NAZİM MUSTAFAYEV

“Mənim qəlbim təmizdir. Bəs səninki?..”

“Mənim qəlbim təmizdir. Bəs səninki?..”

NAZİM MUSTAFAYEV

“Adəmə səcdə edin!” əmrinə İblis itaət etməmiş və yanlış məntiq yürütmüşdü. İblisin apardığı müqayisənin yanlış olduğunu ilk dəfə Qəzzalinin əsərlərində oxumuşdum. Hətta bu zaman İblisin yanlışını söyləyən adam kimi Qəzzaliyə heyran qalmışdım. Həqiqətən İblis atəşin torpaqdan üstün olduğunu hardan bilirdi? Belə bir bilgini hardan əldən etmişdi? Yaradılış xəmirinə görə üstünlük iddia etmək nə qədər doğru ola bilərdi? Təbii ki, Quranın ifadə etdiyi kimi İblis təkəbbürləndiyinə, özünü üstün gördüyünə görə belə deyirdi. Bu da onun aldanma nöqtəsi idi.
İndi isə gələk yazı başlığında istifadə etdiyim “Mənim qəlbim təmizdir” məsəlinə… Nəyə əsasən təmiz? Belə deməklə qəlb təmiz olurmu? Bununla həqiqət ifadə edilirmi? Adətən bu ifadə ilə təskinlik tapma, vicdanən özünü rahatlatma üsulu kimi istifadə edilir. Təmiz qəlb yaxud Quran ifadəsi ilə “qəlbi-səlim” insana elə mühüm məqamlarda gərəklidir ki, işi xəfifə almaq, bu barədə qeyri-ciddi və qeyri səmimi ifadələr işlətmək insanın aldanmasıdır.
Aylarca idman etmədən, tər tökmədən, yorulmadan “mən yarışa hazıram” demək necə qeyri ciddi səslənirsə, quru bir sözdən ibarət olan “mənim qəlbim təmizdir” ifadəsinin də bundan fərqi yoxdur. Yarışa hazırlıqsız gedən tənbəl bir idmançının bundan sonra hələ bir neçə fürsəti ola bilər. Bəs görəsən “mənim qəlbim təmizdir” deyərək özünü aldadan insanın halı necə?
“Qəlbi-səlim” ifadəsi Quranda iki yerdə keçir. Məhşər meydanının dəhşətli mənzərəsindən agah edilən Həzrət İbrahim peyğəmbər belə dua etmişdi: “Ey Rəbbim! İnsanların dirildiləcəyi Qiyamət günü məni rəzil rüsvay etmə! O gün, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq qəlbi-səlimlə (təmiz bir qəlblə) Allahın hüzuruna gələn kimsədən başqa!” (Şuəra, 26/87-89). Digər ayə isə belədir: “O (Həzrət İbrahim) Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi” (Saffat, 37/84). “Qəlbi-səlim” olmaq insana Axirət sərmayəsi olaraq gərəksə də, belə bir məziyyətin dünyaya baxan tərəfləri də var.
Ayədə keçən axirət günü mal və övladın fayda verməməsi, dünyanın heç bir süs və dəbdəbəsinin, ehtişamının da fayda verməyəcəyi mənasına gəlir. Yəni, qiyamət günü Allaha təmiz bir qəlblə gələnin zənginliyindən başqa heç bir zənginlik fayda verməz. “Qəlbi-səlim” yanlış inanc və əqidərələrdən uzaq, dünyanın cəlbediciliyinə meyl etməyən, dünya ləzzətlərinin əsiri olmayan qəlb deməkdir. “Qəlbi-səlim” Allahın haqq olduğuna, insanların Qiyamət günü sorğu-suala çəkilmələri, hesab vermələri üçün qəbirlərindən çıxarılaraq məhşər meydanına gətiriləcəyinə iman edən qəlbdir.
Qəlbi mənən xəstə olanları əməllərinə baxaraq bunu müəyyən etmək mümkün olduğu kimi təmiz qəlb sahiblərini də əməllərinə baxaraq bilmək olar. Dilin qeybətdən, başqalarına iftira və böhtan atmaqdan, yalan danışmaqdan uzaq durması, əzaların başqalarına əziyyət etməməsi, insanların haqq və hüquqlarını tapdalamamaq və s. kimi hallar qəlbi-səlim olmağın əlamətlərindəndir.
Ayədə məhz qəlbə vurğu edilməsinin səbəbləri var. Qəlb mənən təmiz və gözəl olanda digər əzalar da təmiz və gözəl olar. Qəlb mənən xəstə olanda, o qəlbin sahibinin hal və hərəkətləri də zərərli hala gəlir (Buxari, İman, 39). İnsan təmiz qəlb sahibi deyilsə müəyyən bir yerə qədər yaxşı əməllərlə özünü gizlədə bilər. Ancaq günün birində o insanın həqiqi mahiyyəti mütləq üzə çıxacaqdır.
Faydalı qazıntılar çıxarılaraq harasa aparılanda adətən yeri boş qalır. Getdiyi yerdə emal edilib işlədilsə də arxada qazılmış çuxurlar, xarabalıqlar, boş mədən yataqları hətta korlanmış, məhv olmuş təbiət qalır. İnsanlardan axirət yurduna dəyərli bir cövhərlə, yəni təmiz bir qəlblə, “qəlbi-səlimlə” gəlmələri istənilir. Bu təmiz qəlbi əldə etmək üçün isə arxada məhv olmuş həyatlar, viranələr və xarabalıqlar buraxmaq gərəkmir. Əksinə cənnəti əldə etmək üçün lazım olan “qəlbi-səlim” məhz cənnətin bir mislini bu dünyada qurmaqdan keçir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top