RAHİB ALPANLI

Çərşənbənin təbəssümü

Çərşənbənin təbəssümü

RAHİB ALPANLI
Çərşənbənin təbəssümü
 
(Olmuş əhvalat əsasında)
 
Ayaqlarının, əllərinin belə heydən düşməsi, ağlına gələn qəribə fikirlər onu çaşdırır, nə edəcəyini, dərdini kimə deyəcəyini qərarlaşdıra bilmirdi. Hərdən ayağa qalxmaq, otağın pəncərəsindən görünən güneylərə çıxmaq, tər-təmiz göylərin altında uzanıb gedən ucsuz-bucaqsız, gözəl dünyaya doyunca baxmaq, artıq ilk qədəmləri ilə dərələri, düzləri yaşıl ot, saysız-hesabsız çiçəklərlə bəzəməyə başlayan baharın məlhəm havası ilə ciyərlərini sevindirmək, cavan vaxtlarında olduğu kimi papağını başının altına qoyub, güneyin aləlvan yaxasında bir doyunca yatmaq sevdası keçirdi könlündən. Belə düşüncələrin sonuna çatmamış qulağına yaxşı tanıdığı, lakin dünyalarını çoxdan dəyişmiş bəzi adamların səsləri gəlir, gözləri bu tanış simaların onu da hara isə getdikləri yerə dəvət etdiklərini görürdü. Onlara verdiyi cavablar yanındakılarını vahiməyə salır, kövrəldirdi. Gözləri yumulu olduğu zaman da arabir üzünün güldüyü və bir azdan qaşlarının çatıldığı, bilmədiyi suala cavab axtaran tələbə kimi əziyyət çəkdiyi hiss olunurdu. Yanına gəlib-gedənlərdən Məlik kişinin artıq o dünyaya hazırlaşdığını deyənlər də olmuşdu. Övladları “hazırlaşmaq” sözünü anlamaqda çətinlik çəkirdilər. Yaşlı adamlardan biri onlara başa saldı ki, tanıyan, bilən adamlar Məlik kişi ilə halallaşsalar əziyyət çəkməz. Son günlər o, bir neçə nəfərin adını da çəkmişdi. Onlardan bəziləri gəlib görüşmüşdülər də.
***
Pəncərələrə düşən günəş şüaları otağı nə qədər işıqlandırsa da, artıq kölgələnmiş güneylər qürubun iri addımlarla irəlilədiyindən xəbər verirdi. Gözlərini yumub açması arasındakı zamanı sanki bir günün başlayıb bitdiyi kimi hiss edən Məlik kişi iliyinə işləyən bir rahatlıq, sakitlik istəyirdi.
Baxışlarının getdikcə bulandığını yanındakılar da açıq-aydın sezirdilər. Bu dəfə gözlərini açanda bir sürünün güneyə endiyini gördü. Arxadakı örüşlərdən gələn qoyunlar güney boyunca yayılıb, tələsik daha çox yeməyə çalışırdılar. Sürünün sonuncu qoyunları da güneyə enəndə arxadan gələn çobanın papağından tutmuş ayağınacan böyüyə-böyüyə qalxan silueti Məlik kişinin gözlərinə doldu. Anasını tapan uşaq kimi sevindi. Sözünə baxmaq istəməyən əlini güclə qaldırıb, incidəcəyindən ehtiyat edirmiş kimi gözlərini yavaş-yavaş sildi.
Çoban çomağını yelləyib sürüsünü kəndə aparan yola haylamağa başladı. Məlik kişi elə bildi ki, o, bir neçə addım da atsa birbaşa onların həyətinə girəcək. Əlini bir də qaldırıb, Səməd çobanı səsləyib çağırmaq istədi. Yanında oturanlar da “Səməd!” nidasını eşitdilər. Hamıya aydın oldu ki, Məlik kişi çobanı – uzaq qohumluğu olan Səmədi - görmək istəyir.
***
Məlik kişi bir-iki il bundan əvvəl Səmədi qardaşının təziyəsindən qovmuşdu. Ortada elə bir ciddi səbəb də yox idi. Məlik kişinin oğlu ilə Səməd arasında məhkəməlik bir iş olmuşdu. Səhvini başa düşən gənc qısa müddətli cəzasını çəkəndən sonra yenə də Səmədə “əmi” deyə müraciət edir, salamlaşır, hal-əhval tuturdu. Məlik kişi isə tərsliyinə salıb illər boyunca səmimi ünsiyyətləri olmuş, duz-çörək kəsdiyi sakit bir adama bəslədiyi acığı əridə bilməmişdi. Kənddə hamının hörmət elədiyi Səməd təziyədən başı əzilmiş ilan kimi qıvrıla-qıvrıla ayrılmalı olmuşdu. Düzdü, mərhumun övladları: - Əmi, ona fikir vermə, acıqlıdı, sən burada olmalısan. Getmə. – desələr də, Səməd qüruruna qarşı çıxa bilməmiş, Məlik kişiyə; - Qismət, məndən əvvəl olsa heç sənin də ölümünə gəlməyəcəyəm, - deyib ayrılmışdı. O qədər adamın qarşısında təhqir olunmağını uzun müddət ağır yük kimi gəzdirmişdi ürəyində Səməd kişi. Kövrəlib ağladığı anlar da olmuşdu. Nə müddət keçməsinə baxmayaraq, o an yadına düşəndə başından tüstü çıxırdı.
***
O, Məlik kişinin yatağa düşüdyünü eşitmişdi. Ürəyi onu ziyarət etmək istəsə də, ayaqları getmirdi. Bir də təziyədən qovulduğu vaxt dediyi sözləri acı zəhər kimi uda bilmirdi.  Qoyun-quzusunu rahlayıb əllərini yuyurdu ki, Məlik kişinin böyük qızı həyətə daxil olub, “Əmi! Əmi!” deyə onu səslədi. Səməd xatirini öz doğma balası qədər istədiyi qızın xahişini dinləyib bir az fikrə daldı, doluxsunub: - Bağışla, bala, gələ bilməyəcəyəm, - dedi. Həyat yoldaşı ona başqa söz əlavə etməyə imkan vermədi. – Ay kişi, sən nə danışırsan? Ayağının altında qalan qarışqanın halına yanan Səməd deyilsən? Birdən-birə nə oldu sənə? Gedəcəksən, özü də mənimlə. Ölüm-itim dünyasıdı. Bunun vəbalından qurtarmaq olarmı? Get, qızım. Əmin bir stəkan çay içsin, gəlirik.
Səməd bir az da kövrəldiyindən heç bir söz deyə bilmədi.
***
Məlik kişiyə Səmədin gəlişini xəbər verəndə yatağında qurcalanıb dirsəklənmək istədi. Kömək etdilər və intizar dolu gözləri qonağın daxil olacağı qapıya zilləndi. Səməd: - Azar olmasın, qardaş! – deyib özünü tuta bilmədi, hönkürə-hönkürə Məlik kişinin boynuna sarıldı. Hönkürtülər bir-birinə qarışdı. Ara sakitləşəndən sonra bir qədər özünə gələn Məlik kişi: - Səməd, məni diriltdin. Neçə dəfə Əzrayılı əliboş qaytarmışam. “Səməd gəlməyincə sənə can verəsi deyiləm,” - demişəm. On il də bundan sonra ölən deyiləm, ancaq bilmək olmaz. O gün sənə qarşı çox haqsızlıq elədim. Dəfələrlə qapına gəlib üzr istəməyə çalışsam da, lənətə gəlmiş şeytan yolumu kəsib imkan vermədi. Allah xatirinə, haqqını halal elə.
Səməd kişi udquna-udquna: - Ananın südü kimi halalın olsun, qardaş. Bu dünyada kim kimdən incimir ki. Unut getsin. Biz hələ şox görüşəcəyik. Allah şəfa versin, - deyə bildi.
***
Səməd və həyat yoldaşı evlərinə gecədən xeyli keçmiş gəldilər. Yolda həyat yoldaşı Səməddən: - Nə deyirsən, gözün su içir, Məlik qardaşın halından?
Səməd ulduzlarla dolu aydın göyə baxıb: - Allah bilir. Onun yazdığını kim poza bilib ki? – dedi.
 ***
Səməd gecəni demək olar ki, yata bilmədi. Məlik kişi gözlərini əbədi yuxusuna yumanda çərşənbə səhərini salamlayan günəşin qızılı təbəssümü güneylərin yaxasını bəzəyirdi...
 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top