SƏMƏD MƏLİKZADƏ

Yazdan payızadək 42 il

Yazdan payızadək 42 il

SƏMƏD MƏLİKZADƏ

Bu yazı Bakıdakı ilk lisey tipli təmayüllü məktəbin eyni sinfini bitirmiş yeniyetmələrin həyat yolu haqqında qısa "not"lardır. 
İnsan arxada qalan illəri "vərəqləyəndə" həmişə səmimi olur... Halbuki ötmüş illər bir daha ömrümüzə dönməyəcək. Bəlkə ona görə ki, o illərdə qazandıqlarımız itirdiklərimizdən çoxdur. Bəlkə ötən illərin ömür kitabımıza saldığı naxışlar daha silinməzdir. Bəlkə ən əziz adamlarımızı itirəndən sonra onlar üçün daha çox vaysınırıq. Bəlkə şair demişkən, o çağlarda qışda balsız qalan arılar kimi, haçansa bərədən ovunu öz əli ilə buraxan ovçu kimi eləmədiklərimiz yandırır bizi.... Belə anlarda gözlərimiz önünə yaxşılar, xeyirxah insanlar, müəllimlərimiz gəlir. Həmin insanların işıqlı çöhrələri yaz günəşinin ilıqlığı kimi isidir bizi. O anlarda dünya daha işıqlı görünür, solan, öləziyən ümidlərimiz yenidən tumurcuqlayır... Bəlkə ömür dediyimiz şey elə bu imiş - doğulursan, yaşa dolursan, çalışıb-vuruşursan, daim harasa tələsirsən, ağlı-qaralı günlər keçirirsən və o illərdən sonda sənə çox az şey qalır.  Yox, bəs həyatda qoyduğumuz izlər, övladlarımız, nəvələrimiz? Onlar ömrümüzün davamı deyillərmi?
 
O yaz başqa yaz idi 
Mayın sonları  idi. Dərslərin başa çatmasına bir neçə gün qalırdı. Hər yanı gül-çiçəyin, yasəmənlərin ətri bürümüşdü. Yağışlı, küləkli həftələrdən sonra elə bil Bakı da sakinləri kimi dincəlirdi. Paytaxtın Zahid Xəlilov küçəsində yerləşən təmayüllü məktəbin onuncuları isə yazın gəlişini sanki unutmuşdular. Belə demək olarsa, onlar üçün yaz da, yay da qarşıdakı buraxılış imtahanlarından sonra başlanacaqdı. Sonra da nəfəslərini dərmədən ali məktəblərə üz tutacaqdılar. Buna görə də bu yaz onların həyatında başqa bir yaz olacaqdı. Nə gecələri vardı, nə gündüzləri. Yuxuya da kitabla gedir, bir neçə saatdan sonra oyanıb yenə oxuyur, hər şeyi öyrənməyə can atırdılar. Hər kəs yuxularında özünü seçdiyi institutun və ya universitetin tələbəsi kimi görürdü. Kimin hansı ali məktəbə sənəd verəcəyini hamı bilirdi. Sinif kimya-biologiya təmayüllü olduğundan çoxluq üzünü Tibb İnstitutuna tutacaqdı. 
Buraxılış imtahanlarından sonra sinif uşaqları musiqili-əyləncəli gecə təşkil etdilər. O gözəl yaz gecəsində doyunca deyib-güldülər, oynadılar, kövrəldilər. Bir-birini unutmayacaqlarına söz verdilər. Ən çox kövrələn isə sinif rəhbəri, sadə, gözəl və həmişə səbirli Firəngiz müəllimə oldu...
Yeniyetmələrdən 9-u Tibb İnstitutuna, 7 nəfər o zaman respublikamızda yeganə olan Dövlət Universitetinə, 3 nəfər Neft-Kimya İnstitutuna, 2 nəfər Pedaqoji İnstituta, 1 nəfər Kənd Təsərrüfatı İnstitutuna, 3 nəfər Politexnik İnstitutuna, 1 nəfər Xalq Təsərrüfatı İnstitutuna qəbul olundu. 3 nəfər isə balları çatmadığından müsabiqədən keçmədi. Növbəti ildə onlar da yüksək balla istədikləri  fakültələrə qəbul olundular. Tələbə biletini alandan sonra bir-bir yenidən məktəbə dönüb, müəllimlərini də sevindirdilər.
 
