular).
Ermənistan 30 il ərzində Qarabağı “əsirlikdə” saxlasa da, onu özününküləşdirə bilmədi. Hətta havadarları da bu yolda ona çox kömək etdilər, amma kimsə beynəlxalq qanunların qarşısına keçə bilmədi. Ermənilər ötən müddət ərzində anlamalı idilər ki, Qarabağda yaşayan ermənilərə hər hansı statusu yalnız Azərbaycan verə bilər. Təəssüf ki, bu həqiqəti anlayanlar olsa da, onu öz şəxsi planları naminə xalqdan gizlətdilər.
Aldığımız informasiyalara görə, 2018-ci ildə Paşiniyan hakimiyyətə yeni gələn dövrdə ölkənin bütün siyasi qüvvələrini bir yerə toplayıb Qarabağ məsələsi barədə məsləhətləşmələr aparıb.  Həmin məsləhətləşmələrdə o, vasitəçilərin təklifinə uyğun olaraq Azərbaycanın 5 rayonunu qaytarıb Qarabağa status almağı, sonra isə işğal etdikləri digər 2 rayonu da geri qaytarmaqla məsələni birdəfəlik həll etməyin ən düzgün yol olduğunu bildirib. Görüşdə iştirak edən radikallar isə bunun qəbul edilməz olduğunu, lazım gələrsə, əlavə torpaqlar işğal etməklə Azərbaycanı diz çökməyə məcbur etmək lazım olduğunu bildiriblər. Beləliklə, müharibəni qaçılmaz ediblər.
Faktiki olaraq, Paşinyan Ter-Petrosyanın 1996-ci ildə getdiyi – “Öncə Ermənistan, sonra Qarabağ” yolu ilə  getməyə üstünlük verdi. Amma Ter-Petrosyandan fərqli olaraq, o, radikalları, daha doğrusu, Qarabağ klanını – Koçaryanı, Sarqsyanı və onların əlaltılarını “məhşər ayağına” çəkərək onları xalqına tanıtdı. Bundan sonra Paşinyan Qarabağ barədə daha radikal bəyanatlar verməklə həm Azərbaycan tərəfi qızışdırmağa, həm də “Qarabağ olmazsa, olmaz” deyən ermənilərə “mən də sizinləyəm” məsajları verməyə başladı.
Beləliklə, Paşinyan hakimiyyətdə olduğu qısa müddətdə lazımı addımlar ata bildi. Həm əsas siyasi rəqiblərini neytrallaşdırdı, həm də də siyasi rəqiblərinin tərəfdarlarının bir qismini öz tərəfinə çəkə bildi. Artıq müharibənin başlaması və necə başa çatması onun üçün ciddi təhlükə törətmirdi. Müharibənin başlayacağı və Ermənistanın qələbəsi ilə başa çatacağı təqdirdə Paşinyan xalq qəhrəmanına çevriləcəkdi. Məğlubiyyət təqdirində isə “mən müharibənin olmaması üçün bütün imkanlardan istifadə etdim, amma radikallar imkan vermədi” səbəbi də hazır idi.
10 noyabr bəyannaməsini imzalamaqla isə Paşinyan ermənilərin Qarabağdan birdəfəlik çıxıb getməsinin qarşısını aldı. 
Müharibədə Ermənistanın (oxu: Paşinyanın) uğradığı ağır məğlubiyyət siyasi meyitə çevrilmiş radikallara “ikinci nəfəs” verdi və onları revanşistlərə çevirdi. Revanşistlər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün mitinqlərə başladılar, amma istəklərinə nail bilmədilər. 
Bir qədər sonra özünə gələn Paşinyan yenidən xalqın nəbzini yoxlayıb seçkilərdə qalib gələcəyinə inandı və növbədənkənar seçkilər təyin etdi.
Artıq seçkilər arxada qalıb.  Seçkinin ilkin nəticələrinə görə Paşinyanın partiyası 54 faiz, Koçaryanın rəhbərlik etdiyi revanşist “Ermənistan” seçki bloku isə cəmi 21 faiz səs toplayıb. Daha bir revançıst blok – Sarqısyanın iştirak etdiyi “Qürurum var” bloku 5 faizlə üçücüncü nəticə göstərib. Seçkilərə qoşulan digər 20 partiya və 3 seçki blokundan heç biri parlamentdə təmsil olunmaq hüququ verən 5 faizlik baryeri keçə bilməyib. 
Bu nəticələrlə parlamentdəki 105 deputat mandanın 72-si Paşinyanın partiyasının payına düşəcək. Bu isə ona hakimiyyəti təkbaşına qurmaq imkanı verir. Paşinyanın son 3 ildə keçdiyi siyasi yol göstərir ki, o biz düşündüyümüz qədər zəif siyasətçi deyilmiş.
Beləliklə, Paşinyanın müharibədə aldığı ağır məğlubiyyət də revanşistlərin köməyinə çatmadı. Erməni xalqı onlara “yox” dedi. Bu o deməkdir ki, erməni xalqının əksəriyyəti Qarabağın Ermənistan olmadığını dərk etməyə başlayıb. Bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün gələcəyə nikbin baxmaq imkanı verir. 
Təbii ki, revanşistlər geri çəkilmək istəməyəcəklər. Amma buna qarşı xalqın dəstəyini arxasında hiss edən Paşinyanın indi daha cəsarətli addımlar atmaq imkanı var.  

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top