ÜRFAN MƏMMƏDLİ

“Benfika”nı yıxan “Qarabağ”

“Benfika”nı yıxan “Qarabağ”

ÜRFAN MƏMMƏDLİ
O gecə qazanılan müvəffəqiyyəti sözlərlə ifadə etmək  sizə zarafat gəlməsin. Üstündən 3 gün keçsə də baş verən hadisəni lakonik ifadə eləmək fikri məni tərk etmir. İstədim bu yazının adını “Canavarı yeyən quzu” qoyum. Sonra düşündüm ki, oxucular sual verə bilər ki, bunun futbolla nə əlaqəsi? Bəlkə də haqlı olarlar.
Görəsən, “Avropa canavarını Azərbaycan quzusu yedi” - yazsam, Avropanı fəth edən “canavarlarımız” - futbolçularımız məndən inciməz ki?
Oxucular məni topa tutmaz ki?
Tutsalar da tutsunlar.
“Benfika” - “Qarabağ” oyunundan əvvəl özümü müsbət sonluğa kökləmək istəsəm də gerçəklik xəyallarımı üstələyirdi. Böyük hesablı məğlubiyyətdən başqa istənilən nəticə qəbuledilən idi. Əgər meydan sahibləri bir və ya 2 top fərqi ilə qalib gəlsəydilər, “Qarabağ”a təşəkkür edəcəkdim. Məni istənilən heç-heçə çaşbaş salacaq, qələbə isə dəli edəcəkdi.
Yazının bura qədərki hissəsini bir dəlinin qeydləri kimi qəbul edə bilərsiniz.
İndi isə oyun və onun nəticəsi barədə mülahizələrə keçək.
Futbol dahisi Tyerri Anri Çempionlar Liqasının Liqa mərhələsinin birinci turunu proqnozlaşdırarkən deyib ki, “Marsel” (“Real” - “Marsel” oyununda) və “Qarabağ”dan sürpriz gözləyirəm.
Oyunun 16-cı dəqiqəsi. “Qarabağ” 0:2 hesabı ilə uduzur. “Benfika” nə qədər güclü olsa da bu hesabı, həqiqətən, sürpriz saymaq olar. Anri bu sürprizimi nəzərdə tuturdu? Eyni vaxtda digər oyunda “Marsel” 1:0 irəlidədir. Bu da sürpriz.
Özümə təsəlli verirəm: Anri deyibsə, sürpriz olacaq. Bunu əsaslandırmaq üçün məhşur hollandiyalı Yohan Kroyiffin aforizmni xatırlayıram:
“Mən indiyə qədər pulla dolu çantanın meydançada qol vurduğunu görməmişəm”.
Meydançada büdcəsi 336 milyon avro olan “Benfika” və büdcəsi 24 milyon avro olan “Qarabağ”.
Bu bilirsiniz nə deməkdir? Yəni meydançada 11 “Qarabağ”lı futbolçu 168 “Benfika”lı ilə “döyüşür”. 
Oyundan əvvəl Qurban Qurbanovun oyunçularına nə dediyini söz-söz ifadə edə bilməsəm də, özümün başa düşdüyüm kimi deyə bilərəm:
“Biz qurdlar süfrəsinə pənah gətirmişik. Bizi səhv etməyə məcbur edəcəklər. Amma bundan çəkinməməli, öz oyunumuzu oynamalıyıq”.
Yəni biz uduza bilərik, hətta böyük hesab da ola bilər. Bundan qorxmamlı, rəqibin üstünə getməliyik, biz də varıq deməliyik.
Həqiqətən də, “Qarabağ” uduzmaqdan qorxmadı, “Benfika”ya öz oyununu diktə etdi və nəticə də qazandı.
Unutmamalıyıq ki, “Qarabağ”ın legionerlərinin böyük əksəriyyəti Portuqaliyanın ikinci liqasından transfer olunublar. “Benfika” sanki öz ölkəsinin ikinci liqasının komandası ilə oynayırdı. Amma həmin oyunçular indi Portuqaliyanın ikinci liqsında deyil, “Qarabağ”da Qurban Qurbanovun rəhbərliyi altında püxtələşib “Benfikalara” meydan oxumaq səviyyəsinə qalxıblar.
Həmin futbolçular bütün oyun boyu Portuqaliya nəhəngi ilə başabaş oynamağı, hətta bəzən onları üstələməyi də bacardılar. “Qarabağ” “Estadio da Luj”da 53 min tamaşaçı qarşısında “Benfika”nı yıxdı, Avropa nəhənginə futbol dərsi keçdi.
