ƏLİ ÇƏRKƏZOĞLU

Bəhramın “xalq mahnıları”

Bəhramın “xalq mahnıları”

ƏLİ ÇƏRKƏZOĞLU
Pandemiya söhbəti gündəmi elə məşğul edib ki, dünənə qədər vazkeçilməz hesab elədiyimiz çox mövzular yaddan çıxıb. Bu günlərdə fb-yə göz gəzdirəndə bəstəkar Bəhram Nəsibov haqqında bir yazı diqqətimi çəkdi. Yazını Bəhramın oğlu qələmə almışdı və başdan-başa gileylə, sitəmlə dolu idi. Haqsız deyə bilmərəm, haqlı idi, amma inanıram ki, Bəhram rəhmətlik özü haqqında o cür yazını nə yazmağa, nə yaymağa icazə verərdi. Çox təəssüf edirəm ki, Bəhramla tanış, dost olmamışam. Yəni Bəhram mənim üçün tanış olmadan itirdiyim dostlardan biridir. Yaxın dostlarımdan biri Bəhram haqqında yana-yana bir söhbət danışır və danışanda da hər şeyi o qədər dəqiq, detalları elə aydın ifadə edir ki, sanki yaşananların şahidi olursan, hər şey gözlərin qarşısında cərəyan edir: 80-ci illərin əvvəli imiş və Bəhram öz maşınında dostları ilə Gəncədən toydan qayıdırmış. Yay günü imiş və səhər erkən olsa da hava əməlli-başlı istiymiş. O vaxtlar yol kənarlarında soyuducu qurğular quraşdırıb soyuq sular satardılar. Yevlaxda Bəhram maşını saxlayır və hamı su içməyə düşür. Suyun yanında müxtəlif müğənnilərin kassetləri də satılırmış. Türkiyəli müğənnilərin kassetləri əl-əl gəzirdi onda. Kasset satan oğlan da Nəşə Qaraböcəyin kassetini qoyub, aparatın da bütün səsini açıbmış. Hər kəs bir stəkan su içib maşına əyləşəndə baxırlar ki, Bəhram böyük səsgücləndiricinin dibində eləcə çöküb qalıb, gözlərindən də sel kimi yaşlar axır. Qolundan qaldırıb maşına oturdurlar. Bəhram özünü ələ alıb deyir ki, burdakılar mahnılarımı xalq mahnısı, təsnif adıyla oxuyurlar, türkiyəlilər də adını anonim qoyub yiyəsiz mal kimi paylaşırlar. Sən demə, Qaraböcak Bəhramın mahnısını oxuyurmuş, özü də müəllifi anonimdir deyə. Ola bilsin ki, bu hadisəni danışan dostum ora özündən nələrisə əlavə edib, nələrisə dəyişib, amma elə bilirəm ki, onun danışdığı bu söhbət mənim təsəvvür elədiyim Bəhramın xarakterini çox gözəl açır.
İndiki gənclik, yəqin ki, Bəhram Nəsibovu tanımır, tanıyanlar da haqqında çox az şey bilirlər. Bircə onu deyim ki, eşitdiyiniz xalq mahnılarının ən azı otuz-qırx faizi Bəhramın mahnılarıdır. Xalq mahnısı, təsnif siyahısında Bəhramın 300-dən çox mahnısı var. Arif Babayevin oxuduğu “Qarabağ”, Niyaməddin Musayevin sənət pasportu olan “Şahnaz” təsnifi, Qədir Rüstəmovun, Teymur Mustafayevin oxuduqları “Ay qız”, Əbülfət Əliyevin, Süleyman Abdullayevin,  İslam Rzayevin oxuduqları onlarla mahnılar hamısı Bəhramın duyğularının ifadəsidir. “Sən də həmdəm, mən də həmdəm”, “Var gülüşündə”, “Səni qəmli görəndə”, “Ay gecikən məhəbbətim”, “Sən güləndə”, “Xatirəsən”,  “Gecələr”, “Qurban olum”, “Qal, sənə qurban”, “Saf eşqim”, “Ay dəli ceyran”, “Ay sevgilim, hardasan?”, “Qadan mən alım”, “Naçar gedər”, “Saf eşqim”, “Sənsiz yaşaya bilmirəm”, “Yar gəldi”, “Yoxdur cahanda”... 300 mahnıdan söhbət gedir, təsəvvür edirsinizmi? İki mahnı ilə musiqi tarixinə düşənlər var.
Bəhramın mahnıları səsə hesablanmış mahnılardır, yəni onları indiki kimi bicliklə, aparaturanın köməyi ilə o mahnıları oxumaq mümkün deyil. Ona görə də bu mahnıları ancaq ürəyinə, nəfəsinə güvənən müğənnilər oxuyublar. Elə düşünürəm ki, populyarlığına görə ancaq Tofiq Quliyevin sənətini Bəhramın musiqi dünyası ilə müqayisə etmək olar. Bəhram hərtərəfli musiqiçi olub, yazdığı mahnıların çoxunun sözlərini də özü yazıb, ilk dəfə də özü ifa edib. Bəhram gözəl tar, gitara ifaçısı olub və toylara da elə bu alətləri ilə gedib. Yaxşı qazanıb, yaxşı da xərcləyib, sənət yoldaşlarına da hər zaman qayğı göstərib, pay bölgüsündə ədalətli olmağa çalışıb, ona görə də tanıyıb-bilən hər kəs onun xətrini çox istəyib.
Dövrünün ən populyar bəstəkarı olsa da adını heç yerdə çəkməyiblər. Təsəvvür edirsinizmi, yazdığı mahnı elə ilk gündən sevilir, hər tərəfdə oxunur, amma adını çəkməyə qısqanırlar. Səbəb də bu olur ki, musiqi təhsili olmayıb, Bəstəkarlar İttifaqına üzv yazılmayıb. Operetta, balet, simfoniya yazan A..bəylilər, B..bəylilər, C..bəylilər, Z..bəylilər fəxri adlar, mükafatlar, imtiyazlar, sərvət qazanıblar, Bəhram isə “həvəskar bəstəkar” damğası ilə hər zaman qapı arxasında qalıb. Bu gün o bəyzadə bəstəçilərin özləri də, yazdıqları da unudulub, Bəhramın mahnıları isə özünə güvənən müğənnilərin repertuarından düşmür. Həm də tək Bəhram deyil, Şəkidə də Şahid Əbdülkərimov adlı incə ruhlu bir bəstəkarı o cür çərlədib öldürüblər. Duyğulu insanlar həssas olurlar, tez küsür, tez sınırlar. Bəhram da çoxlarından üstün, güclü olduğunu bilə-bilə gördüyü o soyuq münasibətlə ilbəil çökdü, çökdü, yıxıldı. Na bir fəxri ad alıb, nə mükafat, nə də istedadının, zəhmətinin qarşılığını görüb.
Elə düşünürəm ki, Mədəniyyət Nazirliyi Bəhram Nəsibovun sənətinə layiq olduğu qiyməti verməli, gec də olsa onun sağlığında tapdalanmış haqqını bərpa etməlidir. Bəhrama borcumuz var, borcu etiraf etmək, gec də olsa sahibinə qaytarmaq ərdəmli insanların işidir. Ərdəmli olaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top