ƏLİ ÇƏRKƏZOĞLU

Ən böyük zəfər günümüz

Ən böyük zəfər günümüz

ƏLİ ÇƏRKƏZOĞLU

Qara haşiyələrlə, ağır itkilərlə dolu təqvimimizdə  təsəlli tapdığım yeganə gün 15 sentyabrdır. Kim ona Bilik günü deyir-desin, 15 sentyabr mənim üçün hərbi-siyasi tariximizin ən böyük ZƏFƏR günüdür. O gün bir xalq olaraq bizim bu torpağa möhürümüzü vurduğumuz gündür. O gün bir xalq, bir dövlət olaraq dünyaya varlığımızı elan etdiyimiz gündür.
Bəziləri yanlış olaraq bizim yetmiş il rus işğalında qaldığımızı deyirlər. Biz yetmiş il deyil, yüz doxsan il o qara buludun altında dolanmışıq. Tarixin hər mərhələsində, döngəsində bizə yağı kəsilən şimal qonşularımız hər dəfə də erməniləri üstümüzə qısqırdıblar. Anadoludan və İrandan gətirdikləri erməilərə bizim tarixi torpaqlarımızda dövlət qurublar, onları başımıza bəla ediblər, bizdən xırda-xırda yonub onların yerini-yurdunu genişlədiblər. İstər çarizm, istərsə də sovet dövründə erməni-rus şovinistləri tariximizə o qədər "qara ləkə"lər salıblar ki, saysaq, ondan artıq edər.
15 sentyabr bir çox baxımdan bizim üçün dəyərlidir. Bu yazdıqlarıma inanmayanlardan xahiş edərdim ki, mərhum yazışımız Manaf Süleymanovun arxiv materialları və şahid ifadələri əsasında qələmə aldığı "Oxuduqlarım, eşitdiklərim, gördüklərim" kitabını tapıb oxusunlar və Türkiyə-Azərbaycan qardaşlığının bir şüar deyil, həqiqət olduğuna inansınlar.
Doğrudur, Azərbaycan Xalq Cümhuriyyəti hələ bu tarixdən bir qədər əvvəl, mayın 18-də  Tiflisdə elan olunmuşdu. Amma hələ o Cümhuriyyətin varlığı Qafqaz İslam Ordusunu və yerli döyüşçülərimizin silahlarının ağzında idi. Yəni 15 sentyabr olmasaydı, heç 28 mayın da bir əhəmiyyəti olmayacaqdı, sən o Cümhuriyyəti hansı torpaqlarda quracaq, bayrağını hansı səmalarda dalğalandıracaqdın?
Bu zəfərin bir başqa əhəmiyyəti də onda idi ki, onun əldə olunmasında dost əli, qardaş həniri bizimlə birlikdə oldu. Hərdən gedib iki yanaşı şəhidliyi ziyarət edirəm və orada dəmir lövhələr üzərinə həkk olunmuş şəhid adlarını, onların  hansı məmləkətlərdən, vilayətlərdən olduğunu sayıram. Orada Mədinədən, İordaniyadan, Kosovadan və bu gün çox uzaq, öğey bildiyimiz ölkələrdən gəlib bizim üçün şəhid olanların adları var. Təbii ki, ən çox şəhid Anadolunun vilayətlərindən, Ərzurumdan, Konyadan, Malatyadan, Ərzincandandır. Qəribə bir gerçəyi də diqqətinizə çatdırmaq istəyirəm: O siyahıda ən çox şəhidi olan vilayət Kırşehirdir. İllər öncə bu mövzuda qələmə aldığım bir yazıya da elə bu adı vermişdim: "Kırşehirdən qırx şəhid".  Mənim üçün o Türk Şəhidliyi, orada yazılmış adlar çox böyük həqiqətləri ifadə edir. Biz bu torpaqlarda mövcudluğumuzu Allahdan aşağı o orduya borcluyuq. O ordu, o şəhidlər bizim vicdanımıza, heysiyyatımıza tarixin əmanətidir. Onlar bizim üçün canlarını veriblər, biz onlara çox şeyimizi borcluyuq. Heç olmasa bu həqiqəti unutmayaq, nəsil-nəsil övladlarımıza ötürək.
Bəzi qaynaqlar yazırlar ki, Qafqaz İslam Ordusu Gəncəbasardan başlayıb Bakıya qədər davam edən o zəfər yürüşündə 1130 əsgərini şəhid verdi. Tam səmimiyyətlə inanıram ki, bu göstərici o məhtəşəm həqiqəti əks etdirmir, yəni çox az, çox kiçik hissəsini göstərir. Yeri gəlmişkən bir tarixi həqiqəti də xatırladaq ki, o əsgərlərin bir hissəsi də evlənərək burada qalıblar. Sovet hakimiyyəti illərində xalqımız müxtəlif yerlərdə olan türk qəbirlərini hörmətli tutub, onları gizli-gizli ziyarət edib, o şəhidlərin ruhuna dualar oxuyub.
Məhz həmin zəfərlə Azərbaycan öz varlığını dünyaya elan elədi, bayrağını göylərə yüksəltdi, himnini səsləndirdi, milli pulunu dövriyyəyə buraxdı, sərhədlərini dünyaya qəbul etdirdi. AXC-nin ilk xəritəsində ərazisi 114 min kvadrat kilometrdir, sonrakı illərdə, Lenin və Stalinin, sonra da xələflərinin ölkəmizə qarşı apardıqları düşmənçilik siyasəti nəticəsində bu göstərici 60 minə qədər düşüb.
Və nəhayət ən böyük gerçəyi söyləmək istəyirəm: tarixi araşdırmalar göstərir ki, o ordu gəlməsəydi, o ZƏFƏR olmasaydı, Azərbaycan Rusiyanın, sonra da SSRİ-nin tərkibinə müttəfiq respublika kimi deyil, ən yaxşı halda muxtar respublika statusu ilə daxil ediləcəkdi ki, onun da sonrakı aqibətini təsəvvür etmək çətin deyil.
İllərdən bəridir ki, o ZƏFƏRin rəmzi kimi tanınmış Nuru Paşanın adına abidə ucaldılması məsələsi gündəminə gəlir, amma nəticəsi olmur. Bu iş mütləq görüləcək, bu gün, ya sabah. Bakının görkəmli bir yerində Qafqaz İslam Ordusuna, onun komandanı Nuru Paşaya kompleks ucaldılmalıdır. Bizim üçün canlarından keçən bu qədər insanı dəyərli tutmaq bir xalq olaraq borcumuzdur. 15 sentyabr haqqında çox yazılmalı, danışılmalı, tarixi gerçəklər gün üzünə çıxarılmalıdır ki, bu gün internetlə, sosial şəbəkəlrlə yetişən nəsillərimiz dostu-düşməni tanıya, bir-birindən ayıra bilsinlər. Tarix kitablarında 15 sentyabra geniş yer verilməli, telekanallarımız bu haqda geniş təbliğat işi aparmalıdır.  Unutmayaq ki, istər insan olsun, istər xalq, başına gələnlərdən dərs çıxarmayan eyni bəlanı təkrar-təkrar yaşamalı olur. İstiqlal şairi, böyük ustad Mehmet Akif Ərsoyun belə bir sözü var:
Tarixi təkərrür deyə tərif ediyorlar,
Heç ibrət alınsaydı, təkərrürmü edərdi?
Allah-Taala o dəhşətləri bir daha bizə göstərməsin və dost-düşməni ayıra bilmək düşüncəsi və itirdiklərimizi geri ala bilmək üçün təpər, cəsarət qismət eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top