Bəxtiyar müəllim mənə dünyanı bağışladı 
Çoxlarına qəribə gəlsə də, mən jurnalistika fakültəsinə üz tutmuşdum. Qəbul imtahanında qələmə aldığım sərbəst mövzuya Xalq şairi, professor Bəxtiyar Vahabzadə "əla" yazmışdı; elə bil dünyanı mənə bağışlamışdı. Bu bir yana, imtahanlararası Bəxtiyar müəllim universitetin radio qovşağında yazımdan bir parça oxuyub demişdi ki, bilirsiniz, bu cümlələri kim yazıb - fizika-riyaziyyat - kimya-biologiya təmayüllü məktəbin məzunu.
Tələbəlik illərində Bəxtiyar müəllim bizə dərs demədi, amma mən bunu çox arzulayırdım. İllər sonra mən sevimli şairimizin məqalələrindən ibarət Türkiyədə nəşr edilmiş ikicildlik kitabı haqqında qəzetdə ürək sözlərimi yazmışdım. Bəxtiyar müəllim yazını oxuyub redaksiyaya zəng vurdu və mənə təşəkkür etdi. Sözarası Bəxtiyar müəllimə qəbul imtahanı zamanı mənə "əla" yazdığını xatırlatdım. Şair bundan çox sevindi.
 
Əvvəlcə "sinif jurnalı"ndan adlarımız oxundu... 
Müəyyən edilmiş ünvana əvvəlcə Sahiblə Fazil gəldilər, sonra isə Musa, Məhəmməd, Muxtar, Vasif, Cabbar, Qədir... Fizika müəllimimiz, həmişə şıq geyinən, yüksək intellektə malik, tələbkar Siyavuş Şahmurovun gəlişi, türkiyəlilər demiş, lap şaşırtdı bizi (Yeri gəlmişkən deyim ki, həmin dəqiqələrdə qıraqdan bir polis bizə göz qoyurdu. Ancaq sonra gördüklərinin ağlından keçənlərə uyğun gəlmədiyini başa düşüb, ətrafımızdan uzaqlaşdı).
Bir vaxt yeniyetmə kimi ayrılanlar indi saçı, saqqalı ağarmış halda üz-üzə dayanmışdılar. Hamı bir-birinə diqqətlə baxır, ancaq ürəklərindən keçənləri çox vaxt baxışları ilə deyirdilər. Elə bil onlar ömrün baharından payızınadək ötən 42 ili təqvimdən silib atmaq, yenə o çağlara qayıtmaq istəyirdilər. Əvvəlcə, Siyavuş müəllim (hazırda o, Gənc Tamaşaçılar Teatrının direktor müavinidir) rəmzi olaraq sinif jurnalındakı adları oxudu. Dörd nəfərin adı çəkiləndə hamı susdu...
... Azad Şiriyev Lerikdən idi, universitetin geoloji-coğrafiya fakültəsini bitirmişdi. Tələbəlik illərində gözəl təşkilatçi kimi tanınırdı. Dövlət Maddi-Texniki Təchizat Komitəsində məsul vəzifədə çalışırdı...
... Ofeliya Kərimova əslən zərdablı idi, amma Bakıda boya-başa çatmışdı. Ata qayğısı görməmişdi. Bəlkə də buna görə hər kəsə ürəyi yanırdı. Ofeliyanı qız qardaşımız sayırdıq. Gizlin sözümüz olanda, əvvəlcə, ona deyirdik. Paltarımız söküləndə, düyməmiz qırılanda Ofeliya tikirdi... Ofeliya Pedaqoji İnstitutu bitirmişdi. Savadlı, fəal müəllimə idi. Arzuları yarımçıq qaldı....
... Mustafa Zeynalov Qax rayonunun Almalı kəndindən gəlmişdi. Dolubədənli, alagözlü bir oğlan idi. Neft- Kimya İnstitutunu bitirib, əvvəlcə Sumqayıtda, sonra isə Qafqaz Universitetində işlədi. Oradan ayrılandan bir qədər sonra dünyasını dəyişdi...
... Hacan Rüstəmov Tibb İnstitutunu bitirmişdi. Üç il Ağsuda işlədi, sonra boya-başa çatdığı Tovuza getdi. Qəfil eşitdiyimiz  acı xəbər bizi üzdü...
 
