ANAR QARAXANÇALLI

23 iyun İstanbul seçkiləri

23 iyun İstanbul seçkiləri

ANAR QARAXANÇALLI

31 mart bələdiyyə seçkilərində İstanbulun cüzi fərqlə itirilməsi rejim üçün qəbuledilməz nəticə oldu. İstanbul rejimi ayaqda tutan gövdə mahiyyətindədir. Rejimin mediasının, illeqal dəstəklərin mənbəyi İstanbul bələdiyyəsidir. Ona görə də, seçkinin təkrarlandırılması qərarı alındı.
Vəziyyət çox acınacaqlıdır. İllər boyu PKK, kürd düşmənçiliyi ilə var olan Milliyyətçi partiya, lideri Baxçalı indi Öcalandan kömək gözləyir. Kürd düşmənçiliyi üzərindən 30 ildir savaş aparan rejim indi Öcalanla kürdlərə təzyiq etmək istəyir. Məqsəd, İstanbul seçimlərində kürdlərin İmamoğluna səs verməsini önləmək. İstanbulu əldə saxlamaq istəyi rejimin on illərlə apardığı siyasətin iflasına gətirib çıxardı. Dünənə kimi kürdlərin partiyasına, Dəmirtaşa PKK ilə, Öcalan ilə araya məsafə qoy deyən rejim və ünsürləri indi Öcalana niyə qulaq asmırsız deyə özünü axırıncı yola qoyur. Artıq həm AKP, həm də MHP tərəfdarları haqlı olaraq bu sualı soruşurlar: haqsız yerə seçkilər niyə ləğv olundu, ikincisi, hökumət necə olur ki, terrorçu Öcalandan dəstək gözləyir? Qısası, bütün paradiqmalar alt-üst olur, rejim iflasa sürüklənir.
Xarici siyasətdə vəziyyət daha acınacaqlıdır. Türkiyə S 400 ilə F35 arasında sıxışıb qalıb. Hökumət öncə bu suala cavab verməlidir. S400-lər niyə alınır? Hansı dövlətlərə qarşı istifadə olunacaq? Əgər Qərb ölkələrinə qarşı alınırsa, o zaman Türkiyənin NATO-da nə işi var?
Türkiyə NATO-ya niyə üzv oldu?
Rusiya Türkiyə münasibətləri tarixin hər dövründə çəkişməli olub. XV əsrdən başlayaraq Qara dənizdə ticarət maraqları, Xəzər ətrafı türk xanlıqlarının Rusiya tərəfindən ilhaqı Osmanlı Rusiya qarşıdurmasının əsas amillərindən olub. İkinci Dünya müharibəsindən sonra SSRİ-nin, Stalinin boğazlarda hərbi baza tələbləri, ölkənin şərqindən torpaq tələbləri Türkiyəni NATO-ya üzv olmağa yönləndirmişdi. Adnan Məndərəs hökumətinin Koreyaya əsgər göndərməsi, NATO-ya üzvlüyün önünü açdı. Türkiyənin üzvlük istəməsinin bir səbəbi SSRİ təhlükəsi idi, digər səbəb isə, ABŞ-dan gələn iqtisadi və hərbi yardımın davam etməsi idi. Yəni, Türkiyə istəyərək girdiyi NATO sayəsində Rusiya təhlükəsindən sığortalandı.
Bu gün isə Türkiyə Rusiyanın təsirindən kənara çıxa bilmir. Bu hala Türkiyə necə gəldi?
24 noyabr 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vurdu. Ardınca Rusiya Türkiyənin Suriyada terrorçuları dəstəklədiyini açıqladı. Türkiyə əvvəlcə yaxşı elədik deyirdi, təzyiqlər artdıqca geri addım atmağa başladı. 3 dekabrda Putin, “Türkiyəni peşman edəcəyik” dedi. Nə oldusa, bu tarixdən sonra oldu. Türkiyə zamanla Rusiyanın peyki halına gəldi. Bu gün Putin Türkiyə üstündən NATO-da hərc-mərclik yaradır. Təbii ki, ABŞ buna imkan verməz.
Bundan sonra nə olar?
İstanbulu verməmək üçün bütün variantlar istifadə ediləcək. Məsələ artıq varlıq-yoxluq nöqtəsinə gəlib. Bütün kartlar açılır. Amma İstanbulu kimin alacağından asılı olmayaraq, artıq rejim iflas edir. Ölkədaxili iqtisadi böhran, ABŞ-ın S400 təhdidləri, iqtisadi və hərbi embarqolar Rusiya ABŞ dilemmasında qalan Türkiyəni küncə sıxışdırıb. Qurtuluş çox çətin görünür. Allah Türkiyəni, xalqı qorusun!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top