ƏLİ ÇƏRKƏZOĞLU

Şəkil xəstəliyi

Şəkil xəstəliyi

ƏLİ ÇƏRKƏZOĞLU
Tanınmış jurnalist Səməd Məlikli iki aydır ki, doğulduğu Ağsunun Cəfərli kəndinə gedə bilmir, müğənni Miri Yusif isə təyyarə ilə İstanbula, oradan İzmirə, oradan da Quşadasına gedib, gözəl bir hovuzda şəkil çəkdirib və sosial şəbəkədə paylaşıb. Özü də müğənni tək getməyib, ailə üzvlərini də aparıb. Mən kimsənin haqqına-hüququna qarışan adam deyiləm, Allah halalından yetirsin, bir az da artıq eləsin, Miri Yusif Quşadasına da getsin, Mayamiyə də, Dominikana da, amma onu başa düşə bilmirəm ki, Azərbaycanda sərt  karantin rejiminin davam etdiyi, toy adı tutanın cərimələndiyi, müğənnilərin kanal-kanal dolaşıb ahu-fəğan etdiyi, hətta şou-biznesin əjdahası Nadir Qafarzadənin evini satıb ehtiyaclarını ödədiyini dediyi bugünkü gündə Quşadasından paylaşılan o şəkillər kimin gözünü çıxarmaq üçündür?
Mənim fərdlərlə, xüsusilə də şou adamları ilə işim olmaz, kimsənin xətrinə dəyməyi də sevmirəm, amma baxdığım bütün saytlarda yayılan o xəbər içimdəki yaraları tərpətdi. Niyə belə reklamçı, görüntüyə bu qədər düşkünük axı?
Xətrini istədiyim bir ağsaqqal deyir ki, insan dediyin bu məxluq içindəki boşluğu çölündəki şeylərlə doldurmağa çalışar. Göstəriş üçün yaşayanlar, "hamı görsün", yaxud da "görənlər nə deyər?" düşüncəsi ilə davrananlar içində boşluğu olan adamlardır. Əsgərə getməyənlər hərbi geyimdə, müharibədən qaçanlar silahla şəkil çəkdirməyi sevirlər.
Pullu müğənnilərin milyonluq villalarından verilişlər çəkib göstəririk, dünyanın müxtəlif ölkələrindən gətirilib həyətdə əkilmiş ağacların altında kabab çəkib, samavar qaynadırıq. Bahalı darvaza, üç metr hündürlüyündü hasar, üçmərətəbəli villanın qarşısındakı hovuz, üstü çətirli bahalı yelləncək, avtomobil də ki 150-200 min manatlıq... Süfrəyə o qədər naz-nemət düzülür ki, yemək üçün deyil, görüntü üçün olduğu aralıdan çağırır. Operator həmin o bərkgedən müğənninin saray kimi evindən elə möhtəşəm mənzərələr nümayiş etdirir ki, adamın oturduğu öz halalca evində canı sıxılır. Açıq-aydın görünür ki, operatora nəyi çəkib-nəyi çəkməmək mövzusunda yaxşıca təlimat verilib.
Biz əlimizdəki tikəni yeməkdən daha çox onunla şəkil çəkdirib başqalarına göstərməkdən ləzzət adırıq. Ortabab bir şair, müğənni, artist görən kimi qaçıb yanına qısılırıq ki, şəkil çəkdirək. Niyə axı? O, sənin nəyindir belə, dostsunuz, əsgər yoldaşısınız, ya qohumundur? İlk dəfə rast onunla gəlmisən və ola bilsin ki, bir daha üz-üzə gəlməyəcəksiniz. Hanı sənin şəxsiyyətin, niyə onun-bunun yanına qısılıb görüntü verməyi özünə rəva bilirsən? Toylarda canım sıxılır, hamı telefonu alıb dayanmadan şəkillər çəkir. Bəylə gəlinin arxasında dəstə ilə düzülüb şəkil çəkdirirlər. Ən çox acığım gələn mənzərə də odur ki, müğənni oxuya-oxuya sıraya düzülmüş adamlarla bir-bir şəkil çəkdirərək onları razı yola salır. Adam dağa gedir, şəkil çəkdirir; ağaca dırmanır, şəkil çəkdirir; əyilib bulaqdan su içir, şəkil çəkdirir... Hər şey süfrəyə düzüləndən sonra əvvəlcə şəkil çəkilir, sonra əllər yeməyə uzanır. Şəkil çəkdirmək az qala "bismillah" demək qədər önəmli olub. Delfin kimi baş-başa qoyulmuş bananlar, yanında da diri ananas və doğranmış kivi, sən də çənəni əllərinin arasına alıb düşüncəli baxışla bu gözəlliklər fonunda kameraya poz verirsən. Daha bundan sonra kim sənə nə deyə bilər?
Şəkillər də insanlar kimi yalançı olurlar. Şəkillərimiz saxta təbəssümlərlə, bizə aid olmayan üz ifadələri ilə doludur. Səni tanımayan birisinin yanına qısılıb çəkdirdiyin şəkil yalan söz kimidir. Amma çəkdiririk, doğru, səmimi olduğuna baxmırıq, yanımızdakının haqqımızda nə düşündüyünə əhəmiyyət vermədən şəkil çəkdiririk.
Şəkilə, görüntüyə o qədər aludə olmuşuq ki, sonucun nə olacağını düşünmədən elədiyimiz xətaları da çəkib paylaşmaqdan çəkinmirik. Bu günlərdə bir rabitə işçisi avtomobillə yoxlama məntəqəsindən düz keçməsini, hələ bu azmış kimi yanındakı adamı da postdan keçırməsini çəkib sosial şəbəkədə paylaşdı, nəticədə işindən oldu.  
Avtoşlar yollarda min cür oyundan çıxırlar, elədikləri qanun pozuntularını da çəkib qoyurlar yutuba, polis də gedib əli ilə qoyubmuş kimi tutub aparır, sonra da gəl ödə cəriməni. Bu nə zehniyyətdir, nə düşüncədir, qalırsan mat-məəttəl. Tutaq ki, 07-ni iki təkər üstünə qaldırmaq sənə ləzzət eləyir, sən də qaldırdın, daha bunu niyə çəkib paylaşırsan?
Şəkil həm də xatirədir, günü uğurla tamamlaya bilməyəndə insan təsəllini xatirələrində axtarır. İnsan heç özü də bilmir ki, hansı şəkli onun bu dünyada son xatirəsi kimi baş daşından baxacaq. Gileyli notlarla başladığımız yazı lirik məcraya yönəldi, ona görə də mətləbi uzatmadan nöqtəni qoyaq və imkan varkən bir şəkil çəkdirək, kim bilir, bəlkə bir işə yaradı.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top