ÜRFAN MƏMMƏDLİ

"Vağzalı"dan "Wedding March"a

"Vağzalı"dan "Wedding March"a

ÜRFAN MƏMMƏDLİ
Bizim toylar “Vağzalı” ilə başlayır. Bu, artıq bizim qanımıza hopub.
Adətən, bəylə gəlin zala daxil olanda “Vağzalı” çalınır. Bu musiqidə elə bil, bir sehr var. Adam onu eşidəndə və ya dinləyəndə həyəcanlanır, kövrəlir, tükləri biz-biz olur. Yəqin ki, övladına toy edən valideynlərin hamısı bunu dadıb. Mən inanmıram ki, “Vağzalı” çalınanda valideyin ona laqeyd qala bilsin.
“Vağzalı” qız evinin qapısını döyəndir.
“Vağzalı” oğlan evinin qapısını açandır.
Valideyn övladının toyunda kövrəlməlidir.
Valideyn övladının toyunda həyəcanlanmalıdır, hətta ağlamalıdır.
Həyəcanlanmaq, ağlamaq, çətinliklərə qalib gəldiyini anlamaq üçündür, içindəki sevinci üzə çıxarmaq üçündür.
Mənə elə gəlir ki, “Vağzalı”sız toyun ləzzəti olmur.
Bəlkə də gənclər “Vağzalı”nın ecazkarlığını, əsrarını hələ dərindən dərk edə bilmirlər. Amma vaxt gələcək, onlar da övlad toyu edəcəklər. Bax, onda hər şey öz yerini tapacaq.
Son vaxtlar toylarda “Vağzalı” ilə yanaşı Felks Mendelsonun “Wedding March”ı da çalınır. Çalınsın, etiraz etmirəm. Gözəl musiqidir. O da toy marşıdır. Amma alman toyu üçündür.
 “Wedding March”ın qız evinin qapısını döyməyə “gücü çatarmı”?
“Wedding March”ın oğlan evinin qapısını açmağa “cəsarəti yetərmi”?
Bilmirəm.
“Wedding March” bir müsəlman atanı kövrəldə bilərmi?
“Wedding March” bir müsəlman ananı ağlada bilərmi?
Bu günlərdə dostumuz Sərraf bəy bizi oğlunun toyuna dəvət etmişdi.
Sərraf adı kimi sərraf bir kişidir. Toy hələ başlanmamışdı, qonaqlar isə gəlirdi, Sərrafın başı qonaqlara qarşılamağa qarışmışdı.
Bəylə gəlin “Wedding March”ın sədaları altında zala daxil oldular.  Doğrudur, zalda alqış sədaları oldu. Amma Sərraf heç dönüb baxmadı da. Çünki, onu həyəcanlandıra bilən, qanına hopan, onu kövrəltməli olan, əlində nə varsa, hamısını atıb diqqət kəslməli olduğu musiqi - “Vağzalı” yox idi. O, çalınmadı.
Sonra toy qızışdı, Sərraf bəy də sevincini rəqs eləməklə göstərdi. Amma bilmədim, bir oğul evləndirməyin çətinliklərini dəf etdiyini anlamaq üçün lazım olan o kövrək anları yaşaya bildimi, tükləri həyəcandan biz-biz durdumu?
Axı oğul toyunda sevinməyi, adətən göz yaşları ilə biruzə verirlər.
O sevinc göz yaşlarını gətirən “Vağzalı”nı, deyəsən, toylarımızdan uzaqlaşdırmaq istəyirlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top