SƏMƏD MƏLİKZADƏ

Qoy işığı söndürüm!

Qoy işığı söndürüm!

SƏMƏD MƏLİKZADƏ

Söhbətə bir az uzaqdan başlayacam.
Sovetlər dövründə yaşayanlar yəqin xatırlayırlar: o vaxtlar aşıqlarımızın tez-tez oxuduğu bir mahnı vardı. Adını unutsam da,"işıqlıdır lampaları kolxozun" misrası hafizəmdən silinməyib. İliç lampaları kəndlərimizi təzə-təzə bəzəyirdi. "Azərenerji" deyilən qurum onda da vardı və işıqlar tez-tez sönürdü. Bəzən həftələrlə lampa və şam işığına oturmalı olurduq. Qaz da ki, tək-tək kənddə yanırdı.
İllər ötdü və Azərbaycan müstəqillik qazanandan sonra yavaş-yavaş həm işıqlandıq, həm də qazlandıq. Köhnə elektrik stansiyaları yenidən quruldu, yeni modul stansiyalar inşa edildi. İndi respublikamız elektrik enerjisi idxal etmək əvəzinə, ixrac edir. Qazımız da nəinki özümüzü qızdırır, həm də başqa ölkələrə satırıq. Gecələr paytaxt Bakıya baxancaqanda elə bilirsən ki, gündüzdü. Müasir elektrik dirəklərində yanan lampalar və rəngbərəng reklamlar bir yana, hər binanın eksteryerini çoxlu sayda lampalar aydınladır. Yeri gəlmişkən deyim ki, bu işdə marağı olanlar, mənfəət  güdənlər var. Marketlərdə, şadlıq saraylarında, ofislərdə və sair yerlərdə bəzən lazım olduğundan qat-qat çox lampa yandırılır. Paytaxta gələn elə magistral yollar var ki, 20-30 kilometri bütün gecə işıqlandırılır. Hərdən adama elə gəlir ki, bizdə elektrik enerjisi tükənməzdir və bu sahədə heç bir problem yoxdur. Əgər belədirsə, niyə  2018-ci iln yayında Mingəçevir Elektrik Stansiyasında baş verən qəzadan sonra respublika ərazisi qaranlığa qərq oldu?
İllər ötdükcə dünya enerji qıtlığını daha çox hiss edir. Son onilliklərdə ekoloji fəlakətlər bir yana, payız-qış aylarında havaların kəskin soyuması (bir neçə il istisna olmaqla), çoxlu qar yağması Avropa əhalisini sınağa çəkir. Elə ölkələr var ki, sərf etdiyi enerjinin səksən faizini kənardan aldığı neftin, qazın, daş kömürün və digər sərvətlərin hesabına ödəyir. Bu gün davam edən bir çox müharibə və münaqişələrin kökündə də zəngin enerji qaynaqlarına sahiblənmək məqsədi durur. Bu fikri belə də ifadə edə bilərik: "Böyük dövlətlər dünyanın enerji hövzələrini yenidən bölmək uğrunda daim mübarizədədirlər".
Torpaqlarımızın altı sərvətlə doluymuş. (Hərçənd üstündəki sərvətlər də ondan az deyil.) Yeni, daha zəngin karbohidrogen yataqları kəşf edildikcə dünya heyrətlənir, "bəxtəvərlik" oxuyaya-oxuya, üzünü bizə tutur. Artıq neçə illərdi sərvətlərimiz kəmərlə Xəzərdən dünyanın o başına axıdılır. Gizli deyil ki, bu gün müstəqil Azərbaycanın inkişafı, ilk növbədə, Allahın torpağımıza bəxş elədiyi nemətlərin hesabınadır. Bəs, biz o sərvətlərin qazandırdığı milyardları lazımınca xərcləyirikmi? Düşünürəm ki, bu barədə ekspertlər kütləvi informasiya vasitələrində, müxtəlif konfrans və müzakirələrdə yetərincə fikir söyləyiblər... Onu da deyək ki, bu gün Azərbaycan qazı Gürcüstanı, Türkiyəni qızdırır, lakin ölkəmizdə hələ də qazlaşdırılmamış yaşayış məntəqələri var. Digər tərəfdən, öz sərvətimiz öz əhalimizə yüksək qiymətə, limitlə satılır. Əlbəttə, bu başqa bir söhbətin mövzusudur.
Alimlərin hesablamalarına görə, belə davam edərsə, əsrin sonunadək dünyadakı mövcud karbohidrogen ehtiyatlarının çoxu tükənəcək. Təbii yataqların istismarı indiki sürətlə aparılarsa, hətta zəngin neft və qaz  ehtiyatları olan ölkələr belə, enerji qıtlığı ilə üzləşə bilərlər. Buna görə də alimlər kosmosda yeni enerji mənbələri axtarırlar. Məsələn, yapon alimləri oralarda Günəşin bitib-tükənməyən enerjisini elektrik enerjisinə çevirən mərkəzin layihəsini hazırlayıblar. Yerdən 36 min kilometr yüksəklikdə qurulması nəzərdə tutulan mərkəzdə böyük günəş batareyalarından istifadə olunacaq. Əldə olunan elektrik enerjisi isə lazer şüaları və mikrodalğalar şəklində yerə nəql ediləcək. Şübhəsiz gələcəkdə bundan da uğurlu layihələr işlənib hazırlanacaq. Amma bunlar gələcəyin işidir və buna öncədən milyardlar xərclənəcək.
Hələliksə inkişaf etmiş ölkələr enerji qıtlığını aradan qaldırmaq üçün alternativ enerji növlərindən (günəş, külək və sair) istifadəni genişləndirməyə çalışırlar. Avropa Birliyinə qoşulmaq istəyən ölkələr qarşısında alternativ enerjidən istifadənin azı 20 faizə çatdırılması tələb kimi qoyulub. 20 ildən çoxdur ki, ölkəmizdə də alternativ enerji ilə bağlı bir sıra layihələr həyata keçirilir.   Azərbaycanda alternativ enerji ilə bağlı Dövlət Proqramı da mövcuddur. Bu sahədə də bəxtimiz gətirib- Abşeronda tez-tez külək əsir, günəşli günlərin sayı da daha çoxdur. Abşeronda, Qobustan rayonu ərazisində və digər yerlərdə günəş və külək enerjisi hasil edən  mərkəzlər yaradılıb və xeyli enerji alınır. Sumqayıtda günəş panelləri hazırlayan müəssisənin istifadəyə verilməsi alternativ enerjidən istifadəyə yaşıl işıq yandırıb.
Sadalananlar yaxşıdır. Lakin enerjinin hansı yolla, yaxud ucuz və ya baha əldə edilməsindən asılı olmayaraq, enerjiyə qənaət etmək həmişə vacibdir. Buna görə də bəzi ölkələrdə enerjiyə qənaət həftəsi və digər tədbirlər həyata keçirilir. Təəssüf ki, bizdə qənaət məsələsi getdikcə unudulur. Halbuki, qənaət elə bir gəlir mənbəyidir ki, onu heç nə ilə müqayisə etmək olmaz.
Bu gün həyatımızın hər bir sahəsində insanların yaşamını yüngülləşdirən çoxlu sayda maşın və mexanizmlərdən, cihazlardan istifadə olunur.  O maşın və mexanizmlər bir anda neçə-neçə insanın gün ərzində görə bilmədiyi işi sürətlə yerinə yetirir. Bir anlığa göz önünə gətirin: soyuducu, tozsoran, paltaryuyan və digər cihazlar ana-bacılarımızın işini nə qədər yüngülləşdirir. Traktorlar əkinçilərin az vaxtda çox iş görmələrinə kömək edir.... Bu maşın və texnikadan istifadə etmək üçün isə, ilk növbədə, enerji gərəkdir.
Bircə saat elektrik enerjisi kəsildikdə bu nemətin nə qədər qiymətli olduğunu daha yaxşı başa düşürük: sanki hər yerdə həyat sönür, əl-ayağımızı sallayıb oturmaqdan başqa çarəmiz qalmır. Buna görə də enerjiyə qənaət hər birimizin vətəndaşlıq borcu olmalıdır. Heç kim "pulunu mən verirəm" yaxud "hökumət verir" deyib, enerji israfına yol verməməlidir. Enerjiyə qənaət təkcə pulumuza qənaət, simiclik deyil, həm də ölkəmizin iqtisadiyyatının güclənməsinə kömək etməkdir. Buna görə də haradasa biri ilə söhbət edəndə görsəniz ki, bir lampa gərəksiz yanır, çəkinmədən deyin: "Bağışlayın, qoy işığı söndürüm."
Sizə işıqlı, isti və enerji dolu günlər arzulayırıq!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top