SƏMƏD MƏLİKZADƏ

O, Qarabağın haray səsi idi

O, Qarabağın haray səsi idi

SƏMƏD MƏLİKZADƏ

Biz orta məktəbdə oxuyanda Famil Mehdi tanınmış şair idi. Mən onun "Ana" şeirini əzbərləmişdim:

Saplaya bilmədi iynəni ana,
Kədərsiz qəlbindən bir kədər keçdi.
Sanki qocalığı o heç bir zaman,
Əsla indiki tək heç hiss etməmişdi.

Çağırıb saplatdı onu qızına,
Bir şadlıq duyuldu onun üzündə.
Sanki itirdiyi işığı ana,
Doğma balasının gözündə tapdı.


Bu şeir o, universitetin ikinci kursunda oxuyanda "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Bundan sonra Famil Mehdi ədəbi aləmdə istedadalı şair kimi tanınmağa başlayıb. Şeir xalq şairləri Süleyman Rüstəm və Səməd Vurğun tərəfindən çox bəyənilib. Yazıçı-alim Mir Cəlal "Ana" şeirini "böyük poemaya bərabər" əsər adlandırıb. Bu uğurdan sonra yenə tələbə ikən Famil Mehdinin "Azərbaycan" jurnalında "Gənclik eşqi" və "Səni gözləyirəm" poemaları, şeirləri çap olunub.
Jurnalistika fakültəsinə qəbul olunanda bildim ki, Famil Mehdı fakültəmizin müəllimidir və bizə dərs deyəcək. Onda Famil müəllim hələ elmlər doktoru deyildi. Səhv etmirəmsə, üçüncü kursda oxuyurduq. Bir gün tələbə yoldaşımız Mehdi (onun qardaşı oğlu) dedi ki, sabah Famil müəllim doktorluq işini müdafiə edəcək. Bir qrup tələbə yığışıb Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universitetinin) akt zalına getdik. Zal dolu idi. Tədbirə çoxlu yazıçı, şair, alim və sənət adamı, yaxınları gəlmişdi. Az sonra xalq artisti Arif Babayev də gəlib bizə yaxın əyləşdi. Yeri gəlmişkən deyim ki, Famil müəllim jurnalistika sahəsində ilk elmlər doktorudur. Onun "Azərbaycan publisistikasının sənətkarlıq problemləri" əsəri bizim dərs kitabımız idi.

Famil Mehdi təkcə nəzəriyyəçi deyildi, həm də gözəl publisist idi. O illərdə onun müxtəlif səfər və görüşlərdən sonra mətbuatda oxunaqlı yazıları dərc olunurdu. Lirik tonda qələmə alınan bu məqalələr biz tələbələr üçün həm də yazı nümunəsi idi. Amma Qarabağ hadisələri başlanandan sonra onun publisistik yazılarının tonu, ruhu dəyişdi. Bu yazılar bəzən çox sərt olurdu. Buna görə də yuxarı dairələr Famil Mehdinin əsərlərinin çapına mane olmağa çalışırdılar. Hətta onun yubileyinin keçirilməməsi, qəzetlərdə yaradıcılığı haqqında rəylər, yazılar getməməsi üçün göstəriş verilmişdi. Bir neçə baş redaktor bu tapşırığa əməl etmədiyinə görə töhmət almışdı. Şair sonralar özü bu haqda belə yazıb: "Nə yazmışamsa əksəriyyəti böyük təzyiq altında, ixtisarlarla, düzəlişlərlə dərc olunub. Bu, seirlərimdə, bir qayda olaraq, tənqidi pafosla bağlıdır. Yuxarılarda mənə münasibət həmişə pis olub. 1970-1980-ci illər arasında iki böyük poemanın naboru (yığımı) mətbəədə ləğv edilib, yuxarıların bilavasitə yazdırdığı mənfi rəy və təzyiqlə jurnaldan çıxarılıb. Dövlət tərəfindən adi bir fəxri fərman da almamışam. Bununla fəxr etmək olar. Əlli illiyimin qeyd olunmasını yuxarılar qoymadı. Televiziyada verilişi dayandırdılar..."

Famil müəllim deyilənlərlə bağlı bir şeirində yazır:

Nə yaxşı mükafat almadım, Allah,
Mükafat alanlar susur, lallaşır.
Mükafat alanlar liberallaşır.
Qəfil ürəklərin odumu sönür,
Mükafat alanlar quzuya dönür.
Yamandır insanın quzulaşması,
Özündən qaçması, uzaqlaşması...


Şairin yaxın dostu, görkəmli alim Rafiq Əliyev "Famil Mehdı zirvəsi" məqaləsində yazır: "Famil Mehdinin poeziya yolu uzun və səmərəlidir, zirvəyə aparan yoldur. Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir. Famil Mehdi bütün Azərbaycanı ürəyində gəzdirən bir şair idi. Əfsuslar olsun ki, o, bu ülvi arzusuna (tək bu arzuyamı) çata bilmədi".

Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.
Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən...


Dillər əzbəri olan, dodaqlarda mahnıya dönən bu şeir, belə demək olarsa, özündə xalq şairi Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin ruhunu yaşadır.
Famil müəllimi bu dünyadan Qarabağ dərdi apardı. Həmişə bu barədə düşünəndə onun ilk baxışda sakit, lakin daim narahat çöhrəsi gözlərim önündə canlanır və bu misraları yadıma düşür: 

Mənə yer verərsən doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ, sümüklərim də
Əriyib qarışar torpaqlarına...
Famil Mehdi Qarabağın haray səsi idi...
Ruhun şad olsun, Famil müəllim, Qarabağ azaddır!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top