Ən xeyirli libas…

İnsan toplu halda yaşamaq üçün proqramlanıb. İnsan cəmiyyət halında yaşayanda öz həyatını daha asan davam etdirə bilir. “İnsan sosial varlıqdır” sözü hər halda bu həqiqətdən ilhamla söylənib. Toplu halda yaşamaq insanda həya duyğusunu ortaya çıxarır. Başqa bir ifadə ilə yaradılışdan insana verilən həya və utanma duyğusu insan toplu halda yaşayanda özünü göstərir.

Biz insanlar bir şəhər, kənd ya da cəmiyyət halında yaşamasaydıq bəlkə də bu həya və utanma duyğusu ortaya çıxmayacaqdı. Bu həya və utanma duyğusu da örtünmə və geyinmə hissini özü ilə bərabər gətirir. Geyinmək, ya da örtünmək Cənab Allahın (c.c) insan fitrətinə yerləşdirdiyi bir ehtiyacdır.

İnsanlar həm bər-bəzək və gözəllik üçün, həm də fitrətində olan örtünmə hissinə görə hər dövr və zamanda müxtəlif cür libas və geyimlər geyinmişlər. Geyim və ya libasın tarixi elə insanlığın var olma tarixi ilə eynidir. Bu haqda Quranda belə buyurulub: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız” (Əraf, 7/26).

Ayənin ifadəsi ilə insanın üzərinə geyindiyi paltar həm bədənini örtür, eyni zamanda bir bəzək mahiyyəti daşıyır. Quranda bunlarla yanaşı bir də təqva libasından bəhs edilir. Təqva libası isə parçadan ya da dəridən hazırlanmış hansısa növ bir libas deyil, məcazi məna daşıyan mənəvi bir libas hökmündədir. Təqva libası iffət, həya, utanma kimi mənəvi duyğulara sahib olmaqdır. İnsanda təqva libası yoxdursa geyindiyi maddi geyimlər onu mənən çılpaq olmaqdan xilas etməyəcək.
Geyimin birinci məqsədi örtünmək və gözəl görünməkdir. Cəmiyyətdə hər bir insanın bir geyim zövqünə sahib olduğunu demək olar. Araf surəsinin 26-cı ayəsində əsasən iki növ geyimdən bəhs edilir. İnsanın bədənini, ayıb yerlərini örtən və ona gözəllik qatan zahiri bir libas, ikincisi isə insanın həya və namus duyğusunu meydana gətirən təqva libası.

İnsanın bədənini, ayıb yerlərini örtdüyü üçün əlbəttə maddi geyimim önəmi var. Ancaq bir də bu zahiri geyimi daha mükəmməl hala gətirən, insana həya, utanma və iffət kimi duyğular aşılayan təkva libası var. Bir insanda maddi geyimlə yanaşı təqva libası da varsa, bu zaman insan ən ağırından ən hüngülünə qədər çirkin əməl və işlərdən uzaq durur. İnsanda təqva libası, həya və iffət libası yoxdursa üzərindəki zahiri geyimlər onu çirkin işlərdən çəkindirmir.
Təqva libasına bürünənlər məcburiyyət altında çılpaq belə qalsalar utanma hissi, iffət və həyası yenə onların örtüsü olur. Ancaq bir şəxs təqva libasından yoxsun olanda geyinmiş olsa belə yenə çılpaq görünür. İnsanın çirkin davranışlarının önünü alan, insanı kəm gözlərdən, xain baxışlardan qoruyan, hətta qarşı cinsə “gəl-gəl” deməyən geyim maddi geyimdən daha çox məhz təqva libasıdır.

Səliqəli və gözəl bir geyim ilahi bir nemət olmaqla yanaşı öz-özlüyündə mütləq bir xeyr və fayda deyil. Əgər içində təqva libası olmazsa o insanın üzərindəki geyim digər bir tərəfdən kibir və qürur mənbəyinə də çevrilir. Geyim bədəni örtdüyü, qoruduğu və gözəllik qatdığı kimi təqva da həm ruhumuzu pis duyğulardan təmizləyər, həm də ruhu gözəlləşdirər. Bir sözlə təqva libası bir insanı iffət, ədəb və həya yetimi olmaqdan qoruyur.

Dünyada həmişə iç və çöl, görünən və görünməyən bir-birini əks etdirmir. Üzərində paltar olan, ya da təqva libası geyinmiş kimi görünən ancaq əxlaqən çılpaq insanlar da var. Mövlananın: “Necə libaslar gördüm içində insan yoxdur” sözü hər halda bu məqamı anladır.

Bir İslam alimi gənclik dövründə geyiminə çox diqqət edir, patlarlarını həmişə ütülü və səliqəli geyinir. Bu da ətrafdakı insanları diqqətini çəkirmiş. Bir gün yenə paltarını ütüləyəndə yanındakı dostu ona belə deyir: “Biraz təqvalı olsana!”. Bu alim aradan illər keçsə də xatirələrində o dostunun sözlərini hələ də başa düşmədiyi qeyd edir. “Axı təqvalı olmaqla səliqəli geyinmək arasında bir təzad yoxdur. Axı təqva libası səliqəsiz və pinti geyinib ortalıqda gəzmək deyil!”
Nəticə olaraq deyək ki, örtünmək kainatda mikro aləmdən makro aləmə qədər hər yerdə müşahidə edilən fitri bir həqiqətdir. Dünyanın atmosferi, ağac və meyvələrin qabıqları, heyvanların dəri və tükləri bir növ libas hökmündədir və onları xarici aləmə qarşı həm qoruyur həm də əlavə gözəllik qatır. Bu minvalla zahiri geyim və libas da sosial varlıq olan biz insanların örtüsüdür. Bunlarla yanaşı Quranda (c.c) bir ölçü kimi təqdim edilən təqva libası həyata əlavə bir məna və dəyər qatır. İnsanı sair varlıqlar arasında daha uca bir məqama yüksəldir. Təqva libası həm də insanı Allahın hüzurunda utanmaqdan qoruyacaq, axirətdə insanın üz ağı olacaqdır.

DİGƏR XƏBƏRLƏR

Top