SƏMƏD MƏLİKZADƏ

"Sil gözün yaşın, qara gilə..."

"Sil gözün yaşın, qara gilə..."

SƏMƏD MƏLİKZADƏ

Təbriz yuxularımın şəhəridi. Mən hələ hamımız üçün əziz olan bu şəhəri görməmişəm. Baharda yasəmənlərin ətrini duymamışam, şırıl-şırıl axan kəhriz və çeşmələrinin suyundan içməmişəm, zirvələri aylarla qarlı olan Səhəndin, Eynalı dağının sinəsindəki bağlarda dincəlməmişəm. Qəhrəmanlar oylağı Ərk qalasını, dünyanın ən qədim və ən böyük ticarət mərkəzlərindən olan Təbriz bazarını gəzməmişəm. Şəhəri ikiyə bölən möhtəşəm küçədən keçərik soydaşlarımızın şirin ləhcəsini eşitməmişəm.

O yer hələ də mənim üçün dünyanın ən uzaq şəhərlərində biri kimidi. Amma onu bilirəm ki, Təbriz bir az Bakıya, bir az Gəncəyə, bir az Naxçıvana, bir az Şamaxıya, bir az Dərbəndə, bir az Şəkiyə və Lənkərana bənzəyir. Təbriz bu şəhərlərin qərib qardaşı, ürəyimizin göynəyən yeri kimidi. Yüz illərdi üzü bəri boylanır, buralardan xəbər tutmaq istəyir. Nakam sevgilərin, sönməyən ümidlərin beşiyidi o şəhər. Havası kədər, torpağı qan qoxuyur. O şəhər həm də közərən ocağa bənzəyir. Buna görə də Təbriz nəğmələrinin çoxu həsrət, hicran havalıdı, dinləyəndə kövrəlirsən.

Təbriz nağıllaşan şəhərdi. Nağıl gerçək olmur, bilirəm. Amma nağıllaşan o qədər gerçəklər var ki... Keçmişini vərəqlədikcə nağıla, əfsanəyə bənzəyən neçə-neçə tarix düşür yada- hər biri bir dastandı.

Təbriz bir mahnıdı. Mahnı, belə demək olarsa, keçmişin gələcəyə məktubudu. Mahnılarda hansı bölgəninsə sərhədləri, hansı şəhərinsə möhtəşəm qalasının görüntüsü, şəkli var. Bir baxın: "Təbrizin küçələri dolanbadolan...", yaxud mahnının sonuna yaxın dedyildiyi kimi, " Dərbənd aralı, könlüm yaralı..."

... Təbrizdə aylı-ulduzlu yay gecəsiydi. Axşamın özü ilə dağlardan qovub gətirdiyi sərin meh əsirdi. Cavan bir oğlan binanın damındakı balaca meydançada xalça üzərində salınmış yataqda uzanıb, göydəki ulduzlar arasında öz səadətini axtarırdı. Amma onun "ulduzu" yaxınlıqdakı ikimərtəbəli binadalampa işığında xalça toxuyurdu...

Bir azdan oğlan durub oturdu və oxumağa başladı:
"Gəlmişəm otağına oyadam səni
Qara gilə, oyadam səni.
Nə gözəl xəlq eləmiş yaradan səni,
Qara gilə, yaradan səni..."

O səs pillə-pillə  ucalır  və binanın qarşısından axıb keçən çeşmənin şırıltısına qovuşub şəhərin yaxın məhəllələrinə yayılırdı. Həmin an o səs günün qayğılarından yorularaq halsız düşən insanların, səmada axıb gedən ulduzlara heyrətlənənlərin, uzaq səfərdən ömür-gün yoldaşının gəlişini gözləyən xanımlar və bir dəyaxınlıqdakı ikimərtəbəli binada ilməni-ilməyə calayan qızın ürəyinə axdı.Ürəklərdən bu sözlər qopdu:"Zalım balasının nə yanıqlı səsi var. Görəsən hansı bəxtəvər üçün oxuyur? Sevdalına qovuşasan... Anan ölməsin, ay oğul!"

Oğlan yenə oxuyurdu:
"Qızıl gül əsdi,
Səbrimi kəsdi.
Sil gözün yaşın, qara gilə,
Ağlama bəsdi."

Mahnının bu yerində xalça toxuyan qız xısın -xısın ağlamağa  başladı. Göz yaları axıb yanaqlarını islatdı. Qoşa hörükləri sinəsinə düşdü.
O başını hanaya söykəyib bir an fikrini toplamağa çalışdı.

Qızın deyiklisi vardı və o, neçə illərdi Dərbəndə getmişdi. Qız deyiklisini sevməsə də, onu gözləyirdi. Amma oğlan qayıdıb gəlmək bilmirdi... O, qonşuluqda yaşayan o oxuyan oğlanı sevirdi. Çünki onun səsi gecə-gündüz qız üçün ən əziz bir insan kimi idi-  kədərli çağında onu ovudurdu, ümidsiz olanda ona qol-qanad verirdi. Ancaq keçiləsi çətin olan sədlər vardı. O sədləri ötüb keçmək  dünyanın ən uca zirvəsinə qalxmaqdan da çətin idi.

"Təbrizin küçələri dolanbadolan,
Qara gilə, dolanbadolan.
Əgər məni sevmirsən, get ayrı dolan,
Qara gilə, get ayrı dolan.
Nə mənə qız qəhətdi, nə sənə oğlan...."

Təbriz sevdalar şəhəridi. Hər dəfə "Qara gilə" mahnısı oxunanda  gözlərim önünə o sevdalı oğlanla xalça toxuyan qız gəlir. Mənə elə gəlir ki, o qız rəhmətlik Rübabə xanımın heç vaxt qocalmayan gəncliyidi. O mahnı mənim əlimdən tutub Təbrizi küçə-küçə, meydan-meydan gəzdirir. Sanki şəhərdəki El gölünün ətrafındakı bağda yaşıl otlar üstündə dincimi alıram, sərin sulu çeşməsindən doyunca içib rahatlanıram və Təbrizlə, o nisgilli mahnı ilə bağlı fikir və düşüncələrim aydınlaşır, təmizlənir.

Təbriz yuxularımın şəhəridi. Amma onu bilirəm ki, Təbriz bir az Bakıya, bir az Gəncəyə, bir az Naxçıvana, bir az Şamaxıya, bir az Dərbəndə, bir az Qəbələyə, bir az Şəkiyə və Lənkərana bənzəyir. Təbriz bu şəhərlərin qərib qardaşı, ürəyimizin göynəyən yeri kimidi. Yüz illərdi üzü bəri boylanır, buralardan xəbər tutmaq istəyir. Nakam sevgilərin, sönməyən ümidlərin beşiyidi o şəhər. Havası kədər, torpağı qan qoxuyur. O şəhər həm də közərən ocağa bənzəyir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top