ƏLİ ÇƏRKƏZOĞLU

Ayrılığın o üzündə

Ayrılığın o üzündə

ƏLİ ÇƏRKƏZOĞLU
Yaş altmışı keçəndən sonra insan həyatına arzulardan daha çox xatirələr yön verir. Olub keçənləri bir daha götür-qoy edirsən, gözlərin önündən çox şeylər keçirirsən və ən doğru qərarı verməyə çalışırsan. Çünki altmış yaş otuz yaş deyil və bu yaşın xətasını düzəltmək hələm-hələm hər kəsə nəsib olmur. Amma yaddaş,  xatirə deyəndə də dönüb geridə böyük bir boşluq görürsənsə, qolların boşalıb yanına düşür. Boşluq da nə boşluq, ucu-bucağı görunməyən bir səhra gətirin göz önünə, hara baxsan, bomboz qum dalğaları, nə dağı var, nə dərəsi; nə gələni var, nə gedəni; ulasan bir inni-cinni səsini eşitməz; göyün üzü də bomboş, bir əlçim bulud da görünmür ki, onunla başını qatasan.
Təbii ki, hər kəs öz keçmişindən, öz təcrübəsindən danışır və dünyanı anladığı kimi də anlatmağa çalışır. Mən də qadın səsinə bənzəyən cır səsimi bu cəmiyyət xoruna qataraq bu fani dünyada baş girlədim, hamı kimi doğulanda ağladım, uşaq oldum, məktəbə getdim, orta məktəbi qurtarana qədər üç-dörd qız keçdi ürəyimdən, amma heç birinə bir kəlmə deyə bilmədim, sonra ali məktəb oxuyub diplom aldım, evləndim, övlad atası oldum, bir az orda, bir az burda işə girib aldığım məvaciblə ailə dolandırdım, övlad toyu elədim və bir gün baxdım ki, küçədə məni “ay ağsaqqal”, “ay dayi”, hətta “ay baba” çağırırlar. Yox, yox, əsla “ömür keçdi, gün keçdi” deyib heyifsilənmirəm və heyifsilənənləri də sevmirəm: “Əgər qocalmaq istəmirdinsə, cavan öləydin”. Əlqərəz, mənim davam başqaları ilə deyil, özümlədir. Bilmirəm xarakter etibarı ilə zəifliyimdir, yaxşı, ya pis xasiyyətimdir ki, yaşadığım o əlamətdar deyilən günlərin, hadisələrin heç biri yaddaşımda deyil. Nə deyim axı, heç vaxt ad günü keçirməmişəm və elə düşünmüşəm ki, belə bir məclis olsa, əvvəldən axıra qədər canım sıxılacaq və özümə nifrət edəcəm. And içərəm ki, heç toy günüm də yadımda deyil. Hərdən övladlarımın uşaqlıq şəkilləri qarşıma çıxır və əksər hallarda mən o şəkillərin nə zaman, harada çəkildiyini yadıma sala bilmirəm. Arada bir evdəkilər gileylənirlər və mən içimdə onlara haqq qazandırıram, çünki yaşı otuzu keçmiş övladımın uşaqlığından üç xatirə belə yoxdur yaddaşımda. Ən çox yadımda qalan odur ki,  böyük oğlum altı, ya yeddi yaşında bir bazar günü həyətdə yıxılıb qolunu qırmışdı və mən onu xəstəxanaya aparıb qolunu  gipsə qoydurmuşdum. Bir həftə sonra gipsi açanda oğlum bayılıb qucağıma düşmüşdü və həkim də demişdi ki, adi haldır, çünki gips açılanda o nahiyəyə güclü qan axını baş verir, bu da bir çox hallarda kiçik bayılmalara səbəb olur. Oğlum ayılan kimi üzümə baxmışdı və mən onun gözündəki güvəni, arxayınlığı görmüşdüm. Əslində eyni ağrını və duyğunu mən də yaşamışdım. Mən də on altı yaşımda qolumu qırmışdım və atam məni sınıqçıya aparmışdı. Onda belə sınıq, çıxıq işlərinə görə həkim qapısı döyməzdik, sınıqçıya gedərdik. Sınıqçı qolumun qırığına baxıb “hımm” eləmiş və baş işarəsi ilə köməyə adam çağırmışdı, yəni bunun işi ağırdır, gəlin əlini, ayağını tutun ki, işləməyə əngəl olmasın. Mən də demişdim ki, kimsə əlimi, qolumu tutmasın, bircə atam başımı qucağına alsın, vəssalam. Sınıqçı da qətiyyətimi görüb razılaşmışdı və mən ağrının dəhşətindən bayılıb atamın qucağına düşmüşdüm.   
Təbii ki, xatirələrim təkcə özümün və oğlumun qolunun qırılması deyil, eləyib peşman olduğum, eləməyib peşman olduğum, istəsəm də unuda bilmədiyim, vicdan əzabı ilə, təsəlli kimi gələn xatirələrim var, amma bu dünyada mənim üçün heç unuda bilmədiyim iki fərqli il, iki böyük hadisə var; biri son dərəcə ağır, dəhşətli, unudulması mümkün olmayan bir faciə; o biri də gözü yaşlı, amma hüznlə hüzurun yoğrulmasından əmələ gəlmiş və dadı sözlə ifadə edilməyəcək möhtəşəm bir duyğu. Evin bir divarı yıxılıb içinə dağılanda necə olursa, bir neçə il əvvəldən başlamiş uçqun prosesi 1993-cü ildə ən dəhşətli mərhələyə çatmiş və Azərbaycanın bir tərəfi uçub o biri tərəflərinin üstünə tökülmüşdü. Onda təkcə torpaqlarımızı deyil, sifətimizi də itirmişdik, adamlarımız idimsiz, ələbaxan olmuşdular, hamı yollara, çöllərə tökülmüşdü, hamı çörək dərdindəydi, hamının sıfətindən zəhər yağırdı, adamlar, gülüşü, təbəssümü o torpaqlarda qoyub gəlmişdilər elə bil. Güləndə də gülmürdük, hırıldayırdıq. Allaha sonsuz şükürlür olsun ki, daha keçdi, 1993-cü ildə hər birimiz bir fərd və toplum, xalq olaraq itirdiklərimizi 2020-ci ildə geri ala bildik. 