Amerikada yeni müsəlman olmuş bir məhkum həbsxanadakı İslamiyyətlə əlaqəli bütün proqramlardan adının silinməsini istəyir. Bu minvalla həbsxananın imamına məktub yazır. Məktubu oxuyan imam məyus olur. Məhkumun probleminin nə olduğunu öyrənmək istəyir. Ən sonda məhkumu otağına çağıraraq onunla görüşmək qərarına gəlir…
Məhkum otağa gəlir. İmam ona: “Belə bir məktub göndərmisən. Məktubu oxudum. Din seçimində azadsan. Səni ya da başqalarını nəyəsə məcbur edə bilmərəm. Yalnız bu qərarı almana səni sövq edən nədir? Bunun səbəbini öyrənmək istəyirəm”,-deyir.
Bir neçə ay əvvəl İslamı seçən bu məhkum belə deyir: “Xristianlığın mənim üçün daha uyğun bir din olduğunu düşünürəm. Ona görə sizə bu məktubu yazdım. İslam gözəl bir dindir. Ancaq görürəm ki, digər müsəlmanlar cümə namazından gəldikdən sonra qumar oynayır, bir-birlərilə yaxşı rəftar etmirlər. Televizorda hər gün müsəlmanların bir-birini öldürdüyünü görürürk. Bütün bu gördüklərim bu qərara gəlməyimə səbəb oldu”.
İmam bu məhkuma bir din ilə ona iman edən şəxslərin ayrı-ayrı şeylər olduğunu izah etməyə çalışır. Bu arada İslam aləmindən deyil, daha çox xristian aləmindən misallar çəkərək belə deyir: “Bir din ilə ona iman edənləri bir-birindən ayırd etmək lazımdır. İslam ayrı, müsəlman ayrı şeylərdir. Həmçinin xristianlıq dini ilə o dinə inanan xristianlar da ayrı-ayrı şeylərdir.
Məhkumla imam arasında dialoq davam edir. Həbsxananın imamı belə deyir… “Xristianlıqda zina yasaqdır. Ancaq xristianların əksəriyyəti ailə həyatı qurmadan kişi və qadın birgə yaşayırlar. Burada din başqa bir şey deyir, onun mənsubları isə başqa bir şey edirlər. I və II dünya müharibəsində 60 milyon insanı öldürənlər dini mənsubiyyətcə müsəlman deyil, xristianlar idilər. Amerikada 10 milyonlarla qızıl dərilini, Avstraliyanın yerli sakinləri olan 10 milyonlarla aborigen öldürənlər də xristian dininin mənsubları idilər. Dolayı, ya da dolaysız yolla Vyetnamda 5 milyon insanı öldürənlər yenə xristianlardır. İnsanlığa qarşı atom silahından istifadə edənlər də xristianlardır. Halbuki İncilə görə heç bir xristian bu əməlləri törədə bilməz. İnsan öldürə bilməz. Buradan görürük ki, din bir şey söyləyir, o dinin mənsubları başqa bir şey edir. Sözüm ona müsəlmanların İslama zidd əməl etmələri də, İslamın deyil, məhz o işi görən müsəlmanların xətalarıdır”.
İmamla məhkum arasında cərəyan edən bu dialoqda imam yavaş-yavaş məhkumun əsas problemini anlayır… Deməli, İslamı yaşamaq ona ağır gəldiyi üçün o məktub yazaraq qənaətini bildirib. Məhkum həbsxananın imamına belə deyirdi: “Gündə beş vaxt namaz qılmaq, İslamın buyruqlarını etmək mənə ağır gəlir”. Əslində bu məhkum xristianlığa da yönəlməmişdi. Onda deizmə meyl hiss olunurdu. O, bir mənada əməlsiz “din” axtarışında idi.
İmam ona belə dedi: “Təsəvvür edək ki, həmişə yalan danışan bir şəxs təlaş içərisində yanımıza gələrək deyir: “Qonşuda ev yanır, tələsin, köməyə gəlin!” Hər halda biz bu sözə inanmarıq. Aradan qısa bir vaxt keçəndən sonra yenə həmişə yalan danışan ikinci bir şəxs gələrək eyni şeyləri söyləyir: “Qonşuda ev yanır, tələsi,n köməyə gəlin!” Bu zaman bir az tərəddüdlə yaşasaq da, yenə getmərik. Axı bu gələn şəxs də yalançı və etibarsız şəxsdir. Niyə ona inanaq? Ən sonda yalanı ilə məşhur olan üçüncü şəxs eyni xəbəri gətirir: “Nə dayanmısız? Qonşuda ev yanır, köməyə gəlin!”. Xəbəri gətirənlər yalançı olsa da, hər halda ard-arda eyni xəbərin gəlməsi bizi şübhələndirəcək. Hər ehtimala qarşı hadisə yerinə getməyi özümüzə borc biləcəyik. Əgər yanğın varsa, o zaman ehmalkar davranmış olarıq. Deməli, üç yalançı şəxsin eyni xəbəri gətirmələri bizə yəqinlik hiss verdi. Biz 10 dəqiqə ərzində ard-arda gələn üç yalançının xəbərinə inanaraq yanğının baş verdiyi məhəlləyə getdik. Görəsən, ömürləri boyu heç yalan danışmayan sonuncusu Həzrət Muhamməd (s.ə.s) olmaqla 124 min peyğəmbərin gətirdiyi eyni xəbərlərin nəticəsi nə olacaq? Bütün peyğəmbərlər hər gecənin bir sabahı, hər qışın bir baharı olduğu kimi bu dünyanın arxasında əbədi bir həyatın varlığını xəbər vermişlər. Bu dünyaya o əbədi həyatı qazanmaq üçün gəldiyimizi demişlər. Uca Yaradan bizi və bu kainatı boşu-boşuna yaratmış ola bilərmi? Bizdən heç nə istəməyən, bizə heç bir mesajı olmayan bir güc və qüdrət sahibi ola bilərmi?”
Bu söhbətdən sonra imam məhkuma dərhal qərar verməməyi tövsiyyə edir. Bir həftə sonra yenə görüşmək qərarına gələrək ayrılırlar. Məhkum bununla razılaşır. İmamla qucaqlaşdıqdan sonra digər məhbusların yanına qayıdır.
Aradan bir neçə gün keçmişdi. Cümə günü idi. İmam namaz otağına gələn müsəlman məhkumların içərisində ona məktub yazan məhkumu da görmüş və çox sevinmişdi. Cümə namazı əsnasında məhkum imama yaxınlaşaraq belə dedi: “Qarşıdan Ramazan ayı gəlir, sahur yeməyinin hazırlanmasında mən də könüllü olaraq iştirak etmək istəyirəm”.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz