ƏLİ ÇƏRKƏZOĞLU

Gün bu gündür

Gün bu gündür

ƏLİ ÇƏRKƏZOĞLU
"Şərikli çörək" filminin sonunda belə bir epizod var: Yanğınsöndürən əlindəki şlanqdan fışqıran su ilə divardakı "vse dlya fronta" (hər şey cəbhə üçün) şüarını yuyur. Çünki artıq müharibə qurtarıb və əhali dinc həyata dönməkdədir.
Yazını niyə bu girişlə başladım, bilirsinizmi? - Çünki bizim təqvimimiz də o lay divar kimi yuyulmalı, qara haşiyəyə alınmış uğursuz günlərdən qurtarılmalıdır. Artıq zamanı gəlib və Cəbrayıl şəhərinin alınması bu istiqamətdə atılan ilk addım oldu. Daha bundan sonra 23 avqust Cəbrayılın işğalı günü deyil, sıradan bir gün olacaq, çünki 4 oktyabr, yəni azad olunduğu gün var. İnşallah bu gediş sürətlə davam edər və biz ən sonuncu yaşayış məntəqəmizin azad olunduğunu bayram edərik. Bu zamana qədər təqvimimizdəki bütün qara rəqəmləri silib yerinə Günəş kimi parlaq bir QƏLƏBƏ GÜNÜ yazarıq. Az qalıb, çox az. Özü də bu bayram elə bir bayram olacaq ki, təqvimimizin ən xoş günü olacaq və hər il o bayrama xeyli əvvəldən hazırlaşmağa başlayacağıq. O gün hərbi parad keçirəcəyik, məktəblərdə, müəssisələrdə tədbirlər ard-arda düzüləcək. Azərbaycanımızın birliyinin bayramı olacaq, qardaşlığının bayramı olacaq, ədalətin təntənəsinin bayramı olacaq, böyük ZƏFƏR GÜNÜ olacaq o gün. Təsəvvür edirsinizmi, bundan sonra artıq Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Füzulinin, Qubadlının, Zəngilanın işğal günü yaddaşımızdan silinəcək, Xocalı yaramıza da məlhəm qoyub sağaldacağıq. Biz o yanğınsöndürənin əlindəki şlanqla bütün şəhərlərimizi, kəndlərimizi tərtəmiz yuyacaq, bağrımıza basacağıq. Bundan sonra bir müğənni başqa bir müğənnini "sən Şuşanın işğal günündə filan yerdə toy oxumusan" deyə ittiham etməyəcək. Təsəvvür edirsinizmi, Xocalı kimi dərin bir yaramız sağalacaq. Gözünün qabağında doğmaları qətlə yetirimiş bir nənə yenidən o torpaqlara dönəcək və nəvələrini bağrına basıb yeni bir həyata başlayacaq.
Bu gün xalqımızın tarixində yeni bir mərhələ başlayır. Tarixi günlər yaşayırıq. Yenidən doğulmuş kimiyik. Ordumuzun qazandığı zəfərlərə, əldə etdiyi uğurlara Azərbaycanda sevinməyən yoxdur. İnsanımızın fərəhdən gözü yaşarır. Bakının hər tərəfi üçrəngli bayrağımızla bəzənib. İnsanlarımız bir-birinə qarşı daha mehriban, daha səmimi olublar. O gün işdən çıxıb maşınla evə gedirdim və yolum "İnşaatçılar" metrosunun yanından keçirdi. Yollar maşınla dolu idi və adamlar da həmişəki kimi yeraltı keçiddən keçmək əvəzinə avtomobil yolundan keçirdilər. Qarşımdakı maşın saxladı, mən də dayandım, orta yaşlı iki xanım yolu keçirdi. İnanın ki, kimsə siqnal vermədi, əsəbi halda qışqırmadı, başqasının xətrinə dəymədi. Və mən piyadaların keçməsini gözlədiyim o saniyələrdə bir daha əmin oldum ki, o anda hər kəs eyni duyğunu, eyni doğmalığı yaşayır. Xalq olmaq budur, bir-birini sevmək, adını bilmədiyin o xanımı anan, bacın, qızın bilməkdir bu düşüncənin adı.
Bu zamana qədər bir güləşçimizin, ya hansısa futbol komandamızın qələbəsinə sevinməyə çalışırdıq. Avroviziya mahnı müsabiqəsində qələbə qazanmağımızı az qala milli bayram halına gətirmişdik. Amma o zamanlar hamımız da bilirdik ki, bütün bunlarla biz özümüzə təsəlli veririk. Bilirdik ki, Qarabağ kimi dərdi olan bir millətin Avroviziyaya sevinməsi özünü aldatmaqdan başqa bir şey deyil. Hansı sahədə olur-olsun qələbənin tamını unutmamaq, əhval-ruhiyyəmizi itirməmək, bir qırıq təsəlli üçün biz könüllü olaraq aldanmaq istəyirdik. Daha keçdi, daha özümüzü aldatmaq, ovutmaq zamanı deyil. Əldə etdiyimiz uğurlar, düşmənlərimizin tar-mar olub döyüşdən qaçması bizə o qədər böyük coşqu, fərəh verir ki, o günləri xatırlamaq belə istəmir adam. Ancaq irəli, ancaq irəli, son kəndə, son kəndin sonuncu evinə, sonuncu evin sonuncu qarışına qədər irəli! Bu savaş iki əsrin qisasıdır. Bu zəfər ədalətin təntənəsidir. Bizim haqlı olduğumuzu kimsə inkar eləmir, biz haqqımızı alırıq, həm də qanımız bahasına alırıq.
Neçə-neçə insanımız bu günü gözləyə-gözləyə dünyadan köçdü. Bu günə qədər Qarabağ müharibəsində yazılmış əsərlər, çəkilmiş filmlər böyük ölçüdə öz əhəmiyyətini itirəcək, hər şey yenidən yazılacaq. Bu zamana qədər yazılanların sonluğu yox idi, o yazılanlarda bir nəfər bir qoşun ermənini öldürsə də, real görünmürdü, çünki sonuc bizim xeyrimizə dəyişməmişdi, işğal altında qalan bizim torpağımız, yurd-yuvasından didərgin düşən bir milyon insan bizim insanımız idi. Ona görə də yaza bilənlər də yaza bilmirdilər. İndi isə bütün üfüqlər açıqdır və sən xəyal qanadlarında havalanıb məsələni istədiyin kimi yekunlaşdıra bilərsən, çünki zəfər bizimdir, Qarabağ göylərində dalğalanan bayraq bizim bayrağımız olacaq inşallah.
Hazırda qızğın döyüşlər gedir və biz hələ Şuşamızı, Laçınımızı azad eləməmişik, amma mən bu yazını tam bir qalib ədası ilə qələmə alıram. Çünki əminəm, qələbənin yaxında, lap yaxında olduğuna inanıram. Biz döyüş meydanında heç zaman bu qədər üstün, bu qədər güclü olmamışdıq və indi mənfur düşmənlərimiz dünyaya haray çəkib "bizi Azərbaycanın əlindən qurtarın" deyə yalvarırlar. Erməniliyin mahiyyəti budur: bir neçə ay əvvəl mənim doğma yurdum Cəbrayılda kabab çəkib dünyaya yandıq verirdi, "Qarabağ ermənistandır" deyib dediyinin dalına da bir "toçka" qoyurdu, harsını bizim əsgərimizə güllə atırdı, indi də məzlum cildinə girib dünyadan kömək istəyir. Bu qədər haqsız və bu qədər həyasız...
Zəfər bizimdir inşallah, amma qələbədən sonra erməni ilə münasibətimizi düşünəndə böyük Mehmet Akif Ərsoyun sözü ağlıma gəlir:
Tarixi təkərrür deyə tərif ediyorlar,
Heç ibrət alınsaydı, təkərrürmü olurdu?!
Deyirlər ki, tarix təkrarlardan ibarətdir, amma heç ibrət alınsa, təkrarlar olarmı? Bu erməni bəlası bir deyil, bir neçə dəfə başımıza gəlib, amma hər dəfə də unutmuşuq. Amma bu dəfə unudulan deyil, çünki 30 ilin qisası var, minlərlə şəhid var, qanla yazılan yeni tarix var...
Gün bu gündür, zəfər bu zəfər, bayram bu bayramdır. Ölmək yox, öldürmək var; qaçmaq yox, qovmaq var; ağlamaq yox, sevinmək var...
Əziz Allah bizə bu sevinci sona qədər yaşamağı qismət eləsin! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycan əsgərinə!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top