Hamı "hesabat" verdi 
Hər kəs öz işi, ailəsi, nəvələri haqqında məlumat verdi. "Uşaqlar" danışdıqca həm sinif yoldaşlarımız, həm də Siyavuş müəllim sevinirdi. Söhbətin şirin yerində "sinifkom" Murad Hüseynov Yevlax şəhərindən, Zərifə Dehistani Bakıdan, Əsgər Əhmədov isə qədim və həmişəcavan Gəncədən zəng elədilər. Hər üçü həkim kimi növbədə olduğunu söylədi.
Muxtar Salmanov Neft-Kimya İnstitutunu bitirəndən Sumqayitda yaşayır. Kimyaçılar şəhərində Üzvi-Sintez İstehsalat Birliyinin Plastik Kütlə Emalı Dövlət Müəssisəsində növbə ustalığından direktorluğadək yüksəlib. Elmi işini yarımçıq qoysa da, bu sahədə iki kəşfin, çoxlu səmərələşdirici təklifin müəllifidir. Muxtar hesabatının sonunda Siyavuş müəllimdən üzr istəyib bildirdi ki, mən evdən çıxanda uşaqların anası dedi ki, bax-gör sinif yoldaşlarından kimin qızı varsa kiçik oğlumuz üçün elçi gedək. Onun bu sözləri hamının ürəyincə oldu.
Gədəbəyin Samanlıq kəndindən olan Rza Abbasov sinfimizin alimidi. Moskva Dövlət Universitetini bitirdikdən sonra orada molekulyar kimya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə edib. Hazırda Türkiyə universitetlərinin dəvəti ilə İstanbulda mühazirələr oxuyur.
Qədir Rüstəmov arabir kamançanı əlinə alıb ustalıqla, amma özü istədiyi musiqi nömrələrini çalırdı. Yox, o çalmırdı, ürəyimizin tellərini göynədirdi. Onun çalğısı görüşə bir qədər də həzinlik qatırdı. Qədir, həqiqətən, gözəl çalırdı. Məlumat üçün deyim ki, o, dəfələrlə telekanallarda, bayram tədbirlərində öz məharətini göstərib. Özü də heç bir musiqi təhsili almayıb. İlk kamançanı isə ona Vasif bağışlayıb. Bəlkə də o kamança olmasaydı, Qədir hələ qarmonu darta-darta qalmışdı.  
Canlı "futbol ensiklopediyamız", şəmkirli Telman Ələkbərov haqqında, nədənsə, heç danışılmadı. Telman Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitirib. Bəlkə də sovet dağılmasaydı, atası kimi Sosialist Əməyi Qəhrəmanı olacaqdı. Çünki torpağı çox sevirdi. Deyirdi, ən böyük arzum ürəyimcə olan bir bağ salmaqdı...
 
Hansı səbəbdənsə Qüdrət Abdulkərimov da görüşə gəlməmişdi. Adı çəkiləndə Vasif dedi ki, onun üçün bir paçka "lezva" (lezviye) gətirmişəm, görüm hamısını yeyə biləcək? Əlbəttə, Vasif zarafat eləyirdi. Ancaq həqiqətən Qüdrət orta məktəb illərində "lezva"ları bir-bir ağzına atıb, dişləri ilə xırdalayır və udurdu. O, Xalq Təsərrüfatı İnstitutunu bitirib. Bəlkə də artıq o, bu qorxulu vərdişini tərgidib.
 
Sahiblə Qədirin macərası 
Sahib Ramazanov (Qarazuyev) Suraxanı Rayon Gigiyena-Epidemiologiya Mərkəzinin baş həkimi imiş. Qədir Rüstəmov da həmin rayondakı Təcili Tibbi Yardım Stansiyasında yeni işə düzəlibmiş. Onun növbətçiliyi vaxtında xoşagəlməz hadisə baş verdiyindən Sahib protokola əsasən Qədiri cərimələyir.
Qədir deyir ki, Xankəndidən Bakıya gəlib, birtəhər işə düzəlmişdim, gün-güzəranım yaxşı deyildi. Getdim Ramazanovun qəbuluna ki, bəlkə cəriməni ləğv edə. Gördüm iclasdı, oturub gözlədim. İclas qurtaran kimi girdim müdirin yanına. Kreslonun arxasında dolubədənli, eynəkli bir nəfər oturmuşdu.
(Sahib güləş üzrə idman ustası idi. Respublika və Ümumittifaq turnirlərində dəfələrlə qalib olmuşdu. Amma ailə vəziyyəti ağır oldığundan idmanla müntəzəm məşğul ola bilmirdi). O, üzümə baxmadan stolun üstündəki sənədləri qollaya-qollaya  soruşdu ki, nə istəyirsiniz? Dedim ki, filan tibb müəssisəsindən gəlmişəm, mənə cərimə yazmısınız. Qaçqın adamam, vəziyyətim də ağırdı....
Sahib onu səsindən tanıyır, ancaq özünü o yerə qoymayıb soruşur ki, ermənistanlısan? Filan rayondansan? Bakıda 1 saylı təmayüllü məktəbi bitirmisən? Deyəsən, yaxşı qarmon, kamança çalmağın da var...
Qədir məəttəl qalır və birdən Sahibi tanıyır. Deyir, ay zalım, bayaqdan mən də istəyirəm soruşum ki, sən Sahib deyilsən? Sonra öz-özümə dedim ki, axı Sahibin soyadı Qarazuyevdi, bu isə Ramazanovdu. (Sahibin soyadını dəyişməsinin də maraqlı tarixçəsi var).
Sahib də deyir ki, mən də əvvəl Qədiri tanımadım. Axı tələbəlikdə onun saçı tökülmüşdü, indi isə saçları, Məşədi İbad demişkən, qapqara şəvə kimiydi. Sonra ağlıma gəldi ki, Qədir axı həm də "manıs"dı.
Görüşüb-öpüşürlər. Ancaq Sahib bildirir ki, cəriməni ləğv edə bilmərəm, imkanın yoxdursa, sənin yerinə mən cibimdən ödəyərəm.
Yeri gəlmişkən deyim ki, bu görüş Fazilin təşəbbüsü, Sahibin isə fədakarlığı ilə gerçəkləşmişdi.
 