1993-cü ildə sinəmizdə açılmış o şırım, o yarğan 2020-ci ilin zəfəri ilə sağaldı, yeri doldu, doğrudur, gül üzlü balalarımız getdi, canımız yandı, amma o igidlərimizin tökülən qanı bir xalq, bir ulus olaraq üzümüzü ağ elədi. O illərin əzilmiliyi üstümüzdən gedib, qürurlu, ləyaqətli adamlar olmuşuq. Kim nə deyir-desin, bu gün insanlarımızın bir-birinə münasibəti 5 il əvvəlkindən çox fərqlidir, həm də yaxşı mənada. Bundan sonra o əzilmişliyi, o ağrını düşmənlərimiz yaşasın. 
Doğrudur, mən məcburi köçkün olmamışam, amma doğulub böyüdüyün torpağa gedə bilməməyin, ata qəbrini ziyarət edə bilməməyin nə qədər üzüntülü olduğunu iliklərimə qədər yaşamışam. Halbuki tələbəlik illərində və eləcə də sonrakı mərhələdə ayda ən azı iki-üç dəfə gedib oraları gəzib gəlirdim. 80-ci illərdə tələbə yoldaşlarım deyirdilər ki, Bakının ən varlı adamları 5 manat başı da, üzü də qırxdırır, bu Əli yarımkeçəl başını 13 manata qırxdırır. Əslində o rəqəmi də özüm demişdim, beş manat qatarla ora, 1 manat mələfə pulu, yenə 5 manat və 1 manat geri, 1 manat da bərbər Qudülüşün haqqı. Bərbər Qudülüş kəndimizin ən maraqlı adamlarından biri idi, bərbərlikdən əlavə ovçuluğu da vardı. Balaca bir əl çantası vardı, içində də hər cür bərbər ləvazimatı. Həmişə də bir siyahı olardı o çamadanda, bərbərxanaya gələ bilməyən qocaların siyahısı, hərəsinin də öz günü vardı. İşdən çıxanda həmin o çantasını götürüb qocaların evinə gedər, onları öz evlərində təraş edərdi. Camaat da bu ədəbinə görə Qudülüşü çox istəyərdi və mən də elə fikirləşirdim ki, bir dəfə başımı başqa bərbər qırxsa, Qudülüş gələn dəfə baxan kimi biləcək ki, bu baş onun əl işi deyil.  Bərbər Qudülüşün şəxsində yada saldığım o kənd 1993-dən əvvəlki kənddir. 93-dən 2020-yə kimi böyük bir boşluq var həyatımda. İndi nə o kənd var, nə o kəndin içindən keçib Naxçıvana, Yerevana gedən dəmir yolu. Bir salamat ev qalmayıb, asfalt yollarımızı belə qazıb xaraba qoyublar, dəmir yolunun yerində isə dərin bir boşluq var. Goreşən düşmənlərimiz təkcə polad relsləri deyil, onların altındakı şpalları da, yolun təməlinə tökülmüş çınqılı da daşıyıb aparıblar. Canımız sağ olsun, əvvəlkindən də yaxşı evlər tikəcək, yollar çəkəcəyik. Amma bu yeni kənd o kənd olmayacaq. Rəhmətlik Məmməd Aslan deyirdi ki, O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər. İnsanlar yeni olacaq, münasibətlər, qonşular başqa olacaq, o vaxt biz cavan idik, qismət olsa, indi kəndin ağsaqqalları olacağıq. Köhnə qonşularımızdan dördünün adı Mustafa idi, Qurbanoğlu Mustafa, Gərayoğlu Mustafa, Balakişioğlu Mustafa və həkim Mustafa. İndi heç biri o yurda qayıtmayacaq, dördü də dünyadan köçdü bu 27 ildə. 
Bu uzun illərin ayrılığından sonra xaraba qalmış o kəndə, baş daşları qırılmış o qəbiristana qayıdacağıq, utansaq da, o məzarlara, o dağlara baxmağa üzümüz olmasa da qayıdacağıq, çünki ora bizimdir, bizim vətənimizdir, öləcək yerimizdir. Hazırda elə bil ki, havadayıq, 2020-ci ilin 10 noyabrında havalanmışıq və yaxında o torpaqlara qonacağıq. Yeni həyat başlayacaq, həyatımızın üçüncü və inşallah ən mənalı mərhələsini yaşayacağıq. O torpaqlar üçün igidlərimiz candan keçıblər, oraları canlandırmaq, göylərini əzan səsi ilə, bayrağımızın rəngləriylə süsləmək bizim vətəndaşlıq borcumuzdur. Vətənə, millətə xeyirli olsun!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top