ÜRFAN MƏMMƏDLİ

Ermənistan seçkisi və biz

Ermənistan seçkisi və biz

ÜRFAN MƏMMƏDLİ
Ermənistanda seçki günü yaxınlaşdıqca siyasi qüvvələrin bir-birini ifşa etməsi daha geniş vüsət alır. Qarabağ ətrafında yaranmış situasiya isə Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan bütün qüvvələrin yönünü Azərbaycana qarşı aqressiv mövqe tutmağa çevirir. Son günlər Ermənistan- Azərbaycan sərhədində güclənən gərginlik bu aqressiyanı daha da gücləndirir.
Ermənistanın bütün siyasi qüvvələri hesab edir ki, Azərbaycan Ermənistanın süveren ərazilərinə daxil olub və beynəlxalq təşkilatlar bu işğalı dayandırması üçün Azərbaycana təzyiq göstərməlidirlər. Onların bu çağırışına Fransa Prezidenti Emmanuel Makron da qoşulub. Təmas xəttində dayanan erməni və Azərbaycan hərbçiləri əllərində olan xəritə əsasında sərhəd xəttini dəqiqləşdirə bilmədikləri halda, dünyanın o biri başında dayanan Makron hay salıb ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə girib və onlar dərhal ordan çıxmalıdırlar.
Paşinyan da seçki kampaniyasının belə qızğın vaxtında Makronun bu reaksiyasından cuşa gələrək dəstək almaq üçün onun yanına gedib.
Robert Koçaryan isə dəstəyi Moskvada axtarır. Məlum olduğu kimi, Koçaryan revanşistlərin nümayəndəsidir. O həm Paşinyandan, həm də Azərbaycandan revanş almaq yollarını arayır. 
Bir sözlə, Ermənstandakı ruspərəstlərlə qərbpərəstlər hakimiyyət uğrunda mübarizəni Azərbaycanı hədəfə almaqla aparırlar. Daha doğrusu, Azərbaycanla normal münasibət qurmaq barədə düşünən yoxdur. 

Bəs bu vəziyyətdə Azərbaycan hansı mövqe nümayiş etdirməlidir?
Əlbəttə, düşmən düşməndir. Ona yardım əli uzatmaq həm çətindir, həm də təhlükəli. Düşmən Ermənistan olanda isə bu çətinlik və təhlükələr pik həddə çatır. Çünki Ermənistan həmişə başqalarının əlində oyuncaq olub, onların çaldıqlarına oynayıb və nəhayətdə indiki vəziyyətə düşüb. Ona görə də Azərbaycan beynəlxalq qanunlara əsasınan mövqeyinə sadiqliyini nümayış edirməlidir.   
Ermənilər başa düşməlidirlər ki, 30 il işğal altında saxladıqları torpaqları 44 günün içində itirmələrnin birinci səbəbi beynəlxalq miqyasda tanınan sərhədlərə hörmət etməmələri olub. Yəni bizim məqsədimizin işğalçılıq yox, ərazi bütövlüyümüzü bərpa etmək olduğunu həm ermənilərə, həm də beynəlxalq təşkilatlara çatdırmalıyıq.
Ermənistandakı seçki onların daxili işidir. Kimi istəyirlər seçsinlər. Amma hakimiyyətə gələn qüvvələrə məsaj vermək lazımdır ki, seçki kampaniyasında hansı vədləri vermələrinə baxmayaraq, hakimiyyət kreslosonda oturanda beynəlxalq qanunlar əsasında hərəkət etməyə məcbur olacaqlar. Bizim ərazi bütövlüyümüzə qəsd şüarı ilə hakimiyyətə gələnlər seçiciləri qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilməyib bir müddət sonra hakimiyyətdən qovulacaqlarını anlamalıdırlar.
Beynəlxalq qanunlar isə beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığını tanıyır. Sülh ərazilərin qarşılıqlı tanınmasına bağlıdır.
Bunu Azərbaycan da, Ermənistan da qəbul etməlidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top