Cabbar, Vilayət və Qurban 
Onlar sinifdə Naxçıvan Muxtar Respublikasını təmsil edirdilər. Cabbar Qurbanov dəqiq fənlərlə yanaşı, ədəbiyyata, sənətə də maraq göstərirdi. Vilayət Əliyev xüsusilə kimyanı yaxşı bilirdi, Qurban Əliyev isə elə bil, bu sinfə səhvən düşmüşdü- əsl riyaziyyatçı idi. Moskvada nəşr edilən "Fizika və riyaziyyat" jurnalındakı məsələ və tənlikləri, belə demək olarsa, su kimi içirdi. Bəzən direktorumuz, riyazıyyat müəllimimiz Şahid müəllimlə birlikdə 45 dəqiqəni həmin məsələ və misallara həsr edirdilər. Dəfələrlə həmin jurnalın redaksiyasına verilən tənliklərdə səhv olması barədə məktub göndərmişdi. Qurban universitetin tətbiqi riyaziyyat fakültəsini bitirib, doğma kəndlərində dərs deməyə getdi. Vilayət də universitetin kimya fakültəsini bitirib, öz rayonlarında müəllim işlədi.
Həkim Cabbar psixoterapevt kimi indi respublikamızda yaxşı tanınır. O, xəstələrini əsasən dərmansız müalicə etməyə çalışır. 2005-2007-ci illərdə Türkiyədə işləyib. Ötən il isə Həcc ziyarətində olub.
O, Naxçıvanın müdafiəsi üçün də ermənilərə qarşı fədakarlıqla döyüşüb. Ürəyindən, ömründən-günündən keçən yaşantıları bəzən şeirə çevirib. Artıq şeirlər kitabı çapa hazırdır.
 