“Benfika” Çempionlar Liqsının Liqa mərhələsinə pley-off mərhələsində “Fənərbağça”nı məğlub etməklə yüksəlib. İki oyunun nəticəsində “Fənərbağça” portuqaliyalıların qapısına açar tapa bilməyib. Həmin oyunlarda “Fənərbağça”nın portuqaliyalı baş məşqçisi olan Mourinyo məğlubiyyətin səbəbini belə izah etmişdi:
“Uğursuzluğumuzun təməlini İstanbulda qoyduq. Öz meydançamızda qol vura bilmədik. “Benfika”ya evində qol vurmaq isə çox çətindir”.
“Qarabağ” Mourinyonun mülahizəsini alt-üst edərək “Benfika”ya evində 3 qol vurdu.
Bir qədər də “Qarabağ”a olan tənqidlər barədə.
Ötən il Avropa Liqasının Liqa mərhələsindəki çıxışından sonra “Qarabağ”ın ünvanına tənqidlər yağdırılmağa başlandı. Guya ağdamlıların 36 komanda arasında 36-cı yeri tutması uğursuzluq imiş. Əlbəttə, “Qarabağ” bir qədər yüksək yerdə məskunlaşa bilərdi. Amma unutmamaq lazımdır ki, Azərbaycan çempionatının qalibinin Avropa Liqasının Liqa mərhələsinə çıxması özü böyük uğurdur. Orada göstərilən nəticələr tənqid üçün əsas olmalıdır. Ölkə çempionu olan, kubokun finalına yüksələn komandanı uğursuz saymaq olarmı?
ÇL-in hazırkı Liqa mərhələsində, təbii ki, məğlubiyyətlər olacaq. Həmin məğlubiyyətlərə görə “Qarabağ” tənqid olunacaqsa, bu ən azı insafsızlıq olacaq. Axı, “Qarabağ” Azərbaycan çempionunun boyundan yüksəkdə olan bir mərhələdə oynayır, “qurdlar süfrəsinin” qapısını təpiklə açıb, 300-500 milyon avroluq büdcəyə sahib komandaların qarşısına çıxıb. Bunu necə gözardı eləmək olar?
Hələ də hücumçu transfer etməməsini, edə bilməməsini “Qarabağ”a irad tutanlar var. Müasir futbolda amplua anlayışı nisbi xaraker daşıyır. İndi qolları təkcə hücumçular vurmur, oyunun nəbzini tutan istənilən oyunçu vurur. “Qarabağ” bu il ÇL-də keçirdiyi 7 oyunda 18 qol vurub. Hər oyuna 2.57 qol düşür. Hücumçusu olmayan komanda bu qədər qolu necə vurub? “Qarabağ” bu il rəqib meydançada keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. “Qarabağ” rəhbərliyi, Qurban Qurbanov elə bir komanda qurub ki, orada müdafiəçi lazım olan anda lazım olan mövqeyə çıxıb qol vurur. Bizə nə lazımdır? Ampluası hücumçu olan futbolçu, yoxsa ampluasından asılı olmayaraq lazımı anda qol vuran oyunçu?
“Benfika” üzərindəki möhtəşəm qələbə, əlbəttə, bizi bir qədər də eyforiyaya salıb. Avropa, əsasən də Türkiyə mətbuatı bu qələbəni Azərbaycan futbolunun inkişafı kimi təqdim edir. Sağ olsunlar, qoy belə də görsünlər. Amma bu qələblər bizim başımızın altına “nazbalış” qoymamalıdır. Qəbul etmək lazımdır ki, bu, Azərbaycan futbolunun inkişafı demək deyil. Bu, Azərbaycanın adına yazılan və yazılmalı olan “Qarabağ” ailəsinin qazandığı möhtəşəm uğurdur. Bu uğurda “Qarabağ”ın ortağı yoxdur.
Azərbaycan futbolunun inkişaf göstəricisi isə Azərbaycan milli komandasının nəticələridir. AFFA yalnız milli komandanın uğurlu nəticələri ilə qürurlanmalıdır, “Qarabağ”ın uğurlarının kölgəsində qalmamalıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top