Əli Həsənovu da yola saldılar. 20 ildən artıq media patronu olmuşdu, bir də baxıb gördülər ki, hər şeyi kor qoyub. Gördülər ki, mətbuat təsir gücünü itirib, camaat tv-lərə, qəzetlərə inanmır, bu da vəziyyəti anladığından trol dəstəsi düzəldib, işi onlar üzərindən görür. Trol dediyin də söyüşdən, məntiqsiz ittihamdan başqa nə bilir ki?! Əslində bu trollar məsələsinə qısa bir aydınlıq gətirsək, yaxşı olar. Trol o adamdır ki, yazdığının yalan, özünün də vicdansız olduğunu bilir və bilə-bilə yazır. Hay-həşir salır, yalan-dolan ağlına nə gəldi yazır, qarşı tərəfi susdurmaq üçün vicdandan, əxlaqdan uzaq hər ittihamı dilinə gətirir. Bu trolların çoxu müxtəlif idarələrdə qeydiyyatdadır, nə işlə məşğul olduğunu bilən yoxdur. Əslində isə onlar sosial şəbəkələrdə söyüş, təhqir, iftira kampaniyası aparırlar. Aldıqları maaş qarşılığında hər gün yazdıqları statusların hesabını verirlər. Bunlar status yazan trollardır ki, əsas mübarizə meydanları sosial şəbəkələrdir. Bir də professional yazar-trollar var ki, dayıları onlar üçün qəzet, tv, saytlar düzəldib verib ki, əlaltına özü kimiləri yığıb verilən tapşırığı “ləyaqətlə” yerinə yetirsin. Yəqin ki, “xaç atası” ölsə də sistem öz fəaliyyətinə davam edir və nə qədər sürəcəyini də deyə bilmərik. Hələ bu Ata Abdullayev rəzalətindən sonra trolların atasının yolun sonuna gəldiyi anlaşıldı və qələmi qırıldı. Əli dayıları gedəndən sonra bir sürü “qələm əhli” qaldı başsız. Başsız deyəndə ki, yenə hər kəs çaldığın çalır, oxuduğun oxuyur, sadəcə hər kəs yeni dirijoru gözləyir. O bərkgedənlərdən biri boynuna aldı ki, Əli Həsənova trolluq edib. Əslində heç o etirafa ehtiyac da yox idi, camaat kimin kim olduğunu yaxşı bilir.
Mətbuat azad olanda əxlaqı da olur. Bizim mediamız əxlaqını çoxdan itirib, elə əxlaqını itirdiyi üçündür ki, etibarını da itirib. Təsəvvür edirsinizmi, bir zamanlar son dərəcə radikal yazılarla gündəmi silkələyən və cinahını dəyişib “ağ günə” çıxan bir qadın yazar indi qarşı tərəfdən atası yaşda bir alimi Məmmədhəsən dayının eşşəyi ilə eyni paralelə qoyur. Adam az da olsa utanar, xəcalət çəkər, ağzından, qələmindən çıxardığı sözün qəbahətini ölçüb-biçər. Bunun bir atası, qardaşı, nə bilim bir böyüyü, təəssüb çəkəni yoxmu ki, tutub qolundan evində oturtsun və desin ki, o cür hədyanlar yazmaqdansa evində oturub bozbaşını bişirsən, yaxşıdır. Axı hər şey pul deyil, hər şey satılmamalı, bazara çıxarılmamalıdır. Bu qədər də olmaz axı!
Yaxşı-pis, dərin-dayaz, nəsə bir şeylər dəyişir. İcra həkimiyyəti başçılarının yeri dəyişdirilir, qocaların yerinə cavanlar gəlir. Bu il ərzində 16 başçı işdən azad olunub və yəqin ki, ilin sonuna qədər bu rəqəm iyirmiyə çatar. Amma bir məsələ də var ki, bu yenilənmə bir çox hallarda yerdəyişmə kimi həyata keçirilir. Belə ki, Cəlilabadın başçısı Sabirabada, Sabirabadınkı da Cəlilabada göndərilir. Bilmirəm, görəsən bu dəfə toplananların yerini dəyişəndə cəm dəyişəcək, ya yox? Başqa sahələrdə də yenilənmə gedir. Məsələn, iki-üç vəzifəsi olan məmur seçim edib ən az xeyir gətirənindən istefa verir. Deyirlər islahat gedir. Getsin, nə deyirik ki?! Allah axırın xeyirə çıxarsın. Bundan sonra kimsə yalan danışmasın, xalqın malı talanmasın, yetim-yesirin olan-qalanı əlindən alınmasın, qırx il işləyib təqaüdə çıxmış müəllim aldığı pensiya ilə dolana bilsin, xəstəsi olanlar Xoşqədəmin, Zaurun qapısında imdad diləməsinlər, hər kəsin öz yarasına məlhəm çəkməyə imkanı olsun... Daha nə istəyirik ki... İstəyirik ki, kitaba yazılmış qanunlarımız işləsin, vərəqlər arasında saralıb qalmasın. Qanun demişkən yadıma yenicə yola salınmış Milli Məclis düşdü. Görünür MM-in yola salınması da bu islahat layihəsinin bir parçasıdır. Yeri gəlmişkən deyim ki, bizdə nədənsə bir iribuynuzlu məmur işdən qovulanda camaat yaman sevinir. İndi görün nə şadyanalıq var, zarafat deyil, yüz iyirmi deputat birdən yola salındı və çoxunun da bir daha mandat almaq şansı sıfıra bərabərdir. Bu deputatların çoxunu camaat tanımır belə. Aralarında camaata “atanlar” da var, “krışa”lıq edənlər də, mandatın verdiyi imkandan yararlanıb biznesini inkişaf etdirən də, elmi dərəcə alan da, onun-bunun torpağını işğal edən də... Hər çeşid adam tapılar bu yola salınan deputatlar arasında, bir çoxu da heç ağzını açıb doğru-düzgün danışa bilmir. İki kəlməni ard-arda gətirən kimi “quşduyur”, camaat da o saat barmağını dişləyib deyir ki, bu ağlın sahibi ora seçilə bilməz, görünür bunu ora hansı yollasa dürtüblür. Yəni söhbəti hara fırlatsan bu parlament üz qarasıdır və iqtidar bu parlamenti yola salmaqla üzünün qarasını yumaq istəyir. Deyilənə görə, hələ də elələri var ki, səlahiyyətinə son verildiyini anlamır. Zarafat deyil, 25-30 ildir ki, ora lövbər atanlar vardı, amma görünür daha onlara mandat ərmağan edilməyəcək, çünki kölgədə qocalanlar var, onlar da gün işığına çıxmaq istəyirlər. Nə deyirik ki, arkadaşlar demişkən, vətənə, millətə xeyirli olsun! Amma elə olmasın ki, seçkidən sonra “dünya köhnə dünyadı, deputatları təzədi” oxuyaq.
ƏLİ ÇƏRKƏZOĞLU
Dünya köhnə dünyadı...