ƏLİ ÇƏRKƏZOĞLU

Fəxri adlar ləğv edilsin

Fəxri adlar ləğv edilsin

ƏLİ ÇƏRKƏZOĞLU

Pult əlimdə yerli kanalları dolaşırdım ki, gördüm Tacir Şahmalıoğlu bir xanımla duet oxuyur. İnsafən deyim ki, o xanım yaxşı oxuyan müğənnilərdəndir, amma Tacirlə duetdə səsinin yetmədiyi açıq-aşkar görünürdü. Birdən ağlıma gəldi ki, bu xanımın fəxri adı var, hətta bu xanım qədər səsi olmayanların daha yüksək fəxri adı var, amma Tacirin ən yüksək fəxri adı elə Tacir Şahmalıoğludur. Elə bilirəm ki, Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından bəhs edən filmdəki o kadrı xatırlamayan yoxdur: Dərədə oturub dizini qucaqlayan uşaq Bayatı-Şiraz üstündə “Vətənimdir, vətənim” oxuyur. O oxu təxminən 45 il əvvəl lentə alınıb. Üstündən bu qədər keçəndən sonra hələ də ən məşhur, özünə güvənən müğənnilər o oxunu təqlid eləməyi özlərinə ar bilmirlər, amma kimsə də o effekti, o zirvəni fəth edə bilmir. İstər qəbul edin, istər etməyin, o ifa Azərbaycan muğam sənətinin qızıl səhifəsindədir və kimsə onu ordan silə bilməz. Bu gün telekanallarımızda verilən Qarabağla bağlı süjetlərin əksəriyyətinin fonunda həmin oxu səsləndirilir. İndi necə olur ki, o oxu millətin dərdinə, yarasına məlhəm kimi sarılır, amma təltif, mükafat gündəmə gələndə o səsin sahibi yada düşmür?
Ötən əsrin 70-80 - ci illərində ali məktəblərə qəbul məsələsi çox ciddi problemə çevrilmişdi. Hər yerə yazırdılar  ki, bilik yeganə meyardır, amma hər kəs də bilirdi ki, bu məsələdə bilik meyar-filan deyil, meyar tamam başqa şeydir. İndi Tacir və onun kimi sənətçilər haqqında düşünəndə ağlıma belə bir sual gəlir ki, görəsən bəs bu işin meyarı nədir? Deyirəm görəsən bu fəxri adlara təqdimat yazan şəxslərin Azərbaycan musiqisindən xəbəri yoxdur, ya ədalət hissi çatmır? İnsafən deyim ki, mədəniyyət nazirimiz mədəni adama oxşayır, amma fəxri ad almış və bu siyahıdan kənarda qalmış sənətçilərin adlarına baxanda məəttəl qalırsan, bilmirsən kimə nə deyəsən. Bu gün xalq artisti adı daşıyan müğənnilər var ki, sənəti Tacirin sənətinin əlinə su tökməyə layiq deyil. Millətin gözü görə-görə bu qədər ayrı-seçkilik etmək, pisə yaxşı, yaxşıya pis demək kimə baş ucalığı gətirir görəsən? Deyirlər ki, Mədəniyyət nazirimiz rus təhsillidir. Olsun, amma başı çıxan bir nəfər də yandan durub desin ki, bu ondan yaxşı oxuyur, bunun da adını ora yazaq.
Bir vaxt Bəhram Nəsibov, Şahid Əbdülkərimov kimi istedadlı adamların mahnılarını oxudub, adlarını çəkmədilər ki, nə var - nə var konservatoriya qurtarmayıblar. Nəticəsi nə oldu? – Onların yazdıqları mahnılar xalq mahnısı adı ilə hər yerdə oxundu, məşhurlaşdı, amma konservatoriya qurtarmış bəstəkarların yazdıqları unudulub getdi. İndi də elə mahnılar var ki, müəllifi mübahisəlidir. Bəs bu haqsızlıq deyilmi, zülm deyilmi? İndi Tacir kimi bir sənətkarı sinəsindən geri itələyib, bir qırıq səsi ilə başını girləyən birisini irəli çəkmək də elə eyni dərəcədə zülmdür. Məsələ fəxri adda deyil, sadəcə insanı belə küsdürürlür, qəlbini qırırlar, uzaqlaşdırırlar, asta-asta öldürürlür. 
Könül Kərimova da söhbətlətinin birində deyir ki, əməkdar artist adını alanda çox sevindim, illərdən bəri üzərimdəki ağırlıqdan, iztirabdan qurtardım. Demək, başqaları üçün o qədər də əhəmiyyətli görünməsə də sənətçilər bu ad məsələsində çox həssasdırlar, çox tez sarsıla bilirlər.
Mənim qənaətim budur ki, bu ad məsələsi çox gərəksiz, hətta zərərli bir mövzudur və ən doğru çıxış yolu onu bir dəfəlik ləğv eləməkdir. İnanmırsınızsa, sənət tariximizi bir balaca araşdırın, o qədər unudulmuş, kimsənin yadına düşməyən, hər cür mükafata layiq görülmüş adamlar var ki, indi kimsə onları xatırlamır, əslində heç xatırlamaq istəmir, çünki onların sənətinə ehtiyac hiss olunmur.
Bu yazıda mən Tacirin, Könül Kərimovanın adlarını çəkdim, Eldəniz Məmmədovdan danışmadım. Halbuki onun da tacir kimi gözəl səsə, əsl sənətə sahib olduğunu, amma hərə dəfə də mükafat alanlar siyahısından kənarda qaldığını hər kəs bilir. Keçmişdə eyni problemi, əzabı yaşamış Sabir Mirzəyevdən, Süleyman Abdullayevdən, Qulu Əsgərovdan, Rəsmiyyə Sadıqovadan və başqalarından bəhs eləmədim. Artıq olan olub, qırılan qırılıb, bundan sonra Qulu Əsgərova ad versən nə dəyişəcək ki...
Boynumuza alaq ki, əlinə fürsət düşənimiz millətin gözünün içinə baxa-baxa yalan danışmaqdan çakinmir, ona görə də ən doğrusu elə məsələni kökündən qurutmaq, yəni bütün fəxri adları ləğv eləməkdir. Qoyun yaxşını-pisi xalqın özü seçsin. Demirik ki, xalqın gözü tərəzidir? Onda bu tərəzidən niyə yan qaçırıq axı, yoxsa xalqın ədalətinə güvənmirik? Düşünün, bəylər, düşünün...
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top