ƏLİ ÇƏRKƏZOĞLU

Bizə elə lüğət lazımdır ki...

Bizə elə lüğət lazımdır ki...

ƏLİ ÇƏRKƏZOĞLU

Başımı qaldırıb baxanda mağazanın adı diqqətimi çəkdi: "Məktəb ləvazimatları". "Ləvazimat" sözünün arxasına "lar" şəkilçisinin artırılması bilənlər üçün gülünc mənzərə yaradır. "Məktəb" də, "ləvazimat" da ərəb mənşəli sözlərdir. "Məktəb"lə işimiz yoxdur, "ləvazimat"dakı cəm şəkilçilərini saymaq istəyirik. Bu sözün əsli "lazım"dır, ərəb dilinin qanunlarına uyğun olaraq flektiv, yəni daxili cəmlənmə ilə olub "ləvazim", yəni "lazımlar", növbəti mərhələdə bir daha cəmlənərək "ləvazimat" şəklini alıb, üzərinə də üçüncü dəfə cəmlənərək "ləvazimatlar" halına gəlib. Yəni "lazım + lar + lar + lar". Əslində "ləvazimat" da "camaat" kimi çoxluq bildirir və sonuna "lar" artırmağa ehtiyac yoxdur.
Bəzən dilimizdə elə qəribə, əcaib hallarla rastlaşıram ki, "ləvazimat" onların yanında toya getməli olur. Sözlər ehtiva elədiyi mənaları itirir, başqa mənalar daşımağa başlayır, ya da anlaşılmaz hala gəlir. Danışırıq, amma işlətdiyimiz sözün mənasını tam dərk eləmirik. Mən demirəm ki, ərəb sözlərini bütün mənaları ilə işlədək, sadəcə yüz il əvvəl babalarımızın bir sözü hansı anlamda işlətdiklərini bilək və onu kökündən qoparmayaq.
"Səbir" sözünü çoxumuz başı qapazlı olmaq kimi başa düşür, yəni döysünlər, söysünlər, hər şeyini əlindən alsınlar, amma sən cınqırını çıxarma. Gerçəkdə isə bunun adı səbir deyil, zəlillikdir. Səbir - hər işi məqamına uyğun görməkdir, yeni gələndə gözləmək, yeri gələndə ölümü gözə alıb ayağa qalxmaqdır. Həzrət Əlinin müsəlmanlar arasında qan tökülməsin deyə Müaviyəyə qarşı təhəmmül göstərməsi də səbirdir, İmam Hüseynin ayaqlanaraq Kərbəla çölündə şəhadətə qoşması da. Yəni səbir müsəlmanın həyat ritmi olmalıdır, yeri gələndə dayanmaq, durmaq; yeri gələndə vurmaq. Ona görə də bəziləri bilmədikləri üçün "Allah bu xalqa səbir verməsin" deyə bəddua edirlər.
"Qısqanmaq" sözündən bəhs edək. Hazırda bu söz ancaq ər-arvad arasına sıxışaraq qalıb, ya o bunu qısqanır, ya bu onu. Əslində isə qısqanmaq özünü, öz haqqını müdafiə duyğusudur. Sənə aid olan haqqı başqasına isnad edərlərsə, qısqanmaq sənin təbii haqqındır. Hətta bir hədisdə bildirilir ki, Allah-Taala şeytana uyan bəndələrini qısqanar. Təsəvvür edin, bunu yaradan, yaşadan, ruzisini, aldığı nəfəsi verən Allahdır, amma bu zavallı bəndə Allaha deyil, şeytana qulaq asır. Yəni  hər cür nankorluğun, hər cüt xəyanətin olduğu yerdə qisqanclığın olması təbii haldır. Qısqanmaq güvənsizlik, inamsızlıq deyil, haqqını tələb etməkdir.
Heç sevmədiyim, sevmək bir yana dursun, imkanım olsaydı, lüğət fondundan, yaddaşlardan siləcəyim söz "xoşbəxt" və onun qarşılığı "bədbəxt"dir. Xoşluğu, ya bədliyi bəxtə bağlamaq yanliş düçüncəni doğurur. O məntiqlə yanaşsaq, İngiltərə kralıyyət ailəsində doğulan hər kəs xoşbəxt, Afrikada kasıb ailədə dünyaya göz açan hər kəs bədbəxtdir. Ömür lotereya deyil ki, kimin qabağına nə çıxa-çıxa, ömür dediyin Allahın təqdiri, insanın seçimidir. Allah-Taalanın seçiminə xoş və ya bəd demək insan üçün həddini bilməzlikdir. "Xoş" da, "bəxt" də farslarla ortaq işlətdiyimiz sözlərdir. Bu sözün ərəb dilində qarşılığı "səadət"dir. "Səadət"də bəxt anlayışı yoxdur, mənəvi