NAZİM MUSTAFAYEV

Səhabə və Əhli-beyt qəbrlərini ziyarət...

Səhabə və Əhli-beyt qəbrlərini ziyarət...

NAZİM MUSTAFAYEV

Gəlin yaşadığımız kənd və ya şəhərin adının bir səhabə adı ilə bağlı olduğunu düşünək. Hətta dədə-babalarımız min illər əvvəl o səhabə vasitəsilə İslamı seçmiş olsun. Bu minvalla yaşadığımız kənd və ya şəhərimizdə qədim məscidlər, bir sıra İslam böyüklərinin qədim məzarlarına da rast gələk. Əslində belə bir mənzərə tanınması, bilinməsi gərəkən bir tarix mənasına gəlir. Bizim vəzifəmiz də təbii ki, bu tarixi öyrənmək, bilmək olmalıdır. Ancaq burada vurğulanması gərəkən bəzi məqamlar da var. Əgər biz hansısa İslam aliminin, İslam böyüklərinin və ya onların övladlarının yaşadığımız bölgədəki məzarını və o insanların bu torpaqlara gəlişini araşdırırıqsa burada diqqət etməmiz gərəkən bəzi məsələlər üzə çıxır. Əvvəla o qəbr və türbələrə qarşı uca dinimiz İslamın uyğun gördüyü şəkildə münasibət bəsləməyimiz lazımdır. Əks halda bu kimi məkanlar xürafatın yaşadıldığı yerlər halına gələ bilər.

Bilməmiz gərəkir ki, yaşadığımız bölgədəki bir səhabə və ya İslam aliminin məzarı bizi daha dindar, Allaha daha yaxın və daha yaxşı müsəlman eləmir. Bir insanın Allahla olan yaxınlığı yaşadığı kənd və ya şəhərdəki səhabə və ya bir şeyx qəbrinin olması ya da bu kimi türbələrin sayı ilə ölçülə bilməz. Bu kimi məkanlara gəlmək, buraları ziyarət etmək yeri gələndə orada dəfn olunan şəxslərə bir vəfa duyğusu, həmçinin o şəxsin daşımış olduğu dəyərlərə hörmət mənası daşıyır. Ancaq İslami dəyərlərin, İslamın gətirdiyi əxlaqi prinsiblərin yaşanmasına gəldikdə isə bu sadəcə qəbr ziyarəti deyil, bütün həyatı əhatə edən məsələdir.

Əgər bir insanın Allah qatındakı üstünlük meyarı yaşadığı bölgədəki türbə, məscid ya da ziyarətgah sayı ilə ölçülsəydi, bu zaman İslamı yenicə qəbul edən bir italyan, bir fransız yada okeanın digər tərəfindəki bir amerikalının halı necə olacaqdı? Axı dünyanın bir çox bölgəsində özündən əvvəlki yeddi cəddi İslamı duymamış, eşitməmiş bəlkə də milyonlarca insan var. Bu insanlar İslamı seçərək müsəlman olanda, öz kəndində, şəhərində bir səhabə qəbri, bir şeyx türbəsi olmadığına görə Allah qatında daha geridə hesab edilə bilərmi? İslama görə bir insan yalnız öz əməllərinə, hədis və ayələrə əməl etmə ölçüsünə görə Allaha (c.c) daha yaxın ola bilər. Əks halda Həzrət Nuhun övladının timsalında olduğu kimi bir peyğəmbər övladı olmaq belə onu Allaha (c.c) yaxın bir bəndə eləmir.

Peyğəmbər dostlarının, Onun (s.ə.s) yol yoldaşı olan səhabələrin, həmçinin Peyğəmbər (s.ə.s) nəslinin davamçılarının dünyanın bir çox bölgələrinə, o cümlədən ölkəmizə qədər səpələnmiş qəbrlərinə rast gəlirik. Bu məkanları ziyarət etmək ən başda Peyğəmbər (s.ə.s) sevgisindən qaynaqlanan bir məsələ olmalıdır. Çünki onlar Peyğəmbərdən aldıqları iman və İslam əmanətini dünyanın dörd bir yanına daşımaq üçün yollara düşmüşdülər. Peyğəmbər nəslinin davamçıları da məhz bu pak soydan gəldikləri üçün təqibə məruz qalmışdılar. Bu səbəblə bu kimi məzarları ziyarət etmək ən başda Peyğəmbər sevgisinə bağlı olmalıdır. Peyğəmbəri (s.ə.s) sevən Onun davasının qəribliyini müqəddəs bir yük kimi boyunlarında daşıyan səhabələri, Əhli-beyt mənsublarını sevməsi də gərəkir. Əks halda heç nədən xəbərsiz bu kimi kəslərin qəbrlərini ziyarət etməklə etməmək arasında elə də fərq yoxdur.

Həmçinin Peyğəmbər (s.ə.s) sevgisini insanda canlı tutacaq sadəcə onun yadigarı olan insanlar deyil. Şairlərə, ədiblərə, könül gözü açıq insanlara sadəcə sahabə qəbrləri, əhli-beyt mənsublarının məzarları deyil, ümumiyyətlə təbiətdəki hər şey Peyğəmbəri (s.ə.s) xatırlatmışdır. Şair Peyğəmbər (s.ə.s) sevgisini (Fəna fir-Rəsul) ruhuna o qədər hopdurmuşdu ki, ay, günəş, ulduzlar və.s hər şey ona peyğəmbəri xatırladırdı:

“Aya sorsam yakamoza
Parıldayan ulduza
Səni mənə anlatırlar
Damla damla gözyaşıyla
 
Günə sorsam doğan günə
Gülə məftun bülbülə
Səni mənə anlatırlar
Vəfalı bir lisan ilə”

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top