SƏMƏD MƏLİKZADƏ

Mən bir sahibsiz köpəyəm Xırdalan parkında...

Mən bir sahibsiz köpəyəm Xırdalan parkında...

SƏMƏD MƏLİKZADƏ

Sən nə istəyirsın? Axı  mən sənə hürmürəm, heç kəsi narahat etmirəm. Öz canımın hayındayam. Heyim kəsilib, sümüklərim sızıldayır, bədənim titrəyir. Quru çörək boğazımdan keçmir. Bir yandan soyuq, o biri yandan aclıq... Özümü  günə verirəm ki, bəlkə canım isinə. Qarlı-çovğunlu  günlərdə yıxılıb qalmışam bu ağacın altında. Hər gün yanımdan onlarla insan ötüb keçir. Bir Allah bəndəsi niyə burada qaldığımla maraqlanmır. Hətta adam var gündə iki dəfə ev itini bu parkda gəzməyə çıxarır, onu şirin dillə gəzdirir, qadın kimi nazını çəkir, hətta qucaqlayır, öpür, amma bir dəfə də olsun dönüb mənə baxmır. Çünki mən sahibsiz köpəyəm. Qulağımdakı "birka"ya baxma, kimsə boş yerə keçirib, haradasa adıma pasport da açıblar, guya mən də bu məmləkətin sakiniyəm... Bilirəm, sabah sən də işsiz-  gücsüz qalsan, heç kəs qapını açıb nə gündə olduğunu, nə yeyib-içdiyini  soruşan deyil.
Bax, biri ağacla vurur, o biri təpiklə. Mən kimin yerini dar edirəm? Bəlkə bu parkı da kiməsə satıblar. Axı buralarda satılacaq başqa yer qalmayıb.
Əvvəllər günümü parkın ayağındakı  restoranın yaxınlığında keçirirdim. Çox itdən yaxşı dolanırdım. Çünki restoranda bişirilən xörəklərin qalıqlarını, sümükləri gətirib tökürdülər zibil qablarının ətrafına, mən də yeyib şellənirdim. Daha çox axşamı gözləyirdim. Çünki manqallar gecə yarıyadək yanırdı, ətlər cızhacız bişir, ətrafdan keçənlərin çoxu kimi, kababın iyi məni bihuş edirdi. Yadıma küçüklüyümdə keçirdiyim işıqlı günlər düşürdü. O illəri xoşbəxt uşaqlığımın bir parçası kimi tez-tez xatırlayıram, xüsusilə insanları dəstə-dəstə yeyib-içən, şadlanan görəndə. Belə anlarda insanlar da özlərini daha xoşbəxt hiss edir, səxavətli olurlar.
Belə xoş günlərin biri idi. Sürünün sahibi olan deputat yenə dəstəsi ilə yaylağa gəlmişdi. Yenə yağlı bir toğlu kəsilmişdi. Çoban qoyunun içalatının çoxunu sürünün ən sevimli iti olan anamın qarşısına atmışdı. Qoz ağacının altında qoyulmuş uzun masanın ərafında məclis şən keçirdi. Əhli-kef deputat arada çobanı çağırıb nəsə tapşırdı. Çoban oradan ayrılıb bir qədər nəsə axtardı. Sonra əlində kəndir bizə tərəf gəldi. O xaltanı mənim boynuma keçirib, kəndirin ucunu ağaca bağladı. Anam mənə baxıb göz yaşı tökürdü. Başa düşdüm ki, ayrılıq günləri başlayır. Biz artıq sakitcə dayanıb üzücü bir kədərlə bir-birimizə baxırdıq...
