NAZİM MUSTAFAYEV

Yer və göy insan üçün ağlayarmı?

Yer və göy insan üçün ağlayarmı?

NAZİM MUSTAFAYEV

Həzrət Musa Firon və qövmü tərəfindən təqib olunacağını bilsə də İsrail oğullarını götürüb gecə ikən yola çıxmışdı. Həzrət Musa və ona tabe olanlar bir möcüzə olaraq dənizdən keçsələr də, həm Firon, həm də bütün əyan-əşrafı və əsgərləri bu təqib zamanı suda boğulub tələf olacaqdılar. Quranın ifadə etdiyi üzrə bu tələf olmadan sonra Firon və əsgərləri özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub gedəcək, neçə-neçə əkinlər, gözəl yerlər, möhtəşəm qəsrlər, zövq aldıqları neçə-neçə nemətləri tərk edəcəkdilər. (Duhan, 44/23-28) Yaşanan bütün bu hadisələrdən sonra dənizdə boğulan Firon və əyan-əşrafı haqqında ayədə belə buyurulmuşdur: Onlardan ötrü nə göy, nə də yer ağladı.” (Duhan, 44/29)

Özlərini böyük görən, başqalarını aşağılayan, özlərinin olmadığı bir dünyanı təsəvvür edə bilməyən Firon və yandaşlarının əslində elə də dəyərli kəslər olmadığını vurğulamaq üçün ayədə belə bir üslub seçilib. Bu həm də istehza mahiyyəti daşıyır. Günümüzdə də layiq olmadığı halda insanlardan hörmət və izzət gözləyən şəxslər haqqında “gərək yoluna qırmızı xalça sərərdik” ifadəsinin işlədildiyinə rast gəlirik. Firon və əyan-əşrafı da özlərini çox böyük görürdülər, əgər ölsələr ardından özləri üçün bütün dünyanın ağlaması gərəkirdi! Quran isə belə olmadığını söyləyir. Təfsir alimlərinin dediyinə görə burada göy və yerin ağlaması və ya ağlamaması məcazi məna daşıyır. Onlar azğın kəslər olduğu üçün heç kim onların halına yanmamış, onlar üçün kədərlənməmişdi.

Ayəni belə də anlamaq olar ki, “Onlar həlak oldular, başlarına gələn fəlakət heç kimə böyük görünmədi və yoxluqları səbəbilə hər hansı boşluq yaşanmadı”. İnsanlar adətən tanınmış bir şəxs vəfat edəndə, “onun ölümünə görə dünya qarardı, günəş və ay tutuldu, külək əsdi, yağış yağdı, göy və yer ağladı" kimi ifadələr işlədir. Əslində bu ifadələr sözün həqiqi mənasında deyil, müsibətin böyüklüyü qəsd edilərək söylənir.
Çiçəklərin kədərləndiyini və sevindiyini günümüzün texnologiyası sübut etmişdir. Bu minvalla bir insanın vəfatına və ya ayrılığına əşyaların, o cümlədən digər varlıqların kədərlənməsi və sevinməsi ilə bağlı elmin gələcəkdə deyəcəyi başqa sözlər də ola bilər.

Firon özünü üstün görmək bir yana, hətta öz rəbliyini elan edən bir şəxs idi. Xalqın əksəriyyətini qul-kölə kimi işlətmiş, israiloğullarını isə insan və vətəndaş yerinə qoymadan zülmün ən ağırını onlara qarşı işlətmişdi. Quranda da Fironun bu hədd bilməz əməlləri, həmçinin ölümündən sonra geridə qalan xatirəsi qeyd edilərək onun yolunda gedənlərə, getmək istəyənlərə ibrət dərsi verilmişdir.

Həlaklarından sonra ağlayanı olmayan bu müqtədirlər həyatda ikən şöhrətləri hər yana yayılmışdı. Hər kəs heyranlıqla onlardan bəhs edirdi. Günümüzdə olduğu kimi televiziyalar, qəzetlər, xəbər agentlikləri olmasa da, ad-sanları dildən dilə bütün ölkələri gəzirdi. Ancaq qurduqları səltənət məhv olub gedəndə ardınca ağlayanı tapılmadı, arxalarından heç kim göz yaşı tökmədi. Əksinə onların məhv olub getmələrinə sanki məmnun olub sevindilər. Çünki onlar Allahın yaratdıqlarına qarşı yad edilib xatırlanacaq heç bir yaxşılıq etməmişdilər. Allahın onlara verdiyi fürsət və möhlət müddəti boyunca dünyada fəsad çıxarmaqla məşğul olmuş, nəhayət vədə gəlib çatanda dəniz onları öz cənginə almışdı.

Bir insanın arxasından dağların, daşların ya da insanların ağlamasındansa hər bir insan elə dünyada ikən öz halına ağlaması bunların hamısından daha faydalı olanıdır. Faydalı olan öldükdən sonra “Kaş (o əzabı görməmək üçün) torpaq olaydım!” (Nəbə, 78/40) demək deyil. Faydalı olan hesabın, sorğu-sualın ağırlığını elə bu dünyada ikən hiss etmək və buna görə yaşamaqdır.

Söhbət ağlamaq və göz yaşından düşmüşkən bir İslam aliminin bu haqda dediklərini qeyd etmək yerinə düşər. İslam alimi: “Əgər layiq olmasam da Həzrət Peyğəmbərin (s.ə.s) hüzuruna çağırılsam və O (s.ə.s) məndən özünə nə hədiyyə gətirdiyini soruşsaydı: “Ya Rəsulallah! Günahına ağlamış insanların göz yaşlarını sənə hədiyyə gətirdim deyərdim” demişdir. Vəfatından sonra səmanın, yerin, buludların ya da kimlərinsə arxasınca ağlayıb ağlamayacağını düşünmək və bunun planını qurmaqdansa fürsət varkən yaxşı əməllərin arxasınsa düşmək, dünyada ikən elə öz günahlarına ağlamaq hər halda daha məqsədə uyğun olanıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top