ƏLİ ÇƏRKƏZOĞLU

Bakının dərdi var...

Bakının dərdi var...

ƏLİ ÇƏRKƏZOĞLU
Bir neçə gün əvvəl Bakıda əsən güclü külək ölümlə nəticələndi. Şəhərin mərkəzində, 28 may metrosu yaxınlığında səki ilə gedən gənc qadının başına dəmir düşdü və zərərçəkən hadisə yerindəcə keçindi. Buyurun, kimin, ya kimlərinsə məsuliyyətsizliyi ucbatından gənc bir xanım öldü. İndi ölü sahibi kimin yaxasından yapışsın, kimi ittiham eləsin? Kim cavabdehdir, kim bu ölüm faktına görə cavab verməlidir? Niyə insan həyatı bu qədər ucuz olub bizdə? Onu da deyək ki, bu cür qəzalar Bakıda tez-tez təkrarlanır. Yolu ilə gedən adam ya aşan ağacın altında qalır, ya başına daş düşür, ya da dəmir parçası. Heç bir hadisə öz-özünə əmələ gəlmir, mütləq səbəbi, səbəbkarı var.
Martın 7-də əsən həmin o güclü külək paytaxt rəhbərliyinin çox zibilinin üstünü açdı. Bir məktəbin çardağı uçub ətrafda tikililərə ziyan vurdu, ondan çox ağac aşıb yola yıxıldı. Yolumun üstündə, "Günəşpetrol"un yanında aşan ağac iki avtomobili əzmişdi.
Güclü yağış, ya qar yağanda küçələr seldən keçilməz olur, külək əsəndə göydən dəmir, daş yağır, ağaclar aşıb insan həyatını təhlükə altına alır... Bəs bu şəhərin yiyəsi, məsulu yoxmu? Hara baxır bu şəhər rəhbərliyi? Vəzifə elə təkcə oranı-buranı satmaq, pul yığmaq üçündür? Siz bu xalqa xidmət eləməlisiniz, cənablar! Şəhərdə bir ağac kəsmək qanunla yasaqdır, bunu bilirik, bəs ayaq üstə can verən bir ağacın bir insanın ölümünə səbəb olmasına nə ad verək? Bu ölkədə Fövqəladə Hallar adında bir nazirlik var ki, hər məsələyə qarışır. Binaların inşasına, inşaatın keyfiyyətinə, təhvil verilməsinə belə bu qurumun imzası lazımdır. Bəs binanın çardağı uçanda, yuxarıdan dəmir düşüb vətəndaşın ölümünə səbəb olanda bunlar hara baxırlar? Təmir olunmuş o məktəbin çardağının keyfiyyətinə imza atıblarsa, gəlib cavab versinlər ki, niyə uçdu. Bakının mərkəzi küçələrində başını binalara söykəyib "mürgüləyən" çox sayda ağac var və hər zaman yıxılıb ölümə səbəb ola bilərlər. Kimsə tədbir görmür, bir iş görmək üçün gərək illah da bir hadisə baş versin, sonra da kimlərsə lütf eləyib o problemi aradan qaldırmaq haqqında əmr versin. Bakı Şəhər İcra Hakimiyyəti var, bu qurumun Yaşıllaşdırma adında bir idarəsi var ki, bu cür işlərlə məşğul olmalıdır. Demək baş verən hadisənin məsuliyyətini də onlar daşımalıdırlar. "Günəşpetrol"un yanındakı ağac yolumun üstündə olduğundan onun yıxılacağını mən çoxdan təxmin etmişdim. İndi həmin yerdə, yəni "Qara dana" ət dükanının yanında təxminən eyni aqibəti gözləyən daha iki ağac var.
Bakı küləkli şəhərdir, ona görə də burada hansı ağacların əkilməsi üçün mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır. Küçələrin kənarlarında daha çox zeytun və iynəyarpaqlı küknar ağacları əkilir. Mütəxəssis olmasam da gördüklərimdən bu qənaətə gəlirəm ki, bunlar heç də uğurlu seçım deyil. Bilirəm ki, yarpaq tökümünün şəhəri xəzəllə dolduracağını bildikləri üçün bu cür həmişəyaşıl ağaclara üstünlük verilir, amma tökülmüş zeytun meyvələrinin ətrafı necə çirkləndirdiyini də hamımız görürük. Şəhər rəhbərliyi, yaşıllaşdırma idarəsi bu mövzuda Avropa təcrübəsindən öyrənməlidir. Şəhərdə elə ağac əkmək lazımdır ki, həm şəhəri zibilləməsin, həm də vətəndaşın üstünə aşmasın. Yəni Bakı kimi yerlərdə milköklü, hər küləklə yıxılmayan ağaclar əkilməlidir. 
