ÜRFAN MƏMMƏDLİ

Qazaxıstan və qazaxlar

Qazaxıstan və qazaxlar

ÜRFAN MƏMMƏDLİ
SSRİ-nin dağılması ərəfəsində Qazaxıstan, demək olar ki, ruslaşmış bir ölkə idi. Qazaxca danışan qazaxların sayı sürətlə sıfıra yaxınlaşırdı.

Və birdən üç slavyan respublikasının liderləri MDB-nin yaradılması (oxu: SSRİ-nin bir dövlət kimi mövcudluğunu dayandırması) barədə anlaşma imzalıyır və onlara ilk qoşulan məhz Nursultan Nazarbayevin Qazaxıstanı olur.

Nazarbayevi həm demokratik, həm də diktator siyasətçi kimi səciyyələndirmək mümkündür.

Biz uzaqdan nələri müşahidə edirdik:

- Balanslaşdırılmış siyasətlə, Rusiyanın quyruğunu tapdalamadan Qazaxıstanı inkişaf etdirmək yolunu seçdi.
- Xarici neft şirkətləri ilə müqavilələr bağladı.
- Unudulmuş Astana şəhərini canlandırdı.
- Dünyaya dağılmış qazaxların vətənə qayıtması üçün  tədbirlər gördü.
- Qazaxıstanın türk dövləti olduğunu açıq-açıq dedi.
- Türk dövlətlərinin yaxınlaşmasına töhfə verdi.
- Deyilənə görə, neft gəlirlərindən, az da olsa, vətəndaşların rifahı üçün xərclədi. (Babalı deyənlərin boynuna).

Bütün bunlar siyasətçiyə demokrat imici verən elementlərdir.

- Özünü Elbaşı elan eləmək.
- Hakmiyyətdə ikən özünə heykəl qoymaq.
- Astananı Nursultana çevirmək.
- Qohum-əqrəbasını yağlı vəzifələrə yerləşdirmək.
- Ölkənin sərvətini özününküləşdirmək.
- Xarici ölkələrdə qiyməti milyon dollarla ölçülən mülklər almaq...

Bəs bunlar hansı keyfiyyətin göstəricisidir?
Beləcə, Nazarbayev ziddiyətli bir yolla getdi. Bu cür yolla gedən siyasətçi mütləq arxasını xalqa söykəməli idi. O isə qazax xalqının gücünə ehtiyac duymadı. Bəlkə də, Nazarbayev topladığı sərvətdən pay ayırmaqla xarici əleyhdarlarını ömürlük dosta çevirəcəyini düşünürdü. Amma bir şeyi hesaba almadı: Pyotrdan Putinə qədər Rusiya rəhbərlərinin dəyişməz siyasəti var – gücün dili ilə danışmaq, hökm etmək.

İndi gəlin Qasım-Comərd Tokayevin keyfiyyət göstəricilərinə baxaq.

Təəssüf ki, onun keyfiyyətlərini göstərən heç nə saya bilmirik. Görünən yeganə göstərici odur ki, o diktə ilə işləyir: ya Nazarbayevin, ya da Moskvadakı ağalarının. Kim güclüdürsə onun tərəfindədir, onun diqtəsini qəbul edir.

Nazarbayev müstəqil addım atmağa meyilli ziddiyətli siyasətçi idi, Tokayev isə ağaya sədaqətlidir.

Nazarbayev Moskva üçün Rusiyanı incitmək istəməyən türkcüdür, Tokayev isə sözəbaxan uşaqdır.

Qazaxıstanda etirazları kimin təşkil etdiyini bilmirəm. Bu, Moskva da ola bilər, daxildə səbrləri daşıran problemlər də. Bütün hallarda Rusiya Qazaxıstanda sosial partlayışın baş verəcəyi anı həmişə gözləyib və buna hazır olub.

Budur, həmin an gəlib çatır. Xalq ayağa qalxıb hökumətə “çıx get” deyir. Tokayev kiminsə diqtəsi ilə geriyə kiçik addım atmaqla problemlərin indi deyil, Nazarbayevin vaxtında yarandığına işarə edir, bununla da xalqı Nazarbayevə tərəf yönləndirir. Problemlərdən boğaza yığılan xalq kütlələri isə tələblərini daha da dərinləşdirir: “Nazarbayev də, sən də, çıx get”. 

Belə olan halda Tokayev polisdən və ya qanunu bir az da tapdayıb ordudan istifadə edə bilərdi. Tokayev isə qazax ordusuna etibar eləmir. Çünki, həmin ordu ziddiyyətli siyasətçinin - Nazarbayevin qurduğu ordudur, o xalqın tərəfinə keçə bilər.

Rusiya bu fürsəti əldən verərmi? Ziddiyətli siyasətçidən xilas olmaq üçün ən gözəl fürsət. KTMT “sülhməramlıları”. Çox güman ki, Tokayevin qarşısına qoyulan şərtlər ona seçim yeri qoymayıb və o, etirazları KTMT “sülhməramlıları” ilə yatırmaq məcburiyyətində qalıb. (Əslində KTMT hökumətlərin deyil, dövlətlərin təhlükəsizliyini təmin edən qurumdur. Qazaxıstanda isə təhlükə dövlətə qarşı deyil, hökumətə qarşı yaranmışdı. Bu başqa mövzudur).

SSRİ-nin dağılma ərəfəsində demək olar ki, ruslaşmış Qazaxıstan, insafla desək,  Nazarbayevin dönəmində özünə dönməyə - türkləşməyə başlamışdı. Bu isə Rusiyanı narahat etməyə bilməzdi.

İndi bəzi siyasi müşahidəçilər bildirirlər ki, KTMT tərkibindəki məhdud saylı erməni, tacik, belarus hərbçiləri tezliklə öz ölkələrinə qayıdacaq, ruslar isə Qazaxıstanda uzun müddət qalacaqlar. Mən isə bir qədər fərqli düşünürəm: Rusiya da qısa müddətdə öz hərbçilərini geri çağıra bilər. Ancaq nəzərdə tutulan vəzifə - hakimiyyəti türkçülərdən təmizlədikdən sonra. Artıq bu proses başlayıb və qısa müddətə başa çatacaq.
Nəticə
Qazaxıstan Rusiya üçün ikinci Əfqanıstan ola bilər. Bundan qaçmaq üçün yol var. Hərbçilərini ölkədən çıxarmaq və ölkəni kənardan vassal kimi idarə etmək. Bütün hallarda Qazaxıstan hökuməti tamamilə Rusiyanın nəzarətinə keçəcək.
Bəs qazax xalqı?
Günün sözü
Deyirlər siqaret və alkoqollu içkilər xeyli bahalanıb.
- Mənə nə?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top