Axşam məni maşından çəkib yerə saldılar və geniş həyətin bir tərəfində bağladılar. Sakit bir yay axşamı idi. Ağlımdan keçdi ki, yəqin bir azdan çoban sürünü yaylıma aparacaq və anam sürünün yanı ilə dolanıb qoyunları qurddan qoruyacaq. Ancaq anamın xəyalı daim mənim yanımda olacaq.... O gecə anam üçün qəribsədim, geniş Küdrü düzü üçün darıxdım. O sakit, sərhədləri üfüqlə birləşən düzdə yağış suları ilə formalaşan cülgələrə ( gölməçələrə) yaxın qarağan və yulğun kolları arxasında kölgələndəyimiz, tülkü, dovşan arxasınca qaçdığımız günlər bir röya kimi unudulmazdır... Anam yaşayırmı görən? Təkliyə necə dözür?
Bir gün küçədə bir küçüklə rastlaşdım. Məni görən  kimi başladı özünü yeyib tökməyə. Sanki demək istəyirdi ki, sən kimsən ki, əlini-qolunu sallaya-sallaya buralarda gəzirsən? Bir bəhanə edib üstümə atıldı. Çox həyasızlıq elədi deyə əlacsız qalıb bir pəncə vurdum. Vingildəyə-vəngildəyə qaldı küçənin ortasında. Havadarları çox idi deyə çıxdım aradan. Sən demə, o küçük böyük itin balasıymış. Bunun üçün də məni yenidən zəncirlədilər. Bir neçə gün ac saxladıqdan sonra başıma torba keçirib maşına mindirdilər. Xeyli getdik. Bir neçə saatdan sonra maşın dayandı. Başımdakı torbanı çıxardılar və zəncirimi açıb quru çölə buraxdılar. Günlərlə ac yaxınlıqdakı dəmir yolunun altından keçən körpüdə gizləndim. Qorxudan uzaqda görünən şəhərə getməyə qorxurdum. Aclıq güc gələndə dözmədim. Şəhərin kənar məhəllələrindən birinə girdim. Gecələr zibil qutularının kənarına atılan nə isə tapıb yeyirdim. Bir gecə iki qancıq məni o ki var dişləyib, sürüdülər, daha qorxudan o zibil yeşiklərinə də yaxın gedə bilmədim...
Bir gün məhəllədəki sahibsiz itləri tutub xüsusi yerə apardılar. Onların arasında mən də vardım. Bədənimdəki yaraları sarıdılar, doyunca yemək verdilər. Qarnım doyurdu, ancaq gözüm doymurdu. Günlər yeknəsək keçirdi. İllah da qəfəsdə yaşamaq məni üzürdü. Çünki mən azad yaşamağı, rahat gəzib-dolanmağı hər şeydən üstün tuturam. Buna görə də imkan düşən kimi oradan qaçıb bu parka gəldim.  Əvvəllər qarnımı doyura bilmirdim, ancaq azad bir it idim. Bir müddət sonra özümə dostlar qazandım. Onlar da azadlığı hər şeydən üstün tuturlar. Bu dünyada xoşbəxt ulduz altında doğulanlar az deyil. Amma onların çoxunda qürur hissi olmur. Mən belə yaşamağı sevmirəm. O da var ki, özünə hörmət edən hər yetənə diş qıcamaz.
Bax, gör qabağıma nə qədər quru çörək atıblar. Amma yeyə bilmirəm. Əvvəllər çörəklə bərabər bir tikə ət, kolbasa da atırdılar. İnsanları qınamıram. Çünki onların çoxu pis dolanır. İmkanlıların isə öz itləri var. Varlılar itlərinə çoxlu pul xərcləyirlər. İtləri üçün xidmətçi də tutur, xaricdən yemək, ev gətirdirlər. Xidmətçilər o itləri tez-tez gəzintiyə çıxarırlar. Hətta elə xanımlar var ki, o itləri qucağına alıb yatızdırırlar... İt olasan, belə bəxtin ola. Elə düşünməyin ki, mən onlara həsəd aparıram, yox. Əgər insanların çoxu çətin dolanırsa, biz necə bolluq içində yaşaya bilərik. Demək bu məmləkətdə yaşamaq çətinləşir...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top