Bakının dərdi bir deyil, iki deyil ki... 25 il əvvəl Yeni Yasamala köçəndə çox sevinmişdim ki, şəhərin səs-küyündən, tıxacdan, hisli hava udmaqdan canımız qurtardı, amma indi bu saydıqlarımın hamısı yaşadığım yerdə artıqlaması ilə var. Piyadalar üçün gedib-gəlməyə normal səkisi belə yoxdur. İnanın ki, bəzi yerlərdə səkinin eni 20-30 santimetrdir, iki nəfər üz-üzə gələndə mütləq biri avtomobil yoluna düşməli olur. 30 santimetrlik səki də mailidir, əgər ayağın bir balaca büdrəsə, şappıltı ilə avtomobil yoluna, böyük ehtimalla avtomobilin altına yıxılacaqsan. Yeni Yasamalın ana yolu səhər-axşam tıxacdır. 5-6 il əvvəl ölçüb-biçmişdilər ki, yolu genişləndirəcəklər, amma sonra nə oldusa bu fikirdən daşındılar. Doğrudur, Yasamalda, indiki Asan Xidmətin yanından şəhərə yeni yol açdılar, amma o da yetərli olmadı, tıxac əvvəlkindən də sıx olaraq qalır. Həmin vaxt Yasamalda bir başçı vardı, harada barmaq basmağa bir yer vardısa, satdı. Hündür binaların yanına, altına əlavələr edib obyektlər açdılar. Bütün bunların hamısının necə əmələ gəldiyini uşaq da bilir. Camaata nəfəs almağa, istirahət eləməyə yer qoymadı. Həyətlərə giriş-çıxış da problemə döndü. 
20 yanvar dairəsi ətrafında həmişə tıxac var. Gah yolu ordan bağlayıb-burdan açırlar, gah burdan bağlayıb-ordan açırlar, amma vəziyyət dəyişmir. Bacarmırsınızsa, kənardan başı çıxan mütəxəssis dəvət edin, sizə başa salsın ki, nəyi neyləmək lazımdır, cənablar. 
Səkilərdə vulkanizasiya, maşınyuma, benzindoldurma məntəqələri var. Hər kəslə razılığa gəlib deyirlər ki, get işini gör, nəticədə olan vətəndaşa olur, yolu əlindən alınır, həyatı üçün təhlükə yaranır. 
Bakıda keçirilən Avropa oyunlarından bir qədər əvvəl bir çox küçələrin kənarına hündür divarlar çəkdilər ki, xaricilər bizim ayıbımızı görməsinlər. Həmin o şifer divarlar özü hazırda çox çirkin vəziyyətdədir və onları yığışdırıb, camaata normal səki düzəltmək lazımdır, amma nədənsə bu məsələ kimsənin yadına düşmür. Piyadalar da o şifer divarların arxasında kimlərinsə paltar şəritinin altından keçərək, ya da kol-kosa ilişərək yoluna davam etməlidirlər.
Yol ötürücülərinin altından keçmək də bir başqa dərd. Başını qaldırıb baxanda görürsən ki, daş üzlükləri körpünün kənarına mismarla bərkidiblər, çoxu da tərpənir. O daş üzlüklər ordan mütləq düşəcək, ona görə də gərək ordan keçəndə gözün yuxarıda olsun ki, ucuz qəzanın qurbanı olmayasan. Yol ötürücülərinin ortasından əksər hallarda su damcılayır, çünki körpünün üstünə əkilmiş bəzək kollarını suvarırlar. Betonların birləşdiyi yerlərə vurulmuş taxta və dəmir parçaları bir çox yerlərdə havadan asılı qalıb. Nə deyəsən axı, hara çevirirsən-çevir, hər üzündən bir təhlükə çıxır.
Bu xalqa xor baxmayın, bu xalqın balaları canından keçıb haqqımızı geri alıblar, alnımızı ağ, başımızı uca ediblər. Bu xalq əzilməyə deyil, hörmət, sayğı görməyə layiqdir. Prezident hər toplantıda məmur özbaşınalığından danışır və onları hər cür haqsızlıqdan uzaq durmağa, xalqa xidmət etməyə çağırır. Bunlar nə Allahdan qorxurlar, nə Prezidenti eşidirlər, nə də qanunu saya salırlar, yoxsa bu qədər qələti eləməyə ürək eləməzdilər. 
Nə deyim, vallah! Söz var, deyirlər ki, Allahdan qorxmayandan qorx. Yəni beləsindən hər cür alçaqlıq gözləmək olar. Amma heç olmasa sizdən bir qədər əvvəl o kreslolarda oturmuş, indi də iki-bir, üç-bir məhkəmə önünə çəkilən gözü çıxmış qardaşlarınızın aqibətini göz önünə gətirin və düşünün ki, o gündən sizə də var. Allah tezindən eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top