ƏLİ ÇƏRKƏZOĞLU

Ölümün bayramın olsun! 

Ölümün bayramın olsun! 

ƏLİ ÇƏRKƏZOĞLU
İnsan da meyvə kimidir. Yetişmiş meyvə budağından qopub yerə düşmək üçün bir bəhanə, xəfif bir meh gözləyər. Vaxtı keçsə də, yetişməmiş, kal qalmış meyvə isə budağından bərk yapışar, qopmaq istəməz, qopardığın yerdən də suyu axar. Yetişənlər budağından sevinə-sevinə ayrılar, kal olanlar isə qopmaq qorxusu ilə ah-fəğan qopararlar. Dünya ağac, insan meyvə kimidir. İnsanın bu dünya həyatında yetişib budağından sevə-sevə ayrılması imanla mümkündür. Olduğu yerin də, gedəcəyi yerin də bir tək Malikin mülkü olduğuna inanmaqdır iman. İman - güvənməkdir, Allaha güvənmək. Bir alim yazır ki, ana bətnindəki uşağa oradan dünya adlı başqa bir aləmə çıxacağı söylənsə, o heç vaxt razı olmaz, dünyadan axirət həyatına keçıd də onun kimidir. Sadəcə bir fərq var ki, dünya əkin, axirət biçin yeridir, gül əkən gül, tikan əkən tikan toplayacaq.
Yazıya niyə bu cür girişlə başladıq, bilirsinizmi? – Çünki bütün yazdıqlarında bizə bu həqiqəti aşılayan, bəşər tarixinin ən işıqlı simalarından Mövlana Cəlaləddin Ruminin ad günü, yad günü, vüsal bayramı, toy günü, dünyadan axirət yolçuluğuna üz tutduğu, sözün qısası, ölüm günüdür bu gecə. Dilimizdə, düşüncələrimizdə o qədər xətalarımız var ki... Əslində, dilin xətası düşüncədən gəlir, xətalı düşündüyümüz üçün xətalı sözlər danışırıq. Toya xeyir, ölümə şər deyirik. Ölüm Allah-Taalanın əmri olduğu halda insanın ona şər deməyə nə haqqı var?! Allah əmrinə də şər deyilərmi?!
Təkcə Mövlana deyil ki, könlünü Allaha bağlamış hər könül əri üçün ölüm ən gözəl səfər, həyat imtahanının ən şirin meyvəsidir. Mövlana həm “Divani-Kəbir”də (Böyük divan), həm də “Məsnəviye-Şərif”də bizə bu həqiqəti anladır, həm də bir dəfə yox, yüz dəfə yox, dönə-dönə, təkrar-təkrar anladır. Sizə şirin bir hekayə danışır, siz də o hekayənin cazibəsinə dalıb diqqətlə dinləyirsiniz. Hekayənin sonunda görürsünüz ki, gəlib bir Allah kəlamının, ya Peyğəmbər hədisinin ayağına yetişmisiniz. Mövlananın bütün söhbətləri, hekayələri, yolları sizi Allah kəlamına götürür. Bu könül ərbabı dünya həyatını o yola xidmətə həsr etdiyi üçün də Mərhəməti Sonsuz olan onun yazdıqlarına elə bir bərəkət verib ki, qiyamətə qədər tükənməz. Nizami Gəncəvi də, Sədi Şirazi də, Əbdürrəhman Cami də, Məhəmməd Füzuli də, Yunus Əmrə də, Məhmət Akif də..., hamısı fikir, əqidə qardaşlarıdır, hamısı bizə eyni həqiqəti təbliğ və təlqin edir, sadəcə poetik üslub, bədii ifadə fərqləri var. Hamısının “can” dediyi özüdür, “canan”dediyi Allahdır, “əğyar” dediyi canla canan arasında əngəl olmağa çalışan, Allaha gedən yolda insanı yubadan, əyləyən, çaşdıran, azdıran dünya cazibəsidir. Klassik ədəbiyyatda “əğyar”ın bir başqa adı da var: Masiva, yəni dünya sevgisi, insanı Allahdan uzaqlaşdıran, ona axirəti unutduran yalanlar. Canın canan sevgisi əbədiyyət, ölməzlik iksiridir, buna dirilik suyu da deyilir, çünki dünya həyatında kim kimi sevərsə, axirət həyatında da onunla olacaq. Canan sevgisi əbədi səadətdir, əğyar sevgisi isə ən yaxşı halda dünya həyatının sonuna qədər olur, sonu da hüsran, ah-nalə, bitib-tükənməyən peşmanlıq.
