ÜRFAN MƏMMƏDLİ

BNA-nın "vətənpərvərliyi"

BNA-nın "vətənpərvərliyi"

ÜRFAN MƏMMƏDLİ
Bakı Nəqliyyat Agentliy (BNA) 6 il əvvəl – 2015-ci ildə yaradılıb. Qurumun yaradılmasında məqsəd nəqliyyat sahəsində islahatları dərinləşdirmək olub. Onun əsas vəzifəsi isə paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bu vəzifəni yerinə yetirmək üçün BNA bir neçə istiqamətdə fəaliyyət göstərməlidir. 
Göstərir demirəm haa, göstərməlidir deyirəm.
Həmin istiqamətlərdən biri də nəqliyyatın intellektual idarə edilməsidir. 
Hələ BNA doğulmazdan əvvəl dövlət Bakıda nəqliyyatın intellektual idarə edilməsini təmin edən mexanizim qurub. Bunun üçün Cənubi Koreyadan mütəxəssislər dəvət edilib, milyonlar xərclənib. 
Hazırda mexanizm təyinatı üzrə istifadə olunmur. Bunu nəzərə alanda ortaya sual çıxır. Bu mexanizmi tətbiq etmək üçün milyonlarla dollar xərcləməyə dəyərdimi? 
Zənnimcə, dəyərdi. Azərbaycan müstəqillik qazanandan sonra paytaxtda nəqliyyatın sayı və hərəkət intensivliyinin dəfələrlə artması bunu zəruri edirdi.  
İlk vaxtlar bu sistem rəvan işləməyə başladı. Şəhərdə yaranmış tıxaclar barədə küçələrdə qoyulmuş tablolar məlumat verirdi. Sürücü bu tabloların göstərişi əsasında hərəkət istiqamətini müəyyənləşdirib mənzil başına mümkün qədər ləngimədən çata bilirdi.
2018-ci ildən tabloların işləməsində problemlər yarandı. Məsələn, şəhərin ən intensiv hərəkət sahələrindən olan Ziya Bunyadov prospektindəki 4 tablonun hamısı birdən dayandı. Düz iki il - 2020-ci ilin iyun ayına qədər həmin tablolar “mürgülədi”. Daha sonra tabloların bəziləri yolgöstəriciliyini, fasilələlərlə olsa da, bərpa etdi. 
Və nəhayət, 27 sentyabr 2020-ci il. Azərbaycan ordusu Qarabağda uğurlu əks-hücüm əməliyyatlarına start verdi. Kəndlərimiz sürətlə azad olunmağa başladı.  Ölkədə hamı Ali Baş Komandanın tvitlərini səbirsizliklə gözləyirdi.
Elə bu vaxt BNA-nın “vətənpərvərlik” damarı tutdu. İntellektual idarəetmə tabloları yol göstərmək əvəzinə, Prezidentin tvitlərini yaymağı lazım bildi. Qeyd edim ki, hətta ən aşağı sürətlə getsən belə, hərflər çox kiçik olduğundan həmin tvitləri oxumaq mümkün deyildi. Oxumaq üçün mütləq maşını saxlamaq lazım idi. Maşını saxlmaq isə tıxaca səbəb olurdu. İndi siz deyin, BNA tıxac yaratmaq üçündür, yoxsa tıxacları ləğv etmək üçün?
Hazırda nəqliyyatın intellektual idarəetmə tablolarında (təbii ki, fəaliyyət göstərənlərdə) yolgöstəricilik istiqamətində heç bir məlumat verilmir. Əvəzində “vətənpərvər” şüarlar yazılmaqda davam edir: “Qarabağ Azərbaycandır!”, “Biz birlikdə güclüyük” və s.
Bu günlərdə tablolarda yeni bir “vətənpərvər” məlumat yayılır: “Fəxr edirik”. 
BNA- nın kiminlə və ya nə ilə fəxr etdiyini bilmək üçün tablodakı kiçik hərflərlə yazılmış hissəni də oxumaq lazımdır. Bunun üçün isə maşını saxlamalısan, başqa sözlə, tıxaca səbəb olmalısan. BNA-dan fərqli olaraq, biz sürücülər tıxacın yaranmasını heç istəmirik.
Hələlik BNA-nın fəxr hədəfi barədə sürücü həmkarlarımdan da məlumat ala bilməmişəm. Əslində, BNA-nın kiminlə fəxr etməsinin bizim üçün fərqi yoxdur. Əsas odur ki, biz BNA ilə fəxr etmirik!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top