NAZİM MUSTAFAYEV

Gələcəkdən xəbər var...

Gələcəkdən xəbər var...

NAZİM MUSTAFAYEV

Sürücüsüz elektromobil cavanları babasıgilə çatdırıb başqa bir işin dalınca getmişdi. Maşın gəlib çatanda cavanlardan birinin masa üstündəki eynəyindən elektromobilin balaca bir holoqram maketi çıxaraq havada dövr etməyə başlayacaqdı. Gənclər getmək vaxtının gəldiyini beləcə anlayacaqdılar. 2050-ci ildən geriyə doğru baxanda bu məsələ mahiyyətcə 2020-ci illərdə taksi sürücüsünün zəng edərək gəldiyini bildirməsi kimi bir şey idi.
2050-ci illərdə süni intellekt artıq insanların vazkeçilməzi olmuşdu. Artıq həyatın hər sahəsində süni intelləktə rast gəlmək olar. Kim deyə bilərdi ki "5G" deyə bir texnologiyanın tətbiqi insanların həyatını bu qədər dəyişəcək, misal üçün “5G”, dünyada mobil telefon operatorlarının sonunu gətirəcək, ya da bu qədər zəiflədəcək.
Hardasa canlı tarix olan babanın bəzi müqayisələri cavanlarda maraq oyadırdı. Bunu bilən yaşlı baba gəncləri biraz düşünməyə sövq etmək istəmişdi. Bu səbəblə də sözlərinə belə davam elədi:
"Bir vaxtlar quşların, çəyirtkələrin sürü halında sürətlə və bir-birinə toxunmadan necə uçduqlarına heyranlıqla və təəccüblə baxardım. Halbuki bizim minik vasitələrimiz, avtomobillər onlardan geri qalır, toqquşur, qəzalar baş verir və insanlar ölürdü. Quşların, çəyirtkələrin sürü halında və bir-birinə toxunmadan uça bilmələri bir çox insan üçün adi bir şey idi və təəccüblənməyə də dəyməzdi. Axı hər gün bu mənzərəni görürdülər. Ancaq mənə adi gəlmirdi. Bu mənzərə bizə, bütün insanlara nə söyləyir, nəyi göstərir deyə düşünərdim. Düzdür, hələ o dövrdə də biomimetika elmi (təbiətdən ilham alaraq texnologiyada, memarlıqda və s. tətbiqi) artıq mövcud idi. Ən azından adı qoyulmuşdu. Ancaq kəşf olunmamış bir dərya idi. O gün anlamını tapa bilmədiyim, ya da tapsam belə reallaşdıra bilmədiyim bu mövzuların bu gün həyatımıza tətbiq edilmiş olduğunu görürəm”.
Babanın bu sözləri gənclərin marağını daha da artırdı. Keçmiş və gələcəyi bir arada yaşayan baba öz müşahidələrini gənclərə söyləməyə davam edirdi:
“Bilirsiz, sizi mənim yanıma gətirən bu elektromobillər gənclik illərimdə səmada seyr etdiyim o quşları, çəyirtkələri mənə xatırladır. Biomimetika elmi o qədər inkişaf etdi ki, elektromobillər quşları, çəyirtkələri təqlid etməyə başladılar. Artıq biz də o çəyirtgələr, quşlar tək bir-birinə toxunmadan, hətta saatda 300 km sürətlə şəhərlərarası yollarda elektromobilləri idarə edə bilirik. Daha doğrusu süni intellekt idarə edir. Qəza, bir-birinə toqquşma, bir birinə dəymə və ya sürtünmə faizi isə hardasa sıfıra enib.
Hələ 30 il əvvəl qəza xəbərləri adi hal idi. Hardasa hər gün ölümlə nəticələnən qəza xəbərləri eşidir, oxuyurduq. Sanki dövrün can alan vəba xəstəliyi məhz maşın qəzaları idi. Bu ölümlü və can alan qəzalar, içində olduğumuz 2050-ci illə müqayisədə olduqca aşağı sürətlərdə baş verirdi. 25-30 il əvvəl avtomobil şirkətləri qəza testlərini saatda 80-90 km-dən yuxarı tətbiq etmirdilər. Bu o demək idi ki, heç bir avtomobil şirkəti qəza anında saatda 80-90 km-dən yuxarı sürətlə hərəkət edən avtomobilin içindən sağ çıxma zəmanəti vermirdi. Halbuki bu ölüm makinalarının saatda 200-250 km sürətlə hərəkət etmə gücü var idi. Nə vaxt ki, sükandan insan övladını götürə bildik, maşınların idarəsini süni intelləktə həvalə etdik, qəza faizləri hardasa sıfıra endi. Sanki süni intellektin maşınlara tətbiqi əsrin can alan "vəba xəstəliyi"nə bir vaksin, və ya peyvənd təsiri vermişdi.
Artıq içində olduğumuz 2050-ci ildə elmin verdiyi imkanlarla təbiətin bu yol göstəriciliyini qismən də olsa anlaya, həyata tətibiq edə bilirik. Uca Yaradanın sənət əsəri olan heyvanlar, bitkilər, ümumiyyətlə təbiətdəki bütün canlılar sən demə insana söz söyləyir, yol göstərirmiş. Bilməmişik ki, uşaq ikən sapandla daş ataraq öldürdüyümüz quşlar bizə nələr-nələr deyirmiş. Gəl gör ki, anlayan olsa...
Gənclərdən biri babasına belə xahiş elədi: “Ay baba! Bizə bir az da tibb və təhsil barədə danışsan olarmı? İçində olduğumuz 2050-ci illə sənin cavanlıq illərini müqayisə etsən, bizim üçün çox maraqlı olardı. Bilərdik, nələr baş verib, nələr dəyişib, ya da dəyişməyib” Baba razılaşdı... Bu gənc yaşdakı nəvələrinə tibb və təhsil sahəsindəki bəzi məsələrdən müqayisəli olaraq söhbət açmağa başladı...
 
Mövzuya davam edəcəyik...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top