"Hesabat"da eşitdiklərimdən və bildiklərimdən 
Şəmsəddin Babayev universitetin biologiya fakültəsini bitirib. Zəngilan işğal edilənədək doğma Baharlıda yaşayırdı. İndi isə digər həmyerliləri kimi Sumqayıta sığınıb. Deyir ki, həyatım boyu ümidlə yaşamışam, istədiklərimə qovuşmuşam. İnşallah, Zəngilan azad olunan kimi sizi aparacağam oralara. Xaləddin Rəşidov Qəbələnin Bum kəndindəndir. Əvvəllər polisdə işləyib. Hazırda arıçılıqla məşğuldur. Bu görüşdən isə hələ xəbəri yoxdur. Eşidib-bilən kimi Sahiblə tutaşacaq ki, niyə vaxtında xəbər eləməmisən. Məhərrəm Abdulov Abşeron Rayon Gigiyena Mərkəzinin direktorudur. Niyə görüşə gəlmədiyini öyrənə bilmədik. 
Firuz Qurbanov Politexnik İnstitutunu bitirib. Bir müddət Qusarda işlədi, lakin sonra Rusiyaya getdi. İndi böyük bir şirkətin baş mühəndisidi. Fikrət Səlimov və Bazay Zeynalov da həkimdirlər, Qusarda yaşayır və işləyirlər. Özlərinin dediklərinə görə, gün-güzəranları yaxşıdır. Valeh Rəcəbov isə diş həkimidir. Ziyafət İbrahimov da ağdaşlıdı. Neçə illər maliyyə sistemində işləyib, hazırda təqaüddədir. İsfəndiyar Quliyev Biləsuvarın Xırmandalı kəndində yaşayır. Dedi ki, növbəti görüşü elə vaxta salın ki, mən dərs buraxmayım.
Masallı rayonunun Şərəfə kənd xəstəxanasının baş həkimi Vasif Tağıyev: "Bu məktəb bizə yalnız bilik verməyib, eyni zamanda vətəni, insanları sevməyi öyrədib. Biz müstəqilliyin ilk şirinliyini də bu məktəbin sinif otaqlarında, yataqxanasında dadmışıq..." 
Yaşca ən kiçik qardaşımız olan göyçaylı Məhəmməd İsmayılov, maşallah, böyük bir trestin baş mühəndisidi. Hazırda Bakıda yaşayır. Sakitcə oturub nə vaxt söz veriləcəyini gözləyirdi. Axır ki, növbə çatdı: "Yadıma tez-tez "Üfüq" yeməkxanasına getməyimiz düşür. Rayondan kimə bir bağlama gəlirdi, yığılıb ata malı kimi yeyirdik, hər tikəni bölməyə çalışırdıq. O günləri heç unutmaq olar?
"Uzun illər milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışan, hazırda isə təqaüddə olan Musa Məmmədov sözünü belə tamamladı: "Çox sevinirəm ki, hamımız ali təhsil aldıq, ailə, oğul-uşaq sahibi olduq. Şükür ki, yoldaşlarımızdan əyri yola düşüb, adımıza ləkə gətirən olmadı. Amma gərək bundan sonra tez-tez zəngləşək, görüşək, bir-birimizi yoxlayaq. Daha ömrün payızıdı. Nə bilmək olar..."
Şəkinin Baş Zəyzid kəndindən olan və hazırda Mingəçevir Şəhər Xəstəxanasında terapevt-allerqoloq işləyən, eyni zamanda " Evroklinika"da işləyən, həmişə gülərüz insan Fazil Lətifov: " Musa düz deyir. Gəlin ən azı ildə bir dəfə  toplaşaq, ailə üzvlərimizdən də kimisə gətirək, qoy uşaqlarımız, nəvələrimiz tanış olsunlar. Görüşün təşkilini də yalnız Sahibin boynuna salmayaq, elə edək ki, hamı iştirak edə bilsin".
 
Məni heç kim tanımadı... 
Bu yaxınlarda  Respublika Fizika-Riyaziyyat və İnformatika Liseyinə (məktəbimiz indi belə adlanır) getmişdim. İstəyirdim, necə deyərlər, məktəbimizi həyətdən olsa da (çünki dərs gedirdi) ziyarət edim, bugünkü durumunu görüm, sonra şəklini çəkim. Təbii ki, məni heç kim tanımadı. Çünki, belə demək olarsa, mən zaman qəribiydim, bu məkana çox gec dönmüşdüm. Bizdən sonra məktəbin neçə-neçə buraxılışı olmuşdu, nə qədər müəllim işləyib getmişdi. Amma məktəbin binası illər əvvəl uçurduğu "qaranquşunu" görən kimi dil açdı, gülümsədi. Binanın şəklini çəkmək istədim, "zavxoz" qoymadı, dedi ki, gərək direktorun razılığı olsun. Tanışlıq verdim, niyyətimi söylədim, yenə "olmaz" dedi.  Əlacsız qalıb zəngi gözlədim. "Hər işdə bir xeyir var" deyiblər. Direktorla görüşdük, hələ bir qədər də o illəri "vərəqlədik". Məlum oldu ki, Tariyel müəllim bizdən sonra bu məktəbi bitirib, neçə illərdi burada direktor işləyir. Çox sevindim.
Ayrılanda Tariyel müəllim dedi ki, müəllim, inciməyin, siz bizimkisiniz, ancaq  qəzetçilərin biri gedir, o biri gəlir...   
Məktəbin həyətindəki şam ağacları artıq seyrəlib, o vaxt yenicə basdırılan ağaclar da qocalıb. Futbol meydançasında isə çoxmərtəbəli yaşayış binaları tikilib. Amma yataqxananın qarşısındakı süni bulaqlar hələ də durur. Binanın universitet yoluna baxan hissəsi kəsilərək, Milli Elmlər Akademiyasının Radiasiya İnstitutuna verilib.
Həyətdə dayanıb maraqla ətrafa baxdım. Sonra üçüncü mərtəbədə yerləşən sinfimizə doğru boylandım. Həmin dəqiqələrdə mən yenidən yeniyetmə çağlarımıza qayıtmaq, müəllimlərin səsini bir daha eşitmək, o illərdə qalmış yarımçıq yuxularımızı bütöv yaşamaq istəyirdim. Amma istədiklərim ilğıma dönən illərin mirvari dumanı arxasında gizlənmişdi...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top