mahiyyət daşıyır. Bu sözlər dilimizdə sinonim kimi işlədilsə də insanda doğurduğu düşüncə tam fərqlidir. Minillik mənəvi dəyərlərimizə görə, insan hər zaman imtahandadır, qarşısına çıxan hər şey onun üçün bir sınaq vasıtəsidir. İnsanın qazanmağı və ya itirməyi də o sınaqlara necə qarşılıq verməyinə bağlıdır. Kimlərinsə "xoşbəxtlik", bizimsə "səadət" dediyimiz məfhum ani sevinc deyil, insanın könlünün xoş, güvənli olmasıdır, nə qədər çətinlik, eytiyac içində olur-olsun, hər şeyin bir imtahan olduğu düşüncəsi ilə rahat olması və boynuna düşən vəzifəni layiqincə yerinə yetirməsidir. Qazananda xoşbəxt, itirəndə bədbəxt olmaq materialist düşüncənin anlayışıdır. Elə "xoşbəxtlik" və "bədbəxtlik" anlayışı da eyni dünyagörüşünün məhsuludur.
Cihad deyəndə çoxumuzun ağlına savaş, axan qan, ölüm gəlir. Əslində isə cihad canlını öldürməkdən daha çox, insanın doğru yola gəlməsi üçün göstərilən cəhddir. Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) insanın öz nəfsi ilə mübarizə aparmasını döyüş meydanında qılınc çalmasından daha böyük cihad adlandırır. Bu yerdə şox gözəl bir söz yada düşür: "Sən övladını tərbiyə eləmə, özünü tərbiyə elə, övlad sənə baxıb tərbiyə alacaq." Bəli, özünü tərbiyə eləmək cihaddır, həm də böyük cihad.
Son illərdə tam zidd anlama daşınan şözlərdən biri də "müsibət"dir. Bu söz bəlanın isabət etməsi, toxunması deməkdir. "Filankəsin başına müsibət gəldi" demək, "başı bir bəlaya girdi" deməkdir, ancaq son zamanlar bir çoxları bu sözü "son dərəcə yaxşı, keyfiyyətli, gözəl" anlamında işlədir. Doğrudur, bu anlam hazırda ola bilsin ki, küçə deyimi mahiyyətindədir, ancaq getdikcə dildə yerini bərkitməsi adamı narahat etməyə bilməz.
Cəmi bir neçə söz üzərindən mühüm bildiyim bir problemi gündəmə gətirməyə çalışdım. İnanıram ki, bu sözlərin sayını xeyli artırmaq olar. Sözümün canı odur ki, işlətdiyimiz sözlərin həqiqi, doğma mənalarını bildirən bir lüğətə ciddi ehtiyacımız var. Ziyalı olmaq həm də ağzından çıxardığı sözün mahiyyətini anlamaqdır. Mahiyyəti bilmək mühüm məsələdir. Ona görə də akademiyanın əlaqədar institutları belə bir lüğəti ortaya qoyaraq xalqa həqiqi xidmət etmiş olarlar. Təxminən 50 il əvvəl "Ərəb və fars sözləri lüğəti" adı ilə çox gözəl bir kitab çap olunub. Doğrüdür, o kitab klassık şairlərimiz Nəsiminin, Xətainin, Füzulinin, Kişvərinin əsərlərindəki sözləri anlamaq və elmi-ədəbi auditoriya üçün nəzərdə tutulmuşdu, amma inanıram ki, xalqa çox fayda verdi və çoxlarımız o kitabdan çox şeylər  öyrəndik. Biz isə daha praktik, təkcə klassik ədəbiyyatda deyil, günümüzdə işlətdiyimiz sözlərin içində gizli qalmış mənaları ehtiva edən, həm də geniş lügət tərkibinə malik ensiklopedik bir işdən bəhs edirik. Ola bilsin ki, bu çalışma bir deyil, bir neçə cildə sığdı, amma etiraf edək ki, insanlarımızın bir çoxunun öz adının mənasını bilmədiyi günümüzdə belə çalışmaya böyük eytiyac var. Ümumiyyətlə lüğət məsələsi çox önəmli məsələdir və akademiyanın əlaqədar institutları bu söylədiklərimizə laqeyd qalmamalıdırlar. Yoxsa 4-5 ildən bir köhnə orfoqrafiya lüğətinin üz qapağını dəyişib yeni adı ilə çap eləmək xalqı aldatmaqdan başqa bir şey deyil.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top