Sevgi dedinmi, çoxumuzun ağlına bir xanım, rütbə, məqam, sərvət, şöhrət gələr. Həqiqi sevgi bəndənin Xaliqə bağlanmasıdır. Yerdə qalan bütün sevgilər mücərrəd sevgidir, qısır sevgidir, itirmək qorxusu ilə titrəyən qorxudur. İtirmək qorxusu olan həqiqi sevgi ola bilməz, həqiqi sevginin itirmək qorxusu olmaz.
Bu söylədiklərimizi də Mövlanadan almışıq.
Bu gecə şəbi-ərusdur, toy gecəsi, Mövlana Cəlaləddin Ruminin öldüyü gecədir bu gecə. Konyada şölən var, Mövlana sevənlərin diqqəti bu tədbirlərə yönələcək. Hər biri bir planeti təmsil edən səmazənlər (səma rəqsi icraçıları) öz oxu ətrafında fırlanan planetlər kimi dövr edəcək, bir əlini göyə, bir əlini yerə tərəf tutacaqlar. Göyə açılan əl Haqdan almaq, yerə yönələn əl xalqa vermək, yəni Haqdan aldığını xalqa vermək anlamındadır. Mövlananın da bütün yazdıqları Haqdan aldığını xalqa verməkdir.
 Hər ilin dekabr ayının 17-sini Mövlana adına bağlayıblar könül ərbabları, söz anlayanlar. İnsanın könlü Allahla olanda ölümü qovuşmaq olur. Ölüm - sevgilinin sevdiyinə doğru qanad açıb pərvazlanmasıdır, əlbəttə Mövlana kimi gözləri üfüqlərin ötəsinə dikilmiş aşiqlər üçün. Ölüm günahkarlar və cahillər üçün qorxudur, ariflər və aşiqlər ölümü sevgiliyə qovuşmaq biliblər.
Bu gecə bir ölümü bayram edirik. Elə yeri gəlmişkən bir sirri açımmı sizə? – Bir söz var, düşüncəni iflic edir, doğru yoldan sapdırır. Adına “xoşbəxtlik” deyirlər o zəhərli sözün. Lüğətlərdə bu sözün ərəbcə qarşılığına “səadət” deyirlər. Amma işin mahiyyətinə varanda bu iki məfhumun daban-dabana zidd anlayışlar olduğu üzə çıxır. Xoşu, ya naxoşu bəxtə bağlayan düşüncə şikəstdir, qısırdır, İslam anlayışına düşməndir. Bəxt deyilən bir şey olsa-olsa Allahın təqdir elədiyi imtahandır, nəticə deyil. Səadətsə Allah-Taalanın razılığını qazanmış olmaqdır. Ən böyük səadət dünyanın sonunda ölüm qapısının ağzında aşiqin gördüyü ilk münasibətlə anlaşılır və davam edir.
Bu gecə sənin gecəndir, bu şölən sənin düyünündür. Aşiqin məşuqa qovuşduğu, şəkərin suda əriyib gözəgörünməz olduğu kimi, sənin də Allah sevgisində əriyib yox olduğun, nəfsini heçlik məqamına ucaldıb Haqq hüzurunda dəyər bulduğun gündür, böyük ustad, ölümün mübarək!
İndi də gələk özümüzə, səndən, məndən, yanında oturmuş o yaraşıqlı oğlandan danışaq. Yox, heç danışmayaq, düşünmək kifayətdir. Könlümüzə boylanaq və hansı sevginin könlümüzə sahib olduğuna diqqət edək. Hər şey onunla aydın olacaq.
Son nəfəslə kiminin bayramı, kiminin hüsranı başlar. Allah-Taala səni də, onu da, məni də sonunda bayrama qovuşanlardan qərar versin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top