NAZİM MUSTAFAYEV

Həzrət Osmanın sözləri və Gövhər Ağa məscidinin təmiri məsələsi

Həzrət Osmanın sözləri və Gövhər Ağa məscidinin təmiri məsələsi

NAZİM MUSTAFAYEV

Müsəlmanlar yanlarında silah daşımadan Kəbəni ziyarət etmək (ümrə etmək) məqsədilə Mədinədən yola çıxmışdılar. Yanlarında kəsəcəkləri qurbanlıq heyvanların olması və silahsız bir şəkildə yola çıxmaları niyyətin ümrə ziyarəti olduğunu göstərirdi. Məkkə yaxınlığındakı Hudeybiyyə adlanan yerə gəlib çatanda Məkkə müşrikləri müsəlmanların yolunu kəsmiş və Kəbəni ziyarət etmək üçün icazə verməmişdilər. Yaşanan bu hadisələrin nəticəsi olaraq Hudeybiyyə sülh müqaviləsi imzalanacaqdı. Ancaq hələ yaşanacaq bəzi hadisələr də vardı. Həll yolları axtarılırdı...
Həzrət Peyğəmbərimiz (s. ə. s) Məkkə müşrikləri ilə dil tapmaq üçün Həzrət Osmanı (r.a) Məkkəyə göndərmişdi. Burada səhabələrdən Həzrət Osmanın (r.a) seçilməsinin də səbəbləri var idi. Onun hələ müsəlman olmayan qohum-əqrabası (Ümeyyə oğulları) Məkkədə yaşayırdılar. Həzrət Osman (r.a) nüfuzlu bir ailənin mənsubu və zəngin bir şəxs idi. Buna görə də Məkkədə onu digər səhabələrlə müqayisədə ciddi bir təhlükə gözləmirdi. Lakin məkkəlilər müsəlmanlara Kəbəni ziyarət üçün həmin il icazə vermək istəmirdilər.
Məkkə müşrikləri hazır gəlmişkən Həzrət Osmana (r.a) əgər istəyirsə Kəbəni tavaf edə biləcəyini söylədilər. Ancaq o: “Allah Rəsulu (s.ə.s) tavaf etmədən mən Kəbəni tavaf etmərəm” cavabını vermişdi. Həzrət Osman (r.a) çox arzusunda olsa da, Kəbə evini tavaf etməmişdi. Səbəbi əslində açıq idi. Müsəlmanlar bu şəhərə daxil olmadan, Kəbəni ziyarət etmədən tək başına bu ibadəti yerinə yetirmək həm bir elçi sifətilə və diplomatik mənada, həm bir müsəlman olaraq, həm də əxlaqi və etik cəhətdən doğru deyildi. Çünki əsas olan burada birlik və bərabərliyi nümayiş elətdirmək idi. Hazır gəlmişkən tək başına Kəbəni tavaf etmək buraya bir elçi olaraq göndərilmə səbəbinə də zidd əməl idi.
Həzrət Osman (r.a) burada mərd və dürüstcə hərəkət etmiş, haqqın öz yerini tapması üçün xırda arzu və həvəslərə meyl etməmişdi. Məkkədən 40-50 km uzaqlıqda Hudeybiyyədə gözləyən minlərcə müsəlmanın haqqının tapdandığı yerdə özünə kiçik bir pay çıxarmamış, daha ümumi və daha böyük problemin həlli üçün çalışmışdı. Uzun get-gəllərdən sonra həll yolu tapılacaq və tarixə Hudeybiyyə müqaviləsi olaraq keçən sülh müqaviləsi imzalanacaqdı.
İslam tarixində özünəməxsus yeri olan bu hadisəni hər dəfə bir səbəbə görə xatırlayırdım... Elə bugünlərdə də bu hadisəni yenidən xatırladım... Hər dəfə misal üçün Polad Bülbüloğlu ya da başqaları rəsmi ya da bu və ya digər kanallarla Azərbaycanın mərdlik, izzət və ləyaqət damarının tapdandığı işğal altındakı torpaqlara gedəndə, Şuşada, Cıdır düzündə şəkillər çəkib paylaşanda öz-özümə deyirdim ki, kaş Həzrət Osmanın (r.a) hərəkəti kimi hərəkət edərdilər... Axı həssas məsələ və həssas məqam idi. Gəlin bir anlıq düşünək ki, o gün Həzrət Osman (c.c) geri gələrək belə demiş olsun: “Mən getdim görüşdüm, məsələni həll etməyə çalışdım. Fürsətdən istifadə edib Kəbəni də ziyarət elədim. Siz də bir yol tapın gedin Kəbəni ziyarət edin”. Bu nə qədər məntiqli və ciddi səslənə bilərdi?!
Həzrət Osman (r.a) məsələsində söhbət sadəcə bir dəfəyə məxsus Kəbəni ziyarət etməkdən, bəlkə də bir neçə vaxt namazın orada qılınmasından gedirdi. Ancaq o bundan imtina etmişdi. Əslində o deyirdi ki, bu şəhərin əsl sahibləri bura gəlmədən mənim Kəbə evində namaz qılmam, burada ibadət etməm doğru deyil.
Bəs, görəsən Şuşa şəhərinin əsl sahibləri oraya gəlmədən, nəinki bir vaxt namaz qılmaq hətta orada hansısa məscidi İranın rəsmi və ya qeyri rəsmi şirkətləri tərəfindən 2019-cu ildə təmiri, sonra da bir mərasimlə açılışının edilməsi hansı etik, mərdlik, diplomatik qayda qanunlara sığa bilərdi... Söhbət məhz Azərbaycandan icazəsiz iş görüb şəhərin əsl sahibləri hələ ora gəlmədən Şuşadakı Gövhər Ağa məscidinin təmir edilməsindən gedir...
Bununla yanaşı son günlərdə Allahşükür Paşazadənin səsləndirdiyi, "Ayətullah Xameneinin "Qarabağ torpağı İslam torpağıdır" deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” - sözləri də cəmiyyətdə birmənalı qarşılanmadı, hətta hiddətə səbəb oldu. Ancaq onu da heç vaxt unutmamalıyıq ki, 44 günlük Vətən Müharibəsində bizi qələbəyə aparan səbəb kənardan kiminsə “fətva”sı deyil, indi torpağın altında ya da torpağın üstündə olan minlərlə mərd vətən övladının qəhrəmanlığı və təbii ki Uca Yaradanın (c.c) inayəti və yardımı olmuşdur. Ayrıca zəfərdən, nailiyyətdən pay qapmaq istəyənin çox olacağını unutmamaqda da fayda var.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top